BolgeXeber.Com » Sosial » Koronavirus toy biznesinə ziyan vurub: -"Telefonlar dayanmır, toy təxirə salınır, gəliş-gediş azalıb"

Koronavirus toy biznesinə ziyan vurub: -"Telefonlar dayanmır, toy təxirə salınır, gəliş-gediş azalıb"

14-03-2020, 11:57
Oxunub: 4 339
Koronavirus toy biznesinə ziyan vurub: -"Telefonlar dayanmır, toy təxirə salınır, gəliş-gediş azalıb"
Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah adamların sıx toplaşdığı məkanlarda koronavirusa yoluxma riski yüksək olduğundan qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınmasını, yas mərasimlərinin isə kütləvi keçirilməməsini tövsiyə edib.

Belə ki, bu tövsiyədən sonra artıq sosial şəbəkələrdə bir neçə nəfərin toyunu təxirə salmasının da şahidi olmuşuq.

Hətta jurnalist Bəxtiyar Hacıyev də koronavirusa yoluxma hallarının artmasını, virusun coğrafiyasının genişlənməsini, eləcə də kütləvi tədbirlərin təxirə salınması ilə bağlı təşəbbüsü nəzərə alaraq nişan mərasimini ləğv etdiyini, toy mərasimini isə təxirə salaraq iyulun əvvəlləri edəcəyini deyib:

“Açığı, toyla bağlı bir neçə restoranla danışmışdıq, amma məlum məsələlərlə əlaqədar hələ qərar verməmişdik. Nişanı isə hansısa restoranda etməyəcəkdik”.

Maraqlıdır, görəsən, restoranlarda vəziyyət necədir?

“İmperial” şadlıq sarayından verilən açıqlamada bildirilib ki, toy sahibləri mövcud vəziyyətlə maraqlansa da, heç bir toy təxirə salınmayıb:

“İnsanlar müraciət edr, bu məsələ ilə maraqlanırlar, kiminsə toyunu təxirə salıb-salmadığını öyrənmək, vəziyyətdən xəbərdar olmaq istəyirlər. Amma toyunu təxirə salan yoxdur. Bizdə hər gün toydur. Dezinfeksiya işləri isə gecə toydan sonra aparılır. Həmçinin restoranın girişinə qonaqların əllərini sterilizasiya etmək üçün spirt də qoyulub. Bunu toy sahibləri yox, rəhbərlik təşkil edib”.

“Xan sarayı”nda vəziyyət bir qədər fərqlidir. Belə ki, bu restoranda toylar təxirə salınmasa belə, sifarişlərdə azalma baş verib:

“Mart-aprel aylarına kim yazılıbsa, yazılıb, amma ondan sonrakı aylara gəlib yer tutan azdır, 1-2 nəfər ancaq olar, o da koronavirusla bağlı gəzən söz-söhbətlə əlaqədardır. Bəlkə də toy etmək istəyirlər, amma təşvişə düşüb gözləməyi seçirlər. Mart-aprel aylarında olacaq toyların heç biri təxirə salınmayıb, sadəcə zəng vurub maraqlanıblar ki, toylar təxirə salınırmı? Biz də bildirmişik ki, bununla bağlı aidiyyəti qurumlar tərəfindən bizə göstəriş verilməyib. Belə bir şey yoxdur. Dezinfeksiya işləri isə mütləq şəkildə aparılır. Tək toy edənlərə, qonaqlara görə yox, həm də özümüzə görə bu məsələyə həssas yanaşırıq. Biz də insanıq, biz də yaşamaq istəyirik. Lakin restoranın girişində dezinfeksiya üçün xüsusi avadanlıq yerləşdirməmişik. Bizdən elə bir şeyi tələb edən olmayıb. Dezinfeksiya ümumi aparılır”.

“Kolizey” şadlıq sarayında isə digərlərindən fərqli olaraq artıq bir neçə toy təxirə salınıb:

“Zəng vurub toylarla bağlı problemin olub-olmadığını soruşurlar. Sadəcə gəliş-gediş azalıb. Hamısı köhnədən yazılan toylardır, gün ərzində əvvəl heç olmasa 1-2 müştəri gəlib maraqlanırdı, indi vəziyyət dəyişib. Hər dəqiqə zəng vurub toyların təxirə salınıb-salınmadığını soruşurlar, telefon dayanmır. 1-2 toy artıq təxirə salınıb, hansı ki, aprel ayında olacaqdı. Onsuz da yanvar, fevral, mart ayı əvvəldən zəif ay olub. Dezinfeksiya işləri qaydasındadır, iki dəfə dezinfeksiya eləmişik, amma onsuz da bizdə toylarda zəiflik var, bu ay üç toy var, onlardan ikisi olub. Koronavirus olmasa belə, bizdə dezinfeksiya işləri aparılır. Dövlət tərəfindən onsuz da nəzarət var, hər ay şadlıq evləri nəzərdən keçirilir, həkimlər yoxlayır, virus oldu-olmadı onlar arayış təqdim edirlər, özləri gəlib dezinfeksiya etdirirlər. Həmçinin biz də məsələyə diqqət ayırırıq”.