Biləcəridə sökhasök başlayıb
31-08-2012, 12:00
Oxunub: 6 563

“Bir az keçsə, deyəcəklər, Biləcəridə kosmik obyekt tikirlər”
Biləcəridə mağazalar sökülür, əhali şayiələrdən bezir, icra hakimiyyəti “problem yoxdur” deyir
“Mənin fikrimi bilmək istəyirsinizsə, alqışlayıram. Qoy söksünlər buraları. Yoxsa ki, bu mağazaların burda olmasının onsuz da heç kimə xeyri yox idi. Düz-əməlli mal da satmırdılar. Əvəzində isə yollar daralmışdı, hərəkət imkanı da sıfır dərəcəsində. Bu hökumətdən nəhayət ki, xeyirli bir addım gördük”.
Biləcəridən o tərəfə... keçməmiş, yəni camaatın adına “bu tay”, “ploşad” dediyi Biləcəri meydanında toz-dumandan göz-gözü görmür.
Avtobusla meydana çatmağa az qalmış sərnişinlərdən biri zarafatla “elə bil Suriyadır. Müharibədən çıxıb qəsəbə. Hər tərəf dağıdılıb” deyir. Ayın əvvəlindən yolun asfaltlanması, bu səbəbdən də günlərlə bağlı qalan meydan yolu indi köklü təmirlə “boğuşur”. Qəsəbənin yaxın ətrafındakı obyektlər - kiçik qəssabxana, telefon mağazası, yeganə qəzet köşkü, parfümeriya dükanı sökülüb, meyvə-tərəvəz, pal-paltar alveri edənlərin köşkləri yığışdırılıb. Heç kəsin bu köçhaköçün gerçək səbəblərindən xəbəri olmadığı bir gündə biz də qəsəbənin “qapısını” döyürük. Söküntünün arxasındakı səbəbləri öyrənmək üçün burada qarşımıza çıxan ilk sakindən bunun səbəblərini soruşanda isə yazının girişindəki fikirləri söyləyir. Amma bu rəy heç də prosesi aydınlaşdırmağa kifayət etmir və daha irəliyə...!
Biləcəriyə çatana qədər isə... Qəsəbənin girişində, konkret desək, adına “Şamaxinka” deyilən dairədən avtovağzala qədər olan yolun sağ tərəfində son bir neçə ayda köklü dəyişiklik edilib. İlk olaraq həmin istiqamətdəki dağlıq əraziyə bənzər hissədə yaşıllıq salınıb, dekorativ güllər əkilib. Aypara, alov şəkillərindən ibarət güllü dizayn da öz yerində. Qəsəbə əhlinin bildirdiyinə görə, bu, Binəqədi Rayon İcra Hakimiyyətinə yeni başçının - Xaləddin İsgəndərovun gətirilməsindən sonra başlayıb. Belə ki, Bakının digər rayonlarından dekorativ və dizayn baxımdan fərqlənən Binəqədini vizual gözəlliyə qovuşdurmaq üçün yeni başçıya tapşırıqlar verilib. O da ilk növbədə Bakı Avtovağzalına yaxın olan ərazidən - Biləcəridən başlayıb. Amma vizual dəyişikliklər təkcə dediyimiz bu çəmənliklə yekunlaşmayıb. Qəsəbənin girişindəki iri ağaclıqda da hər ağacın dibinə kiçik projektorlar yerləşdirilib. Axşam saatlarında qəsəbəyə girən şəxslər həmin ağaclıqdakı hər bir ağacı gövdəsindən tutmuş yarpaqlarına qədər müşahidə edə bilir.(Bunun nəyə lazım olduğu aydınlaşmasa da-S.T.) Baxmayaraq ki, həmin saatlarda Biləcərinin bəzi bina və həyət evlərində işığın olmaması paradoksal bir mənzərə yaradır. Sözügedən yeniliklərin fonunda icra başçısının Biləcəri meydanına “çatdığı” da təxmin edilir.
Sökülən obyektin hər kvadrat metrinə 600, evə 1500 manat?
Öncə meydanda geniş bir ərazidə dayanan taksi sürücüləri ilə danışdıq. Onlar bildirdilər ki, konkret sürücülərlə bağlı hər hansı yasaq qoyulmayıb. Onlar ənənəvi yerlərində dayanıb, müştəri gözləyirlər. Amma meydanın ətrafında obyekti sökülən insanlara “hələlik gedin, nəsə bir yenilik olsa, sizə xəbər edəcəyik” deyilib. Obyekt sahibləri isə ancaq mallarını dükandan çıxarmağa macal tapıblar. Maraqlıdır ki, əraziyə jurnalist gəldiyini eşidən obyekt sahibləri prosesin səbəbi ilə bağlı məlumatlı deyildilər və bunun səbəbini reportyorumuzdan öyrənməyə çalışırdılar. Hətta onların çoxu çəkindiyi üçün əməkdaşımızın sualına cavab belə vermədi: “Ağrımayan başıma dəsmal istəmirəm. Bəlkə də kompensasiya verəcəklər, amma danışsam, o pulu yerli-dibli görməyəcəm”.
Amma adının çəkilməsini istəməyən obyekt sahiblərindən biri dedi ki, onlara sökülən dükanlarının yerində müasir, standartlara cavab verən obyektlər tikiləcəyi deyilib: “Dedilər, o dükanlar hazır olanda siz də gəlib onlardan birini icarəyə götürərsiniz. Axı mən onu niyə icarəyə götürməliyəm? Əlimdə sənədim var, rəsmən sahibi olduğum dükanı söküblər. Əziyyət çəkib, yeni dükan versinlər”.
Obyekt sahiblərinə ilkin məlumat kimi sökülən dükanların əvəzinə kompensasiya veriləcəyi deyilib. Dükanların hər kvadrat metrinə görə 600 manat, söküləcək evlərin hər kvadrat metrinə görə isə 1500 manat veriləcəkmiş. Bununla yanaşı, evi söküləcək sakinlərə - hələ Biləcəridə hər hansı ev sökülməyib - Masazırda ev veriləcəyi də səslənən şayiələr arasındadır.
Amma şərti adı G.H. olan mağaza sahibi deyir ki, bu, düzgün yanaşma deyil. İşləmədikləri müddətdə düşdükləri ziyan da bu məbləğə əlavə olunmalıdır.
“Səbəbkar” Biləcəri parkı - təmiri martda bitməliydi, bitmədi
Biləcəri meydanından 297 saylı məktəbə gedən yoldakı həyət evləri, habelə xırda ticarət obyektləri də yaxın günlərdə söküləcək. Əhaliyə bildirilib ki, bu, məktəbə gedən yolun genişləndirilməsinə görədir. Bundan başqa, söküntülərin digər səbəbi də həmin ərazidə yerləşən Biləcəri parkının (bu haqda bir qədər sonra-S.T.) divarının obyektlər olan əraziyə qədər uzadılmasıdır.
Sakinlər onu da xatırladır ki, daha öncə Biləcəri parkının təmiri üçün 1 milyon manat ayıran prezident İlham Əliyevin yaxın günlərdə qəsəbəyə gələcəyi nəzərdə tutulub. Bütün bu hazırlıq işləri isə onun gəlişinə görədir.
Amma qəsəbədə olduğumuz müddətdə sözügedən parka da nəzər yetirdik. Fotodan da gördüyünüz kimi, parkın girişindəki lövhədə təmirin başlanma vaxtı 01 noyabr 2011-ci il göstərilib. Lövhədə yazılana inansaq, parkın təmiri 30 mart 2012-ci ildə yekunlaşmalı idi. Xatırladaq ki, İ.Əliyev 2011-ci ilin oktyabrında sözügedən parkda olandan sonra onun təmiri üçün sözügedən məbləği ayırmışdı. Amma göstərilən müddətdən 5 ay keçsə də, parkın təmiri hələ də yekunlaşmayıb.
Parkın girəcəyində çalışan fəhlələrdən təmirin nə vaxt yekunlaşacağını soruşsaq da, onlar bu barədə konkret bir müddət təlimatı almadıqlarını söylədilər.
Vəziyyətdən razılar, narazılar...
Biləcəri sakinlərinə gəlincə, onlar unudulmuş qəsəbə sakinləri olaraq, buralara “əl gəzdirilməsindən” narazılıq etmirlər. Bizimlə söhbətində Rəfiqə Allahverdiyeva adlı sakin dedi ki, yolların asfaltlanması, genişlənməsi, gözəl görüntülü olması xoş olsa da, qəsəbənin əsas problemləri həll edilməlidir: “Əgər mənə gündə suyu 2 saat verirlərsə, nəyimə lazımdır bu asfalt, ya da gül-çiçək? Qışda tez-tez işığımı kəsirlər, amma burda ağacın dibinə projektor qoyub. Kimə lazımdır? Evim ”ploşad"dan 500 metr aralıdadır. Hər gün qışda, yayda o yolu yuxarı gedib-gəlirəm. Avtobusun axırıncı dayanacağını həmin yerə təyin etsinlər. Yoxsa ki, biz qocalar bir gün bu diki çıxanda nəfəsimiz kəsiləcək".
Məktəbin yolunun genişlənməsindən razılıq edən valideyn Lalə Teyyubova isə deyir ki, dərs vaxtı uşaqlar bu yolla gedib-gələndə narahat olurmuş: “Deyirdim, bir gün bu dar yolda uşağı maşın vuracaq. Bir maşın gedəndə, uşaq yalan olmasın, yolun qırağındakı evə çıxır. Yoxsa maşının altında qalacaq. Nə qədər pul yeyirlər yesinlər, təki bu yol düzəlsin. Bir də bu parkı nəhayət təmir eləsinlər. Bütün yay şikəst kimi qaldıq. Bilmədik bu uşaqları hara aparaq hava almağa”.
Narazılar isə daha çox sökülən obyektlərin sahibləridir. Onların çoxu iddia edir ki, baş verən proses, ümumiyyətlə, onların gələcək biznes fəaliyyəti ilə bağlı məlumat verən yoxdur. “Sizi inandırıram ki, hətta "28 may" vağzalının bura köçürüləcəyini deyənlər də var. Hərənin ağzından bir avaz gəlir. Şayiələr gün-gündən artır. Bir gün eşidəcəyik ki, burda kosmik obyekt tikirlər deyə qarışıqlıqdır”. Bunu da meydanda xırdavat alveri edənlərdən Mahir adlı oğlan söyləyir.
İcra hakimiyyətindən açıqlama gəldi: “Heç kim narahat olmasın!”
Təbii ki, bu qədər narahatlıq və sualdan sonra biz də gerçək durumu öyrənmək istədik. Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai Təşkilatlar və siyasi partiyalarla iş şöbəsinə suallarımızı ünvanladıq. Şöbədən bildirildi ki, aparılan abadlıq və yenidənqurma işləri təkcə Biləcəri qəsəbəsini əhatə etmir. Hazırda Binəqədi rayonunun bütün ərazilərində - 5 qəsəbədə, bütün mikrorayonlarda təmir işləri gedir. 4 aydır Binəqədi rayonuna icra başçısı təyin edilən Xaləddin İsgəndərov vəzifəyə gəldiyi gündən abadlıq işləri ilə məşğuldur. Qəsəbələrə çəkilən yeni kommunikasiya xətləri, istifadə müddəti keçmiş xətlərin təmiri, habelə yeni asfaltlar buna misaldır.
Şöbədən onu da dedilər ki, Biləcəri meydanındakı qeyri-qanuni, yöndəmsiz tikililər, obyektlər isə abadlıq işlərinə mane olduğu üçün podratçı şirkətlər tərəfindən sökülür. Bu barədə obyekt sahiblərinə xəbər verilib və kompensasiya nəzərdə tutulub. Amma abadlıq işləri çərçivəsində hansısa yaşayış evinin sökülməsi nəzərdə tutulmayıb, bu barədə də heç kimə bildiriş paylanmayıb. Daşdan olan mağazalar isə yeni layihəyə, müasir standartlara uyğun yenidən tikiləcək və sənədi varsa, sahiblərinə veriləcək. Mağazaların yenidənqurması dövlət hesabına aparılır və eks sahiblərinə də hər hansı ödəniş tələb olunmadan təhvil veriləcək. Bunu da icra hakimiyyətindən dedilər. Metal konstruksiyadan, taxtadan olan mağazaların sahiblərinə isə razılaşdırılmış formada kompensasiyalar ödəniləcək. Amma kompensasiyanın məbləği ilə bağlı hər hansı məlumat ala bilmədik. Şöbədən bu barədə məlumatsız olduqlarını dedilər.
Biləcəri parkının gecikdirilən təmiri haqda da hər hansı informasiya ala bilmədik. Təmirin yekunlaşacağı vaxtın uzadılması səbəblərini şöbədən bilən olmadı.
Sonda.... Azərbaycanlılar kiminsə məşhur olmadığını bildirmək üçün “onu Biləcəridən o tərəfə tanıyan yoxdur” deməyi xoşlayırlar. İcra hakimiyyətindən deyilənlərə inansaq, indi Biləcərini elə təmir edəcəklər, elə abadlaşdıracaqlar ki, heç kəs “Biləcəridən o tərəfə” ayaq basmaq istəməyəcək. Biz deyənlərin yalançısıyıq. Gözləyək, görək, nə olur. Amma bütün bunlar qəsəbə sakinlərinə “Liviya günləri”ni unutduracaqmı? Bax, bu sual hələ də aydınlaşmayıb.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər