BolgeXeber.Com » Sosial » Avtobus sürücüləri Tarif Şurasını saymır

Avtobus sürücüləri Tarif Şurasını saymır

4-05-2013, 12:40
Oxunub: 5 627 Vətəndaşlar 123 saylı avtobusda hökm sürən acınacaqlı vəziyyətdən narazılıq edirlər.

Nəqliyyat Nazirliyindən mətbuata verilən açıqlamada bildirib ki, ictimai nəqliyyatda gediş haqlarının artırılması zərurəti yaranıb. Buna səbəb kimi özəl sektorun müraciəti göstərilir ki, guya həmin müraciətdə sahibkarlar gəlirlərinin xərclərini ödəmədiyi barədə şikayət ediblər. Əslində nazirliyin gediş haqqının artırılması ilə əlaqədar belə əsaslandırılmamış açıqlama verməsi gülməli görünür. Çünki ictimai nəqliyyatda qiymət artımının reallaşdırılması zamanı təkcə sahibkarların deyil, eyni zamanda vətəndaşların da maraqları nəzərə alınmalıdır. Nəqliyyat tənzimləyicisinin heç bir iqtisadi əsas gətirmədən sadəcə, sahibkarların şikayəti əsasında Tarif Şurasına müraciət etməsi isə qaranlıq məqamlardan xəbər verir. Hazırki şəraitdə əslində sözügedən qurumdan gediş haqlarının artımı ilə bağlı hansısa əsaslandırılmış açıqlama gözləmək sadəlövhük olardı. Bunu sübut etmək üçün sadəcə ictimai nəqliyyatda monopoliyanın kimin əlində olmasına diqqət yetirmək kifayətdir. Belə halda nazirliyin ictimai nəqliyyatda qayda-qanunun yaradılması, xidmət səviyəsinin yüksəldilməsindən deyil, gediş haqqının artırılmasından danışması təbii hesab olunmalıdır. İctimai nəqliyyatda gediş haqlarının artırılmasının iqtisadi əsasının olmamasını sübut etmək üçün elə də baş sındırmağa ehtiyac yoxdur. Sadəcə istənilən marşrutun bir günlük gəlir və xərclərinin monitorinqinin aparılması ilə bu məsələyə aydınlıq gətirilə bilər. Tutaq ki, şəhərdəki iritutumlu avtobuslarda 50-60 sərnişinə görə gündəlik 100 manat plan qoyulur. Və nazirliyin təbiri ilə desək, bu planı yığmaq çətinlik yaradır. Axı hamıya bəllidir ki, həmin avtobuslar gün ərzində hər reysdə bir-birinin belində 100-120 sərnişin daşıyırlar. Bəs ikiqat yığılan planın pulu hara gedir? Belə çıxır ki, sərnişinlərə rahat şərait yaradılması əvəzinə, onlardan bellərində apardıqları sərnişinə görə də pul istənilir.

Qeyd etmək yerinə düşərdi ki, indiyə qədər ölkənin nəqliyyat infrastrukturunun inkişafı istiqamətində görülən tədbirlər heç bir səmərə verməyib. Son illər ərzində müasir tələblərə cavab verən yolların çəkilməsinə, ölkəyə yeni iritutumlu avtobusların gətirilməsinə, ən nəhayət intellektual idarəetmə sisteminin quraşdırılmasına baxmayaraq hələ də insanlar sərnişindaşıma ilə əlaqədar əziyyət çəkməkdədir. Xüsusən, respublikada sərnişindaşıma sahəsindəki problemlər uzun illərdir ki, davam etməkdədir. Yolların genişləndirilməsi, dairəvi magistral yolların çəkilməsi də sözügedən problemin həllində əhəmiyyətli rol oynaya bilməyib. Vəziyyət o həddə çatıb ki, artıq paytaxt Bakıda avtomobillə hərəkət mümkünsüz olub. Yəni, uzun-uzadı tıxaclarda saatlarla qalmaq paytaxt sakinlərinin gündəlik həyat tərzinə çevrilib. İş orasındadır ki, sərnişindaşıma sahəsindəki problemlərin aradan qaldırılması istiqamətində görülən tədbirlər də müsbət nəticə vermir. Əksinə, belə addımlar insanlar üçün əlavə problemə çevrilir. Sözügüdən prosesə “işbazlar”ın da müdaxiləsini əlavə etsək, vəziyyətin nə qədər acınacaqlı olduğunu görmək elə də çətin olmaz. Son günlər sərnişinlərin ən çox üzləşdikləri problemlərdən biri də avtobusların xətdən çıxarılmasıdır ki, bununla insanlar ikiqat əziyyətə düşmüş olur. Bu əziyyət həm mənzil başına çatmaq, həm də maddi vəziyyətə mənfi təsiri ilə müşayiət olunur. Özəl sektor tərəfindən qeyri-qanuni qiymət artımı, marşrutlardakı özbaşınalıq və ən nəhayət sürücülərin mədəniyyətsizliyi sərnişinləri təngə gətirib. Vəziyyət o həddə çatıb ki, sərnişinlərdən kimin hansı qapıdan avtobusa minməsi, harada oturması, kimin hansı dayanacaqda düşməsi barədə sürücülər qərar verir. Belə problemlər Bakıətrafı kənd və qəsəbələrə gedən avtobuslarda demək olar ki, hər gün qeydə alınır. Belə ki, redaksiyamıza müraciət edən vətəndaşlar konkret olaraq 123 saylı avtobusda hökm sürən acınacaqlı vəziyyətdən narazılıq edirlər. Vətəndaşların bildirdiyinə görə, sözügedən avtobus Azadlıq metrosu-Corat marşrutu üzrə işləsə də aradakı kənd və qəsəbə sakinlərinin bu marşrutdan istifadə imkanları məhduddur. Belə ki, həmin ərazidə yaşayan vətəndaşlar yalnız gündüz saatlarında bu avtobusdan istifadə edə bilərlər. Səhər və axşam vaxtları isə sürücülər özbaşına olaraq onları bu hüquqdan məhrum edirlər. Baxmayaraq ki, avtobusda Azadlıq prospekti-Binəqədi 20, Novxanı 30, Corat 40 qəpik yazılıb, lakin sürücülər yalnız Novxanı sakinlərinin avtobusdan istifadə hüquqları olduğunu bildirirlər. Təsadüfdən avtobusa minən Binəqədi sakinləri düşən zaman mütləq söyüş və təhqirə məruz qalırlar. Sürücülər sərnişinlərin onların xəbərdarlığını nəzərə almadan avtobusa mindiklərini əsas gətirərək lazımi dayanacaqda deyil, kilometrlərlə aralıda saxlayırlar. 123 saylı avtobusda yaşanan digər problem kimin hansı qapıdan minib-düşməsi ilə bağlıdır. Belə ki, sürücülər yalnız Hovxanıda minən kişilər üçün qabaq qapını açırlar. Digər vaxtlar kişilər arxa, qadınlar isə qabaq qapıdan minməlidir. Əks halda sərnişinlər arasında mütləq dava-dalaş düşməlidir. Son zamanlar isə bu məsələ daha da aktuallaşıb. Belə ki, dispetçerlərin iş yerində olmaması ucbatından demək olar ki, hər gün eyni proses davam etməkdədir. Özbaşınalıq o həddə çatıb ki, sürücülər və onlara dəstək verən gənclər irəli qapıda dayanaraq kimin hansı qapıdan minəcəyini müəyyən edirlər. Haqqını tələb edən sərnişinləri isə ümumiyyətlə avtobusdan düşürürlər. Sözügedən marşrutda üçüncü yaşanan problem sürət həddi ilə bağlıdır ki, heç kim sürücülərə “asta sür maşını” deyə bilməz. Çünki axşam saatlarında sürücülərin əksəriyyəti aqressivləşir, bəziləri isə sanki “hallı” olurlar. Binəqədi yolundakı tıxacdan çıxan sürücülər itirdikləri vaxtı Novxanı-Corat yolunda qazanmağa çalışırlar. Bu isə vətəndaşların mənzil başına sağ-salamat çatması baxımından olduqca təhlükəlidir. Məhz bunun nəticəsidir ki, tez-tez həmin yolda insan ölümü ilə nəticələnən avtobus qəzaları baş verir. Sərnişinlər isə dərdlərini deməyə ünvan tapa bilmirlər. Çünki, 123 saylı avtobusun sahibi sərnişinlər arasına çıxmır, dispetçerlər isə prosesi sürücülərin ixtiyarına buraxıblar. Məsələ orasındadır ki, sərnişinlərin alternativ nəqliyyatdan istifadə imkanları da yoxdur. Dəfələrlə aidiyyəti orqanlara müraciət edilməsinə baxmayaraq xəttə alternativ marşrutların buraxılması mümkün olmayıb. Baxmayaraq ki, ətraf kənd və qəsəbələrdə yaşayan insanların sayı dəfələrlə artıb. Yalnız bir gün Corat-Memar Əcəmi marşrutu xəttə buraxılıb və dərhal da yığışdırılıb. Çünki, 123 saylı avtobusun sahibi buna imkan vermir. Çünki, marşrut sahibi Tarif Şurasının qərarının əleyhinə çıxaraq müəyyən edilmiş 30 qəpiklik gediş haqqı əvəzinə özbaşına 40 qəpik müəyyən edib. Özü də bu vəsait sərnişinlərdən illərlədir ki, zorla alınır. Tarif Şurasından verilən məlumata görə, 26 aprel 2013-cü il tarixində keçirilmiş iclasda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin tariflərinə baxılmış və tariflər dəyişdirilmədən əvvəlki kimi saxlanılıb. Belə ki, şəhərdaxili marşrutlarda sərnişindaşıma tarifi əvvəlki kimi 20 qəpik təsdiqlənib, şəhərətrafı və qəsəbələrarası marşrutlar isə mövcud tariflərə uyğun olaraq məsafələr üzrə qruplaşdırılıb. Tarif Şurasının qərarına əsasən 123 saylı marşrutda gediş haqqı 30 qəpik müəyyən edilib. Elə isə marşrut sahibi hansı haqla sərnişinlərdən 40 qəpik yığır?