BolgeXeber.Com » Sosial » Qaradağda hüquq skandalı

Qaradağda hüquq skandalı

7-04-2011, 13:35
Oxunub: 7 428
Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının hakimi Əsəd Mirzəliyev qatillə ortaqlıqda suçlanır

Son günlər əyalətlərdə vəziyyətin kritik həddə çatdığına dair çoxlu sayda məlumatlar verilir. Vəziyyətin bu şəkildə davam etməsinin isə yekunda nələrə gətirib çıxaracağını deməyə gərək yoxdur. Hətta bununla bağlı bəzi ekspertlər deyirlər ki, proseslərin gedişatı inqilabi vəziyyətin əyalətlərdən başlayacağından xəbər verir. Bu situasiyanı yaradan əsas amil isə yenə də yerli məmurların özbaşınalığıdır.

Ötən gün Bolgexeber.com-a Qaradağ rayonu Gülbaxt daş karxanasının fəhlələri tərəfindən növbəti şikayət məktubu ünvanlanıb. Firudin Qasımov, Əli Fətəliyev və cəmi 14 imzadan ibarət Şikayət məktubu böyük bir skandalı ortaya qoyur: “Biz ötən məktubumuzda qeyd etmişdik ki, bir neçə ay öncə polis işçiləri gəlib Karxananın sahibi Akif Məmmədovu döyərək, bizi karxanadan qovmuşdular. Təkrar məhkəmə qərarı ilə Akif Məmmədov və biz karxanaya qayıtdıqdan sonra təzyiqlər daha da artmağa başladı və mart ayının 17-də hamımızın gözü önündə Akif Məmmədov karxananı ələ keçirmək üçün polisdən və vəzifəsindən sui-istifadə edən Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının hakimi Əsəd Mirzəliyevin adamı və ortağı Əlövsət Orucov tərəfindən vəhşicəsinə döyüldü.

Akif Məmmədov kəllə-beyin travması almasına baxmayaraq, bir aydır ki, Qaradağ rayon Polis İdarəsinə etdiyi şikayət məhz Əsəd Mirzəliyevin Qaradağ rayon Polis İdarəsinin İstintaq şöbəsinə etdiyi təzyiqlər nəticəsində işə baxan müstəntiq İqbal Həsənov prosesi süründürməçiliyə salıb. Əsəd Mirzəliyevin vəkil oğlu Ruslan Mirzəliyev isə Əlövsət Orucovun müdafiəçisi kimi çıxış etməsi ikili arasında əlaqənin bariz nümunəsidir. Qaradağ rayon məhkəməsinin hakimi İsmayıl Xəlilov da tamamilə qanunsuz olaraq, sırf Əsəd Mirzəliyevin təzyiqləri nəticəsində heç bir araşdırma aparmadan bir gün içərisində saxta sənəd əsasında qanunsuz qərardad çıxararaq, fiziki və mənəvi təzyiqə məruz qalan Akif Məmmədovu haqsız elan edib. Biz hesab edirik ki, Qaradağ rayon məhkəməsinin sədri Adil Mikayılovun və Qaradağ rayon məhkəməsinin hakimi İsmayıl Xəlilovun ədalətsiz və qanunsuz qərardar çıxarmasında Əsəd Mirzəliyevin təzyiqi mühüm rol oynayıb. Saxta və 2008-ci ildən 2010-cu ilə qədər olan, yəni heç bir əsası olmayan müqavilə müqavilə əsasında si olan və müqaviləni uzatmadığı halda hakim tələsik bu kağız parçasını əsas sayıb”.

Fəhlələrin məktubunda çox ciddi bir nüans da qabardılır: “Əsəd Mirzəliyevlə Əlövsət Məmmədov arasında biznes əlaqəsinin tarixçəsi uzundur. Əlövsət Məmmədov “KRAZ” markalı maşınla 2009-cu il 1 fevral tarixində 22 yaşlı Cəlilabad rayon Köyüzbulaq sakini Malik Niftullayevin üzərinə daşları tökərək qəsdən öldürsə də, məhz ortağının sayəsində cinayət işi ört-basdır edildi və Əlövsət Məmmədov cəmi 4 il icbari iş alaraq, bir gəncin ölümünü ört-basdır etdirdi. Biz sizdən soruşuruq, qatillə dövlətimizdə ədalətin qoruyucusu olan hakimin ortaq biznes əlaqəsi özü-özlüyündə bir cinayət deyilmi? Xatırladaq ki, həmin cinayətin törədilməsi məhz Akif Məmmədova qarşı hazırlanmış bir aksiya idi, ancaq planın üstü açıldığı üçün 22 yaşlı gəncin qanı batırıldı”.

Fəhlələr müraciətlərində “Biz Malik Niftullayevin taleyini yaşamaq istəmirik» deyərək, bu problemin aradan qaldırılmasını tələb edirlər. «Biz Azərbaycan hüquq-mühafizə orqanlarına ləkə olan bu məmurların zülmündən xilas olmaq istəyirik. Biz ailəmizə bir parça çörək aparmaq istəyirik. Ancaq qorxu içində yaşamaqdan bezmişik. İnanırıq ki, Ramil Usubov da, Fikrət Məmmədov da, Zakir Qaralov da Azərbaycan Prezidentinin sadiq komanda üzvləri olduqları üçün bu kimi faktlar onlardan gizlədilir. Bilirik ki, bir qatillə ortaqlıq quran hakimin özbaşınalığına və onun təzyiqi ilə Qaradağda baş verən hüquq skandalları barədə müfəssəl məlumat verilsə, cinayətkarlar cəzasız qalmayacaq”.