BolgeXeber.Com » Sosial » Saatlıların dərisini soyurlar

Saatlıların dərisini soyurlar

8-02-2011, 16:15
Oxunub: 5 577
Su Təsərrüfatı İdarəsinə rəhbərlik edən Tahir Rzayev öz qanunları ilə işləyir

Saatlı nədən bol olmasa da, məmur özbaşnalığından heç vaxt korluq çəkməyib. Saxtakarlıq və fırıldaqçılığın meydan suladığı bu rayonda ürək bulandıran hər çür çırkab əməllərə rast gəlmək olar. Xüsusən də, vəzifə və iş başında olan pula həris məmurların rüşvət və korrupsiyaya bulaşması Saatlıda sosial vəziyyəti günbəgün ağıtlaşdırır.

Hara gedirsən, ancaq giley–güzar və narazılıq eşidirsən. Kimi dindirirsən, qanunların işləmədiyindən, aclıqdan, yoxsulluqdan, hər şeyin ancaq pul üzərində qurulduğundan danışacaq. İşsizlik və səfalət rayonu öz ağuşuna alıb, insan hüquq və azadlıqları Saatlıda demək olar, yoxdur. Sadəcə olaraq bu hələ də mücərrəd anlayış olaraq qalır. 16 ildən çoxdur, rayonun altından girib üstündən çıxan məmurlar nə istəyir, onu da edirlər. Belə məmurların sırasında Tahir Rzayev öncül yerlərdən birini tutur desək, bəlkə də yanılmarıq.

Uzun müddətdir, rayonun Su Təsərrüfatı İdarəsinə rəhbərlik edən Tahir Rzayev heç bir qanun tanımır. Başlıca məqsədi soyğunçuluqla varlanmaqdır. Məhz bu şəxsin danılmaz xidmətləri sayəsində rayonun kənd təsərrüfatı bu günlərdə yox dərəcəsinə düşüb. Su arxlarının və kollektorlarının təmizlənməsi, drenaj sistemlərinin qurulması kimi zərurı işlərin hamısı ancaq kağız üzərində aparılır. Rəhbəri olduğu dövlət idarəsini qorxub çəkinmədən qeyri-rəsmi olaraq özəlləşdirib.

Su Təsərrüfütı İdarəsində xeyli texnika olsa da, bunlar da təyinatı üzrə istifadə edilmir. Texnikaların dəqiq sayı sirr saxlansa da, məlum olanı odur ki, Tahir Rzayev həmin bu texnikaları icarəyə verib, hər ay pulunu alır.

Tahir Rzayevin biznesi heçdə tək bununla bitmir. Traktorlar ayrı adamların icarəsində, yük maşınları isə istifadəyə yararsız adı altında həyətlərdədir. Yaxşı, onda belə bir maraqlı sual ortaya çıxır. Görəsən, Su Təsərrüfütı İdarəsinə tonlarla verilən yanacağın aqibəti necə olur? Silinərək, pul şəkilində Tahir Rzayevin şəxsi büdcəsinə gedir, yoxsa başqa yerə? Əlbəttə ki, bu suala aparacağımız araşdırmadan sonra təfərrüatları ilə cavab verəcəyik. Şəxsi biznesini günü–gündən genişləndirən Tahir Rzayevin, deyilənə görə seyfində adları olub, özləri isə Bakıda, Şəkidə və Rusiyada olan xeyli sayda adamın adına yazıldığı pul kartları yatır. Hansı ki, bu adamların çoxu heç bilmir ki, Su İdarəsi harada yerləşir.

Tahir Rzayevin rayonda tikinti materiallarının satışını həyata keçirən Pərviz adlı sahıbkarla da isti münasibətləri var. Aldığımız məlumatlara görə, tikinti materiallarının alış-verişini ancaq kağız üzərində aparan Tahir müəllim bax belə çirkli yollarla yaxşıca pul qazanır. Pul bu adamın gözünü o qədər örtüb ki, Araz çayının sahilinə də əl ataraq, orada özü üçün qum karxanası açıb. Həmin bu karxana isə, ciddi şəkildə mühafizə olunur, oraya demək olar, heç kim buraxılmır. Halbuki, Ekologiya və Təbii Sərvətlər haqqında qanunda açıq-aydın göstərilir ki, Kür və Araz çayı sahilləri biznes maraqları üçün istifadə oluna bilməz və bu, birmənalı olaraq qanunla qadağan edilib.

Göründüyü kimi, qanunları ayaq altında tapdalayan Tahir Rzayev üçün heç bir ölçü vahidi yoxdur. Rayonun bir sıra məmurları kimi yuxarıların könlünü xöş etməklə Tahir Rzayev nə istəyir onu da edir.

Və daha bir maraqlı sual odur ki, görəsən, Şakir Həsənovla Tahir Rzayevi bir–birinə bağlayan nədir? Səmimi yoldaşlıq, yoxsa pul? Şakir Həsənovu Saatlıda hər kəs tanıyır. Aqrolizinq ASC–nin qeyri-rəsmi rəhbəri olan Şakir Həsənovun isə, saxtakarlıqda, alış-verişdə demək olar, tayı bərabəri yoxdur. Bütün bunlarla bağlı növbəti saylarımızda ətraflı məlumat verəcəyik.