BolgeXeber.Com » Sosial » İşsizlərin qarşısına staj səddi: – PROBLEM

İşsizlərin qarşısına staj səddi: – PROBLEM

15-10-2018, 17:16
Oxunub: 3 366 İşsizlərin qarşısına staj səddi: – PROBLEMStaj – akademik təhsil dönəmində əldə edilən biliyin, məlumatların iş dünyasında tətbiq etməyə imkan verən iş növüdür

Bu yol, təhsilini başa çatdırmaq üzrə olan tələbələrin iş həyatına uyğunlaşmaq və bacarıqlarını inkişaf etdirmək baxımından imkanlarını genişləndirir. Staj yalnız orta məktəb və ya universitet məzunları üçün xüsusi tətbiq metodu deyil. Peşəsini dəyişmək və ya sıfırdan işə başlamaq istəyənlər, o cümlədən, müxtəlif təşkilatlarda təhsil alan hər kəs staj keçə bilər. Staj bir fürsətdir, əgər səmərəli keçirilirsə, təcrübəçi üçün ciddi fayda təmin edir.

Biznesə daxil olmaq üçün ilk doğru addım stajdan keçir. Yaxşı olar ki, təcrübə toplamağın təməli ibtidai sinifdən qoyulsun. Amma bir çoxları qarşıda onları gözləyən iş həyatında stajın əhəmiyyəti barədə çox düşünmürlər. Halbuki məzuniyyətdən əvvəl təcrübə keçməyin vacibliyi anlaşılarsa, insanlar doğru staj mərhələsini keçərək bir addım öndə işə başlamış olarlar.

Təcrübənin təmin edəcəyi bir çox üstün avantajları var. İlk öncə, insanda seçdiyi sahə üzrə ətraflı təcrübə formalaşdırır. Bir işə müraciət etmək vaxtı gəldikdə, geniş təcrübəyə malik olduğunuzu göstərə bilərsiniz. Staj zamanı əldə edilən məlumatlar və bacarıqlar seçim zamanı sizi digər namizədlərdən fərqləndirən bir amilə çevrilə bilər. Təcrübəli işçi işəgötürənin gözündə cəlbedici olmağa imkan verir.

Staj keçmək iş yerində qazanılan təcrübədən daha önəmlidir. Təcrübə müddətinin sonuna çatanda şirkət tərəfindən sizə iş təklifi də gələ bilər. Bu zəmanətin bir nəticəsi olmasa da, bəzi şirkətlər onların standartlarını bilən və tanıdıqları bir namizədlə işləməyi üstün tuturlar.

Günümüzdə fərqli iş elanları ilə rastlaşırıq. Demək olar ki, əksəriyyətində də ənənəvi olaraq 2-3 il iş stajı tələbi qoyulur. Əksər vaxtlarda bu da, işləmək istəyənlər tərəfindən böyük narazılığa səbəb olur. Ortaya “Təhsilini yenicə başa vurmuş biri harada işləməlidir” kimi haqlı-haqsız suallar çıxır. Bu məsələnin praktik həlli hələlik Azərbaycanda müzakirə mövzusu olaraq qalır.

“Cümhuriyət” qəzeti sözügedən məsələyə Əmək Hüquqları Liqasının sədri, İnsan Hüquqları üzrə Birgə Qrupun katibi Sahib Məmmədovun münasibətini öyrənib. O, bu məsələdə işəgötürənləri çox da qınamağın tərəfdarı olmadığını deyib:

“İşəgötürənə təcrübəli işçi lazımdır. İşəgötürən təcrübəsiz işçini işə götürəndə onun təhsil və bacarığının artırmaq üçün əlavə xərc çəkməyə başlayır. İşçi də müəyyən təcrübə əldə etdikdən sonra ərizəsini yazıb işdən ayrılır. Qanunda işəgötürənin həmin işçini məcburi işdə saxlamaq hüququ yoxdur. Ona görə də işəgötürən bəri başdan işinə yarayacaq, minimum az xərc tələb edən işçini götürməkdə maraqlıdır. Bu baxımdan problemi təhsildə görürəm. Əgər işəgötürən əmin olsa ki, həmin şəxs aldığı təhsillə qarşısına qoyulan öhdəlikləri yerinə yetərə biləcək, bu zaman tərəddüdsüz onu işə götürər. Amma sahibkar bundan əmin deyil. Çünki təhsilin səviyyəsi o həddə deyil. İndi bəzi universitetlər tələbələrə istehsalat təcrübəsi dövrünü təhsil aldıqları ixtisasların xüsusiyyətlərinə uyğun bölmələrdə keçməyə başlayıblar. Təhsil məzuna nəzəri biliklərlə yanaşı, praktika da verməlidir. Belə olan təqdirdə işəgötürən də əmin olacaq ki, iş üçün müraciət edən kifayət qədər peşəkardır və bu zaman o, heç staj da tələb etməz. Azərbaycanda universitetlərin reytinqi qalxmalıdır. Harvard Universitetini bitirən məzundan staj tələb etmirlər, dərhal işlə təmin olunur”.

Sahib Məmmədovun qənaətincə, Azərbaycanda peşə təhsili bərbad səviyyədədir:

“Neçə-neçə proqram qəbul ediblər, agentlik yaradıblar, amma heç nə düzəlmir. 70-ci illərin avadanlıqları ilə yalançı təhsil verirlər. Bununla bağlı ölkə başçısı qərarlar verib, amma bu sahədə biabırçı vəziyyət qalır. Universitetlərin də əksəriyyətində vəziyyət bu cürdür, xüsusən, özəl ali təhsil mərkəzlərində. Bütün tələbələri əhatə etməsə də, Azərbaycan Dövlət Neft Akademiyası və Dövlət İqtisad Universiteti praktika təşkil etməyə başlayıblar. Gələcəkdə istər ali təhsil müəssisələrinin, istərsə də kolleclərin reytinqi qalxarsa, oranı bitirən məzunları sorğu-sualsız işə götürərlər”.

Ekspert onu da qeyd edib ki, dövlət qulluğuna qəbul mərhələli formada imtahanla həyata keçirilir:

“Ədliyyə və hüquq-mühafizə orqanlarına, eləcə də prokurorluq orqanlarına qulluğa qəbul da imtahanla keçirilir. Digər qurumlar da ya testlə, ya da daxili qaydalarla qəbul həyata keçirirlər. SOCAR da işçi qəbulunu imtahan yolu ilə reallaşdırır. Təəssüf ki, SOCAR da imtahana çağıranda əvvəlki stajının olmasını tələb edir. Məzunların təhsilinə əminlik olmayana qədər staj məsələsi aktual qalacaq. Əmin olandan sonra ki, universitetlər məzuna nəzəri biliklərlə yanaşı, həm də praktik biliklər verir, o zaman bu məsələ gündəmdən düşəcək”.