Azərbaycanda toy etmək neçəyə başa gəlir?
23-04-2011, 11:20
Oxunub: 8 458
Gəlin toylarımızı elə edək ki, sonra şadlıq sarayının sahibləri bizə toy tutmasın
Toy eləmək niyyətində olanların nəzərinə! Bilirsinizmi, indi toy neçəyə başa gəlir? Bilmirsinizsə, müasir toy adət-ənənələrinin nə qədər pul tutduğunu hesablamışıq. Əslində indi nə bu təklifi səsləndirən oğlan var, nə də ki, bu təklifə cavab verərək ailə qurmaq istəyən qız. Bu gün ailə qurmaq istəyən gənc çox düşünməli olur, çünki toy etmək üçün öncə cib dolu olmalıdır. Əvvəllər toy edəndə, qohum-əqraba, tanış-biliş yığışar toy edərdi. Toy da, yeməklər də, bəzək-düzək də sadə olardı. Dövr müasirləşdikcə, toylar da bir növ müasirləşib, həm də şablonlaşıb.
Təbii ki, xalqımız adət-ənənədən çıxmır. Elə götürək xınayaxdını. Əvvəllər bu mərasimlər sadə olardı. Toydan bir gün öncə ən yaxın qohumlar qızın evinə gedər, simvolik olaraq xına yaxaraq xeyir dua verərdilər. Bunun üçün isə o qədər də böyük xərc tələb olunmurdu. Bir kasa xına, bir xonça da konfet və gəlinin toy günü geyinəcəyi gəlinlik. Amma artıq qədim adətlərimizdən olan xınayaxdı etmək üçün də əməlli-başlı xərc tələb olunur. Aktrisa Tünzalə Əliyeva xınayaxdı mərasimlərinin təşkili ilə məşğul olan firma açıb. Bu firmada nə istəsən tapmaq olar. Keçmişi xatırladan bütün simvolik personajlar, xonçalar və s. Amma təbii ki, bu cür xınayaxdı mərasimini də keçirmək hər insana nəsib ola bilməz.
Qiymətlərdən söz açan Tünzalə Əliyeva bunları deyir: "Gələcəyə getmək üçün keçmişi körpü eləmək lazımdır. Bir neçə il olar ki, xüsusi adamlar firmalar açıblar, xınayaxdı mərasimləri edir. Zövqlər dəyişib. Xınayaxdının içinə də müasirlik qatılıb. Hər şey içində olmaq şərtdirsə, musiqisi, oxuyanı, videosu-bunlar hamısı xanımlardır. Şəkil çəkəni də, qulluq edən xanımlardırsa, 2-3 saatlıq məclis, əlbəttə ki, yeməkdən başqa hər şey bizdən olmaq şərtilə ən azı 3000 manat olsun ki, bunu təşkil etmək olsun".
Xınayaxdıdan sonra toy. İndi toyların da keçirilməsi əməlli-başlı işdir. Habil Ağamalıyev toy təşkilatçılığı ilə bağlı yaradılan şirkətin baş prodüseridir. Deyir ki, toy çox vaxt aparan prosesdir, bəzən ailələr buna 1-2 ay vaxt sərf edir. Toy sahibləri əlləri cibində olsalar, toy təşkil edən şirkətlərə müracət edərək işlərini asanlaşdıra bilərlər.
H.Ağamalıyev Azərbaycanda toyun bütün işlərini mərkəzləşmiş bir təşkilata etibar edən ailənin olmadığını deyir: "Bu, Avropa ölkələrində, Rusiyada var, gəlirlər şirkətə müracət edirlər və arxayınlıqla toy gününü gözləyirlər. Bizdə isə toy üçün bir neçə detal lazımdırsa, onlardan müəyyən hissəsini bizə gəlib müraciət edirlər. Məsələn, bəy-gəlin filmləri, fotosessiya, toyun bəzədilməsi, bəy-gəlin maşınları. Bu siyahını uzatmaq olar.
Amma toya bəzək-düzər verən şirkətin də müəyyən məbləğləri var. Məsələn, fotosessiyanın ən aşağı qiyməti 150 manat, gəlin-bəy üçün videoklipin yığılmasının ən aşağı qiyməti 250 manatdır. Nəzərə alsaq ki, burada gəlin maşını, toy salonunun bəzədilməsinin də fərqli qiymətləri var. O zaman təxmini bu prosesə çıxacaq xərci hesablamaq da olar. Ən aşağı 1500 manatın olmalıdır”.
Amma toy təşkilatçılığı ilə məşğul olan Habil deyir ki, bu gün Azərbaycan toyları nə Şərq üsülü ilə keçirilir, nə də Avropa. Hər iki tərəfdən alınan qaydalar toyları bayağılaşdırır. Habil deyir ki, bu gün toylarda sifariş olunan yeməyin hamısı yeyilmir. Digər tərəfdən toy proqramlarında ixtisarlar aparılmalıdır. Bu, dolayısı ilə xərclərin azalmasına təsir göstərəcək. Yəni dəbdəbəli toy keçirmək istəyən şəxs yüksək məbləğli vergi ödəməlidir.
İndi Azərbaycanda bir-birindən yaraşıqlı şadlıq sarayları və bu sarayların da bir-birindən bahalı qiymətləri var. Şadlıq saraylarından birinin baş inzibatçısı Nazim Dadaşzadə deyir ki, indiki gənclər dekorasiyaya, valideynlər isə menyuyua diqqət edir: "Yeməklərin çoxluğu, bizim Azərbaycanın belə qaydası var, nə qədər çox olsa, o qədər gözəldir. Keyfiyyəti yaxşı olanda, müştərilər də üstünlük verir. Yeməyə çox fikir verirlər. Baxırlar ki, o menyuda nə var, hansı salatlardır, hansı isti yeməklərdir".
Bu gün toy mərasimləri orta statistik ölkə vətəndaşının illik büdcəsinin 30-40 faizini təşkil edir. İstər MDB, istərsə də Qərb ölkələrindən fərqli olaraq Azərbaycandakı toy mərasimləri əhalinin xərcinin əsas hissəsini təşkil edir. Elə inzibatçının bir toy üçün vətəndaşa lazım olan məbləği deməsi də bunu göstərir: "Bütün hər şey içində 200 nəfərlik toy orta qiymətlə götürəndə, təxminən 10 min manat tutur. Qiymətlərdən asılıdır, elə şadlıq sarayları var, 15 -17 min manata gəlib çıxır".
Əgər toyda xərclər azalsa, toydan sonra nə gəlin və bəy girov qalar, nə də valideynlər bəylə gəlinin övladları dünyaya gələnə qədər toydan qalan borcları ödəməz. Amma bütün bu toy mərasiminin sonunda bir ailənin təməli dayanır və toya o qədər məsrəf etməkdənsə, gənc ailənin gələcəyi və rahat yaşamını təmin etmək toya çəkilən əlavə xərclərin hesabından nələrsə etmək olar. Qardaş Türkiyə və ya özümüzü bənzətmək istədiymiz avropalılar kimi. Bu ölkələrdə gənclər nigaha gedər, sonra isə ən yaxın insanları ilə əylənər, şirniyyat süfrəsi və ya tək bir çeşiddən ibarət yeməklə kifayətlənərlər. Onlar həyatlarını ən önəmli günündə əylənməyə üstünlük verirlər.
Biz də toylarımızı elə edək ki, sonra şadlıq sarayının sahibləri bizə toy tutmasın. Toyunuz olsun!
Çox Oxunanlar
- 23-11-2024, 17:53 : Arda Gülerin yeni klubu bəlli oldu
İdman / Xəbərlər
- 30-11-2024, 17:50 : Türkiyə əhaliyə XƏBƏRDARLIQ ETDİ
Dünya / Xəbərlər
- 16-11-2024, 18:55 : Sabah banklar işləyəcək?- Rəsmi
Xəbərlər / İqtisadiyyat
- 22-11-2024, 15:43 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 27-11-2024, 17:50 : Cəlilabadda zəlzələ oldu
Xəbərlər / Ölkə
- 29-11-2024, 17:50 : Masazırda evdə uçqun olub- ÖLƏNLƏR VAR
Xəbərlər / Ölkə
- 26-11-2024, 17:48 : Əli Əsədov qərar imzaladı
Siyasət / Xəbərlər
- 25-11-2024, 17:51 : Məşhurlar hakim qarşısına çıxarılacaq
Şou-Biznes
- 11-11-2024, 12:41 : Serdar Ortaç axtarlşa verildi
Şou-Biznes
- 13-11-2024, 13:30 : Emin Ağalarov məhkəmədə 1,7 milyon uddu
Şou-Biznes