BolgeXeber.Com » Sosial » Borcluların hüquqları niyə qorunmur?

Borcluların hüquqları niyə qorunmur?

19-02-2016, 09:14
Oxunub: 3 353 Borcluların hüquqları niyə qorunmur?Rusiyada kredit götürənlərin hüquqlarını qoruyan qanun hazırlanır; ekspertlər bunun Azərbaycan üçün də vacib olduğunu bildirirlər

Rusiyada kredit götürənlərin, borcluların hüquqlarını qoruyacaq qanun layihəsi hazırlanır. Bildirilir ki, Dövlət Dumasının sədri Sergey Narışkinin və Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərliyi ilə hazırlanan layihə banklara və kredit təşkilatlarına borclu olan vətəndaşların hüquqlarının qorunması istiqamətindədir.

Burada borclularla bağlı məsələ kiçik detallara qədər müzakirə edilir. Məsələn, borcluya gün ərzində bir dəfədən artıq zəng etmək olmaz, onun işlədiyi təşkilata kredit borcu olması ilə bağlı heç bir halda xəbərdarlıq, arayış göndərilə bilməz. Hansısa əmlakının itirilməsi ilə bağlı təhdid edilə bilməz və sair.

Azərbaycanda isə bütün bu hərəkətlər daha sərt halda borclulara qarşı edilir. Banklar xeyli müddətdir ki, problemli kredit şöbələrini yaradaraq orada borcları geri tələb etmək üçün işçilər götürürlər. Həmin işçilər isə əksər hallarda borclu vətəndaşa günlərlə hədə-qorxu gələrək kreditin qaytarılmasını təhdidedici şəkildə tələb edirlər. Son vaxtlar ölkədə kredit borcuna görə intiharlar və özünü yandırma kimi faktlar da var.

Ekspertlər Azərbaycanda da bu qanunun qəbulunu vacib sayırlar. Maraqlıdır ki, indiyədək bizdə belə bir qanun layihəsi hazırlanmayıb.

Ekspert Samir Əliyevin sözlərinə görə, bu, əslində çox aktual bir məsələdir: “İndi aktuallığı xüsusilə artır. Birincisi, Azərbaycanda bank qanunvericiliyi daha çox banklaırn hüquqlarını müdafiə edir. Faktiki olaraq müştərilərin hüquqları qorunmur. Buraya təkcə krediti yox, əmanəti də daxil edirəm. Eyni zamanda, ümumiyyətlə, bank, maliyyə xidmətlərindən istifadə edən vətəndaşların hüquqlarını qoruyan bir qanun yoxdur.

”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanun ümumi qanundur. Sırf bank müştəriləri üçün qanunun olması vacibdir. Kredit götürən vətəndaşın hüquqlarını qorumaq üçün ayrı bir qanun olmalıdır. Bu qanun Amerikada da var, Avropa ölkələrində də var. Azərbaycanda belə bir qanunun qəbuluna ehtiyac var. “İstehlak kreditləri haqqında” Qanun adlanır. Kredit müqavilələri ilə bağlı problemlər var, müqavilələr banklar tərəfindən tərtib edilir və onu başa düşmək olmur. Standart bir müqavilə forması olur. Halbuki müqavilə hər bir müştəriyə görə fərdi olaraq tərtib edilməlidir. Borc məsələsində problem yaranır, borc yarandıqda, onun alınması necə aparılacaq? Bizdə həm iş yeri vasitəsilə təsir edirlər, zaminə zəng vururlar, incidirlər. Telefon zəngləri vasitəsilə narahat edirlər. Məsələn, kollektor şirkətlər var. Vətəndaşın hüquqlarının qorunması baxımından bu qanun qəbul olunmalıdır. Həmçinin bizdə də maliyyə ombudsmanı olmalıdır.

Tutaq ki, kredit alan vətəndaşın hüququ pozulur. Yaxud əmanətlərlə bağlı problem var. Hara müraciət etməlidir? Banka müraciət edir və bank maraqlı tərəfdir. Bu gün faktiki olaraq vətəndaşın müraciət edəcəyi qurum yoxdur. Maliyyə ombudsmanı yaradılmalıdır. Əsas funksiyası məhkəmələrə qədər yaranmış problemləri həll etməkdir. Maliyyə ombudsmanı pulsuz hüquqi xidmət göstərir. Banklarla vətəndaş arasındakı hər hansı bir çətinlik olan zaman çalışır ki, məsələ gedib məhkəməyə çıxmasın. Bu quruma çox böyük ehtiyac var".

Ekspert Əkrəm Həsənov isə musavat.com-a bildirib ki, Rusiyada müzakirə olunan qanun layihəsi kollektor təşkilatlarına qarşıdır: “Kollektorlar xüsusi təşkilatlardır, hansı ki, borclulardan borcun tələb edilməsi, qaytarılması ilə məşğuldur. Rusiyada da bunlar faktiki artıq banditlərdir. Yəni vətəndaşı qorxudurlar, döyürlər, hədə-qorxu gəlirlər, zəng edirlər, müxtəlif yollarla vətəndaşlardan borcun qaytarılması tələb edilir. Bu yaxınlarda orada xoşagəlməz hadisə olmuşdu. Buna görə sərt qanun layihəsi var. Rusiyada artıq bu qanun qəbul ediləndən sonra bu fəaliyyət lisenziyalaşdırılan fəaliyyətə çevriləcək. Qanunla nəzərdə tutulan tələblər qoyulacaq ki, hər kəs bu fəaliyyətlə məşğul ola bilməsin. Məşğul olanda da dövlət nəzarəti olsun. Ümumən müsbət haldır. Azərbaycanda da kollektor şirkətlər var. Amma Rusiyadakı kimi banditlik etmirlər, amma bütün kollektorlar zəng edirlər, qorxudurlar. Belə hallar bizdə var, amma Rusiyadakı o həddə deyil. Bizdə qanunvericilik yoxdur. Yaxşı olardı ki, Rusiyanın bu təcrübəsi bizim üçün də nümunə olsun. Bizdə də get-gedə münasibətlər sərtləşəcək, bankların, kollektorların borcları tələb etməsi sərtləşəcək. Ona görə onların fəaliyyətini məhdudlaşdırmağa ehtiyac var”.

Röya RƏFİYEVA