BolgeXeber.Com » Sosial » Bank rəhbəri məhkəmədə şok faktlar açıqladı

Bank rəhbəri məhkəmədə şok faktlar açıqladı

11-04-2013, 09:55
Oxunub: 3 738 Ayıbdır... İttiham aktında yazılanları oxuyanda fikirləşirəm ki, görəsən hansı Etibar Əliyevdən söhbət gedir?

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən "Texnikabank işi” üzrə prosesdə təqsirləndirilən şəxslərin dindirilməsi mərhələsi başlayıb. Qeyd edək ki, məhkəmə qarşısına çıxarılan 25 nəfər arasında AXCP sədri Əli Kərimlinin qaynı, bankın Yasamal filialının müdir müavini olmuş Elnur Seyidov da var.

Dünənki məhkəmə iclasında əvvəlcə "Texnikabank"ın Müşahidə Şurasının sədri olmuş Etibar Əliyev ifadə verdi. Eyni zamanda, bankın təsisçisi və səhmdarlarından olan E.Əliyev iş materiallarında mütəşəkkil cinayətkar dəstənin başçısı kimi təqdim olunub. Lakin o, ifadə verməyə başlayarkən bəyan etdi ki, özü də, bu iş üzrə ittiham olunan digər şəxslər də təqsirsizdir: "Mən ibtidai istintaq zamanı ifadə verməmişəm. Çünki bu cinayət işini qeyri-qanuni hesab etmişəm. Bu cinayət işinin materialları sadəcə, söz yığınağından ibarətdir. Guya, hansısa notarial əməliyyatlar həyata keçirməklə hər ay mənə 30, 80, 90 min manat pul verilib. Qətiyyən doğru deyil. Kimin pulu verilib? Kimə ziyan vurulub? Bütün bunlar bəlli deyil. Yazıblar ki, 2 milyon 400 min manat israf olunub və sonda mənimsənilib. Kimin pulu mənimsənilib? Hardan götürülüb o pul?"

Qeyd edək ki, bu iş üzrə təqsirləndirilən 25 nəfərdən yalnız 6-sı həbsdədir, digərlərinin barəsində ev dustaqlığı, polis nəzarətinə verilmə kimi qətimkan tədbirləri seçilib. Etibar Əliyev məhkəmənin nəticəsi bəlli olana qədər həbsdə olan 6 nəfərin də azadlığa buraxılmasını məhkəmədən xahiş etdi: "Bankın İdarə Heyətinin sədri və digər şəxsləri həbsdə saxlamaqla bu işlər həll olunası deyil. Onların ev dustaqlığına buraxılmasını xahiş edirəm".

"Texnikabank"ın 1993-cü ilin fevralında yaradıldığını və təxminən son on ildə (ötən il martın 6-na qədər) Müşahidə Şurasının sədri olduğunu deyən Etibar Əliyev onu da bildirdi ki, onu mütəşəkkil cinayətkar dəstənin rəhbəri kimi təqdim etsələr də, hazırda onunla yanaşı məhkəmə qarşısına çıxarılan və dəstə üzvləri kimi qələmə verilən şəxslərin bəzilərini ümumiyyətlə tanımır: "Namiq Xəlilovu ilk dəfə burada görüb tanıdım. Mən tanımadığım adamlarla necə mütəşəkkil dəstə yarada bilərdim? İş materiallarında yazılıb ki, o, 148 min kredit götürüb və o pul mənimsənilib. Nə olsun ki, kredit götürülüb? Əgər vaxtından da əvvəl ödənilibsə, burada nə problem var? Kredit götürüb vaxtında ödəmək nə vaxtdan mənimsəmə olub? Ayıbdır... İttiham aktında yazılanları oxuyanda fikirləşirəm ki, görəsən hansı Etibar Əliyevdən söhbət gedir? Prokurorlara tövsiyə edirəm ki, gələcəkdə bu cür ittihamlardan imtina etsinlər".
Sərbəst ifadəsi başa çatandan sonra Etibar Əliyev prokurorlar və vəkillərin suallarını cavablandırdı. Elnur Seyidovun vəkili Əsabəli Mustafayev ondan hüquqlarını müdafiə etdiyi şəxslə necə münasibətləri olduğunu soruşdu.

"Elnur Seyidovu hər rübdə bir dəfə keçirilən toplantılarda təxminən 50 metr məsafədən görmüşəm. Hə ona, hər hansı başqa işçiyə heç bir qanunsuz göstərişim olmayıb. Mütəşəkkil cinayətkar dəstə barədə yazılanlar boş söz yığınağından başqa bir şey deyil", - deyə Etibar Əliyev suala cavab verdi.

"Bankın sahibi bankdan niyə pul oğurlasın ki..."

Bankın İdarə Heyətinin sədri olmuş Samir Hüseynov da dünən ifadə verdi. Əvvəlcə məhkəməyə özü barədə məlumat verən Samir Hüseynov bildirdi ki, ABŞ-da təhsil alıb, bir müddət orada işləyib. 1999-cu ildə hərbi xidmət zamanı çatdığı üçün Azərbaycana qayıdıb: "Biz Vətəni sevirik, istəyirik ki, Vətən də bizi sevsin".
Ötən il həbs olunana qədər 9 il "Texnikabank"da çalışdığını deyən Samir Hüseynovun sözlərinə görə, o, işə başlayanda bankın 17 milyon manat aktivi vardı, həbs olunanda isə bu rəqəm 650 mln idi.

Külli miqdarda vergidən yayınma ilə bağlı irəli sürülmüş ittihamın tamamilə əsassız olduğunu deyən Samir Hüseynov qeyd etdi ki, bankların inkişafına dəstək məqsədilə onların vergidən azad olunması haqda prezident sərəncamı mövcud olduğu halda, belə bir ittiham irəli sürmək absurddur: "Belə çıxır ki, bizə bağdan alma yığmağa icazə verilir, amma özümüzü də alma oğurluğunda günahlandırırlar? Axı başqa banklar da ödəməyib vergini... Çünki bu haqda prezidentin sərəncamı var".

Samir Hüseynov ifadə verərkən kövrəldi: "Bizi narkotik, terrorçuluq, vətənə xəyanət kimi əməllərdə ittiham olunanlarla bir yerdə saxlayırlar. Bu iş üzrə digər 19 nəfər qaçıbmı ki, biz də qaçaq? Mən bu iş üzrə 41 dəfə MTN-ə gedib-gəlmişəm, dindirilmişəm, 42-ci dəfə məni həbs elədilər. Həbs olunana qədər qaçmaq istəsəydim, buna imkanım vardı. Çünki həmin müddətdə xarici ölkəyə də getmişdim, ailəm də yanımda idi. Amma eləmədim, çünki bilirəm ki, heç bir qanunsuzluq eləməmişəm. Bu cür münasibətlə xaricdə oxuyan azərbaycanlı tələbələrə nə mesaj verilir? Demək istəyirlər ki, gəlməyin Vətənə... Elə mənim özümə də deyirlər ki, ağlın yoxdur? Hiyə qayıtdın? Görünür, həqiqətən ağlım yox imiş. Biz nə istəyirik ki? Deyirik ki, imkan verin, Vətənə xidmət eləyək. Azərbaycan çempionu, polis mayoru qardaşımı maşın vurub, koma vəziyyətindədir. Anam bilmir ki, onun dərdini çəksin, yoxsa mənim..."
Samir Hüseynov vəkil Əsabəli Mustafayevin suallarını cavablandırarkən bildirdi ki, Elnur Seyidovu yaxşı bankir kimi tanıyıb, onunla yalnız ildə dörd dəfə - hər rübün sonunda keçirilən kollegial iclaslarda görüşüb: "Onun müdir müavini olduğu Yasamal filialının fəaliyyəti həmişə digərlərindən daha yaxşı olub".

Samir Hüseynov sualları cavablandırarkən bir daha bəyan edib ki, ona, eləcə də digər təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar da əsasızdır: "Etibar Əliyev bankın Müşahidə Şurasının sədri olmaqla yanaşı, həm də səhmdarı, onun təsisçisi idi. Bankın sahibi bankdan niyə pul oğurlasın ki?"

"Texnikabank"ın İdarə Heyətinin sədr müavini olmuş Nicat Abdullayev də ittihamları rədd etdi və günahsız olduğunu bildirdi.

Bankın Abşeron filialının rəhbəri olmuş Zülfüqar Zülfüqarlı ifadəsində iş materiallarındakı saxtakarlıqdan danışdı: "Məni keçən il martın 12-də həbs ediblər. Yalnız həmin gün bircə dəfə dindirilmişəm. Həmin vaxtdan noyabra qədər sanki qəbəristanlıq kimi bir kameraya atıb ağzımı bağlayıblar. İş materiallarında yazılıb ki, guya, mənim 14 martda da dindirilmişəm. Bu, doğru deyil".

Zülfüqarlı da ittihamlarla razılaşmadı və bankın fəaliyyətində heç bir qanunsuzluğa yol verilmədiyini bildirdi.

Proses aprelin 17-də davam etdiriləcək.

musavat.com