BolgeXeber.Com » Sosial » “Uşaq pulu”nun bərpasını hansı qurum yubadır? - AÇIQLAMA

“Uşaq pulu”nun bərpasını hansı qurum yubadır? - AÇIQLAMA

31-05-2019, 09:26
Oxunub: 4 313  “Uşaq pulu”nun bərpasını hansı qurum yubadır? - AÇIQLAMASon zamanlar uşaqlar üçün nəzərdə tutulmuş sosial müavinətlərin (uşaq pulu) bərpa edilməsi ilə bağlı müxtəlif fikirlər səslənir.

“Uşaq pulu”nun bərpa olunmasının tərəfdarları da var, ona ehtiyac olmadığını deyənlər də. Qeyd edək ki, hazırda Azərbaycanda 17 yaşınadək olan uşaqların sayı 2 milyon 614 min nəfərdir. “Uşaq pulu”nun bərpası üçün müxtəlif təkliflər olsa da, hələlik konkret mexanizm yoxdur. Qeyd edək ki, iqtisadçı alim Vüqar Bayramov da bu məsələ ilə bağlı təkliflərini irəli sürüb:

““Uşaq pulu”nun məbləği 3 yaş qruplarına görə qruplaşdırılır. 3 yaşınadək uşaqlara aylıq 80 manat ödənilməsini təklif edirik. 3 yaş daxil olmaqla bu yaşadək uşaqların sayı 634.4 min nəfərdir. Belə ki, yaşı tamam olmayan uşaqların sayı 144 min nəfər, 1 yaşda olanlar 157.8 min nəfər, 2 yaşda olanlar 164.4 min nəfər və 3 yaşı tamam olanlar 168.2 min nəfərdır. 3 yaşadək uşaqlara təklif edilən aylıq uşaq pulunun məbləği 50 milyon 752 min manat edir.

Digər differensial uşaq pulu məbləği 4 yaşdan məktəb yaşınadək olan uşaqları əhatə edir. Həmin uşaqlar üçün ayda 50 manat ödənilməsini təklif edirik. Bu yaş qrupunda ölkəmizdə 516.8 min uşaq var. Belə ki, 170.7 min uşağın 4, 172.3 min uşağın 5 və 173.8 min uşağın isə 6 yaşı var. Bu yaş qrupu üçün təklif edilən “uşaq pulu”nun aylıq məbləği 25 milyon 840 min manatdır. Digər “uşaq pulu” ödəniləcək qrup məktəblilərdir. Bu yaşda olanlar üçün aylıq 40 manat ödənilməsi mümkündür. Hazırda 1 milyon 462 min 800 məktəbli var. Bu yaş üzrə uşaqların sayı belədir: 7 yaş 163.3 min, 8 yaş 149.8 min, 9 yaş 150 min, 10 yaş 124.7 min, 11 yaş 121 min, 12 yaş 120.8 min, 13 yaş 121.1 min, 14 yaş 132.3 min, 15 yaş 126.9 min, 16 yaş 124.2 min, 17 yaş 129.4 min məktəbli. Bu yaş kateqoriyasına daxil olacaq uşaqlara ödəniləcək aylıq “uşaq pulu”nun məbləği 58 milyon 512 min manat edir”.

“Uşaq pulu”nun bərpası ilə bağlı Milli Məclisdə də müxtəlif təkliflər səslənib. Təklifi dəstəkləyən deputatlardan biri də Musa Quliyevdir. M.Quliyev “Cümhuriyət” qəzetinə açıqlamasında “uşaq pulu”nun verilməsinə tərəfdarı olduğunu deyib:

““Uşaq pulu” hüquqi termin deyil. Uşağın doğulması və böyüməsi üçün verilən müavinətdir, sosial müavinətin bir növüdür. Sovet dövründə tətbiq olunub və müstəqillik dönəmində, 90-cı illərin sonuna qədər verilib. 2000-ci ildə bundan imtina olunub və ünvanlı sosial yardıma keçid edilib. Əslində, bu, sosial müdafiədir və şübhəsiz ki, uşaqlı ailələrin sosial müdafiəsi üçün dövlət təminatıdır. Əlbəttə, verilə bilər. Mən də bunun tərəfdarıyam. Amma hesablamaq lazımdır ki, hansı yaşa qədər uşaqlara hansı məbləğdə verilməlidir. Bu verilərsə, ünvanlı sosial yardım prinsipindən imtina edəcəyikmi, yoxsa o da paralel olaraq qalacaq? Bunlar hamısı hökumət tərəfindən balanslaşdırılmalıdır. “ “Uşaq pulu” verilsin və ya verilməsin” şəklində fikir söyləmək hesab edirəm ki, peşəkarlıqdan kənar olar. Prinsipcə, “uşaq pulu”nun verilməsinin tərəfdarıyam. Hökumətin müvafiq qurumları yəqin ki, bu məsələ ilə maraqlanırlar. Bu məsələ gündəlikdədir. Amma nə zaman, hansı şəkildə tətbiq olunacaq, bu artıq hökumətin mətbəxində olan məsələdir. Nə zaman məsələ Milli Məclisin müzakirəsinə çıxar, o, zaman biz də öz fikrimizi konkret olaraq söyləyərik”.

Məlumdur ki, sosial müavinətlərin, pensiya, sosial yardım, əlillik pulları kimi, “uşaq pulu”nun bərpası və ya ödənilməsinə birbaşa cavabdeh olan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Məsələnin aktuallığını nəzərə alaraq nazirliyin mövqeyini öyrənmək istədik. Qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, “uşaq pulu” ilə bağlı təmsil etdiyi qurumun mövqeyi yoxdur:

“Bizim tərəfin mövqeyi yoxdur, ümumiyyətlə biz o mövzuda danışmaq istəmirik. O mövzuya bizim mövqeyimizi verməsəniz, daha yaxşı olar. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi var, təklif edirəm ki, bu mövzunu onlarla danışın”.

Nazirlik rəsmisinin təklifini dəyərləndirib Dövlət Komitəsi ilə əlaqə saxladıq. Komitədən iş gününün sonuna qədər cavab veriləcəyi bildirilsə də, sorğumuza cavab verilmədi.