BolgeXeber.Com » Sosial » Bakıda ağac soyqrımı-Foto

Bakıda ağac soyqrımı-Foto

15-05-2012, 10:30
Oxunub: 4 992



Bakının Xətai rayonunda ağaclar kütləvi surətdə kəsilir.

Bu barədə Milli.Az-a Aqşin adlı oxucu məktubla müraciət edərək bildirib. Məktubda deyilir ki, "Səma" kafesinin ərazisində, Qaçaq Nəbi və Məzahir Rüstəmov küçələrinin arasında yerləşən sahədə gecə vaxtı ağaclar kəsilir: “Həmin kafe çoxmərtəbəli binaların arasında, “Zəkalar” liseyinin yanında yerləşən parkın bir hissəsidir. Son günlər həmin kafe ərazisində çox sayda ağaclar kəsilib və gecə ikən ərazidən aparılıb. Ərazidə işlər yalnız gecədən sonra aparılır. Agaclar kəsilir, onların kəsilməsini gizlətmək üçün kəsilmiş ağacın kötüyü torpaqla, daşla və sement məhlulu ilə basdırılır.

Deyilənlərə görə, kafenin yerində çoxmərtəbəli binanın inşa edilməsi planlaşdırılır. Kafenin perimetrində geoloji quyuların qazılması bunu təsdiq edən amillərdən biridir. Xahiş edirəm, məsələyə müdaxilə edəsiniz. Ağacların məhv edilməsinə imkan verməyəsiniz. Sakinlərin narazılığına səbəb ola biləcək binanın parkın içərisində inşa edilməsinə öz münasibətinizi bildirəsiniz”, - deyə oxucu əlavə edib.

Oxucu məktuba ağacların kəsilməsini göstərən fotolar da təqdim edib. Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Kamran İsmayılov Milli.Az-a açıqlamasında bildirdi ki, ağac kəsilməsi ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. Şöbə müdiri qeyd etdi ki, göstərilən ünvandakı park yararsız haldadır. Hazırda həmin parkın yenidən qurulması üçün layihə hazırlanır. Bir müddətdən sonra ərazidə təmir işləri aparılacaq. K.İsmayılovun sözlərinə görə, ərazidə heç bir bina tikintisindən söhbət gedə bilməz.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekspertiza İdarəsinin rəisi Azər Aslanov Milli.Az-a bildirdi ki, əgər Xətai rayonu ərazisində ağac kəsilməsi halı baş verirsə, bu mütləq qanunsuz işdir. Çünki rəhbərliyin əmri ilə hazırda Bakı ərazisində heç bir ağacın kəsilməsi, budanması və köçürülməsinə icazə yoxdur. Yalnız ən təhlükəli ağacların budanmasına icazə verilə bilər.

İdarə rəisi qısa zamanda şikayət daxil olmuş ərazidə araşdırma aparılacağını, ağacların hansı səbəbdən və kim tərəfindən kəsilməsinə aydınlıq gətiriləcəyini vurğuladı.