BolgeXeber.Com » Sosial » Yardımlı SMM-də özbaşnalıq səngimir

Yardımlı SMM-də özbaşnalıq səngimir

17-02-2011, 01:25
Oxunub: 7 340
Nicat Əliyev Yardımlı SMM-ində “at oynadır”

Bildiyimiz kimi, bölgədəki əhalinin narazılığına səbəb olan bir çox rayon sosial müdafiə mərkəzləri sırasında Yardımlı SMM də tez-tez mətbuat tərəfindən yad edilir. Və bu mərkəzlə bağlı problemlər sırasında qanunsuz olaraq ünvanlı sosial yardımların ayrılması, yaxud ayrılmalı olduğu halda “əsl ünvanına çatmaması”, kartların mərkəz rəhbərliyi tərəfindən saxlanılıb aybaay əksər hissəsinin mənimsənilməsi və eləcə də sosial yardımların böyük məbləğ müqabilində “satılması” kimi xoşagəlməz hallar sadalanır.

Yaxın günlərdə Yardımlıda olmuş əməkdaşımız yuxarıda sadalanan problemləri sakinlərin dilindən də təkrarən eşidib. Bir müddət əvvəl Yardımlı rayon SMM direktorunun vəzifədən azad edilməsi və nazirlik nümayəndələrinin bu müəssisədə təftiş aparması barədə məlumatlara baxmayaraq, əməkdaşımızın həmsöhbət olduğu əksər sakinlər hansısa dəyişikliyə ümid etmirlər. Sakinlər bildirirlər ki, rayonda bu idarənin heyyətini tamam dəyişmək lazımdır. Səbəb olaraq isə baş məsləhətçi Nicat Əliyevin vəzifəsində qalması göstərilir ki, həmsöhbətlərimizin ən çox narahatlığı məhz unun barəsində ifadə edilib. Bəs görəsən, Nicat Əliyevin aqibəti necə olacaq?

Bu suala cavab tapmaq üçün sakinlərdən uzaqlaşıb şikayətli yox, məlumatlı olan şəxslərlə əlaqə qurmağa çalışdıq. Aidiyyatı olan nazirlikdə işləyən bir nəfərdən aldığımız məlumata görə, Nicat Əliyevin vəzifədən azad edilməsi daha çox gündəmdə olan məsələlərdəndir və ona qarşı şikayətlər baş məsləhtçini işsiz qoymağa və hətta həbsə belə atdırmağa kifayət edər. Lakin mənbə bildirib ki, Nicat Əliyev hansısa yüksək vəzifəli tanışının vasitəsilə vaxt udmağa və özünü güvəndə saxlayacaq qədər vəsait toplamağa çalışır. Onun sözlərinə görə, nazirlikdən N.Əliyevə nə dəqiq cavab, nə də “toxunulmazlıq” üçün məbləğ deyilməyib.