BolgeXeber.Com » Sosial » Hər uşağa 200 manat hazırlayın: – “Sifariş”lər 10 gün sonra başlayacaq

Hər uşağa 200 manat hazırlayın: – “Sifariş”lər 10 gün sonra başlayacaq

6-09-2019, 16:47
Oxunub: 4 749 Hər uşağa 200 manat hazırlayın: – “Sifariş”lər 10 gün sonra başlayacaqTək dəftər-kitabla iş bitmir…Yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb.

Artıq valideynlər uşaqlara zəruri ləvazimatları almaq üçün əsasən, məktəbli yarmarkalarına üz tuturlar. Bu yarmarkalar şəhərin mərkəzi küçələrində, metrostansiya çıxışlarında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilib.

Cebhe.info əməkdaşı vəziyyəti yerində öyrənmək üçün bu yarmarkalardan birinə üz tutub. Metronun “Nizami” stansiyasının çıxışında təşkil edilən yarmarkada qələbəlik yox idi. Az sayda valideyn qiymətlə maraqlanır, bir neçəsi alış-veriş edirdi.

Hələlik alan yox, baxan çoxdur

Satıcının sözlərinə görə, qiymət hər il olduğu kimidir və heç bir artım müşahidə edilmir: “Qiymətlər o qədər də baha deyil. Dəftər, qələm, çanta çeşidləri müxtəlifdir. Düzdür, keyfiyyətdə müəyyən fərqlər var, lakin büdcəni nəzərə alsaq, hər kəs gəlib öz büdcəsinə uyğun alış-veriş edə bilər. Hazırda alıcılar o qədər də çox deyil. Çox insan gəlib qiymətlərlə maraqlanır, lakin indiki ilə müqayisədə 5-10 gün sonra tələbat daha çox olacaq”.

Azı 150-200 manat hazırlayın

Həmsöhbətimiz bildirdi ki, müştərilər bütün ləvazimatları birdən aldığı zaman və ya bir əşyadan bir neçə ədəd aldıqda, endirim edilir: “Ümumilikdə isə kimsə övladını məktəbə yola salacaqsa, hər uşaq üçün 150-200 manat pul hazırlamalıdır, çünki nə qədər az şey almağa cəhd edilsə də, bundan az məbləğlə mümkün olmur”.

Yarımarkalarda satılan ləvazimatların qiymətləri belədir:

1 ədəd 12 vərəqli dəftər -10 qəpik.
1 ədəd 40 vərəqli dəftər – 40 qəpik
1 ədəd 60 vərəqli dəftər – 50 qəpik
1 ədəd 100 vərəqli dəftər – 70 qəpik
1 ədəd qələm – 10-30 qəpik.

Tək dəftər-kitabla iş bitmir…

Digər ləvazimatlarda isə qiymət say və ya keyfiyyətindən asılı olaraq dəyişir. Məsələn, penallar 3-8 manat arası, çantalar 15-25, karandaşlar sayından asılı olaraq 2-7 manat, xətkeşlər 50 qəpik-3 manat, yazı lövhəsi 2-7 manat, hesab taxtası (şotka) 1,50-4 manat, rəsm dəftəri 1-2,50 manat, qovluq-3 manat, su qabı 4-8 manat, marker 20-30 qəpik, pozan 30-40 qəpik, qlobus 25 manat.

Müşahidələr göstərdi ki, onsuz da az sayda olan alıcılar əsasən daha ucuz mallara üstünlük verirlər.

Əsas uşaqları geyindirməkdir…

Qeyd edək ki, bu ləvazimatlarla yanaşı məktəblilər üçün lazımlı olan geyimlər da az pul tələb etmir. Məsələn, məktəbli forması aşağı sinif şagırdləri üçün 40, yuxarı sinif şagırdləri üçün 46 manatdır. Ayaqqabı qiymətləri minimum 20 manatdan başlayır. Köynəklərdə qiymət adi mağazalarda 15 manat, Bakı Tikiş Evinin mağazalarında 9 manatdan başlayır. Oğlanlar üçün corab 1-1,50 manat, qızlar üçün 2,50-4 manat, jilet 10 manatdır. Əvvəllər köynək və jilet məktəbli forması dəstinə daxil edilsə də, hazırda əksər mağazalarda bunlar ayrı satılır. Minimum hesabla götürdükdə valideyinin bir övladını məktəbə göndərməsi üçün hər ləvazimatdan bir ədəd almaqla sadəcə məktəbli ləvazimatlarına verəcəyi minimum vəsait təxminən 160 manatdır.

“15 manatlıq çanta 2 ay sonra sökülür”

Yarmarkaya üz tutan valideynlərlə də söhbətləşdik. Onlar hazırda qiymətlərlə maraqlandıqlarını, qiymətlərin həmişə olduğu kimi heç də cibə uyğun olmadığını, buna görə də ən ucuz satış yerlərini tapmağa çalışdıqlarını bildirdilər. Valideynlərdən biri dəftər və qələm ucuz olsa da, digər mallarda qiymətin keyfiyyətdən asılı olduğunu dedi: “Dəftər və qələm həmişə ucuz olur. Əsas qiymət fərqi digər ləvazimatlardadır. Onların da ucuz qiymətə satılanları təbii ki, olur, lakin o qədər də keyfiyyətli olmurlar. Məsələn, çantanı alırıq ki, uşaq bir xeyli istifadə etsin, lakin 15 manata aldıqda 2 ay sonra sökülür, məcbur olub baha da olsa, digər çantalardan alırıq. Həmçinin, digər ləvazimatlar. Düzü, məktəbdən nə tələb olunursa, həmişə büdcəyə uyğun olaraq onları almağa çalışırıq”.

““Sifariş”lər dərslər başlayandan sonra gələcək…”

Bu il övladının birinci sinifə gedəcəyini deyən Xatirə xanım isə bütün ləvazimatların baha olmasından gileyləndi: “Həqiqətən çox bahalıqdır. Həm məktəb ləvazimatları, həm də geyim çox bahadır. 6 il əvvəl 100 manata bütünlüklə bir uşaq üçün lazım olan məktəb bazarlığını etmək olurdusa, indi bir uşağı məktəbə yola salmaq üçün ən azı 250-300 manat lazımdır. Kiçikyaşlı uşaqlar üçün dəstlər 40 manatdan başlayır ki, bura yalnız pencək və ətək daxildir. Digər geyim elementlərini də alanda kifayət qədər böyük vəsait edir. Üzərinə çanta və digər məktəb ləvazimatlarını da gələk. Nəzərə alsaq ki, ölkəmizdə əməkhaqları o qədər də yüksək deyil. Bu, 2 və ya 3 uşaqlı ailələr üçün çətinliklər yaradır. Hələ dərslər başlayandan sonra da “iş dəftərləri”, test kitablarının “sifarişi” veriləcək…”