BolgeXeber.Com » Sosial » Prezident TWITTER-də ölkədəki problemlərdən yazir

Prezident TWITTER-də ölkədəki problemlərdən yazir

26-04-2011, 12:05
Oxunub: 6 062 “Ölkədə işsizlik var, bu məni narahat edir...”

Prezident İlham Əliyev 2011-ci ilin 4 ayı ərzində dünyanın ən böyük mikrobloqu olan “Twitter”də özünün “İlham Əliyev@azpresident” səhifəsində Azərbaycan və ingilis dillərində bir sıra şərhlər yazıb. Modern.az-ın əməkdaşı prezidentin “Twitter”səhifəsindəki kommentlərə nəzər salıb. Dövlət başçısı burada müxtəlif məsələlərə dair özünün şərhlərini verib.
Yanvarın 1-də İ.Əliyev yazıb ki, “dünyada yaşayan bütün soydaşlarımız bilməlidirlər və bilirlər ki, onların arxasında güclü, qüdrətli, müasir, azad Azərbaycan dövləti dayanır”.
Azərbaycanın Avropa Şurasına üzv olmasının 10 illiyi ilə bağlı prezident qeyd edib ki, “müstəqilliyimizin ilk günlərindən biz Avropa İttifaqının dəstəyini hiss etmişik və indi də hiss edirik”.
Prezident “Twitter” səhifəsində ölkədəki problemlərə də toxunub. İ.Əliyev yazıb ki, iqtisadi, sosial, ictimai sahədə bütün problemlər tezliklə öz həllini tapmalıdır. “Mövcud olan problemləri operativ qaydada həll etməliyik”.
“İnsanlar rahat yaşamalıdır, sosial ədalət prinsipləri tam şəkildə bərqərar olmalıdır. Nöqsanlarla çox ciddi mübarizə aparılmalıdır”-deyə dövlət başçısı fevral ayında qeydində yazır.
Özəl sahibkarlıq sahəsi də prezidentin diqqətindən kənarda qalmayıb. Fevralın 10-da “Twitter”də yazdığı şərhində prezident sahibkarların fəaliyyətinə əsassız müdaxiləni pisləyir.
“Sahibkarların fəaliyyətinə əsassız müdaxilələrə, lazımsız yoxlamalara son qoyulmalıdır”-deyə o qeyd edir.
“Bu ilin əvvəlində mən bu məsələlərlə bağlı müvafiq göstərişlər vermişəm: ölkədə ictimai nəzarət daha da güclü olmalıdır.Rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır. Elə etməliyik ki, Azərbaycanda bu xoşagəlməz halları aradan götürək. Bunu etmək üçün hamımız - iqtidar və vətəndaşlar bir hədəfə vurmalıyıq. Mən Azərbaycan vətəndaşlarından xahiş edirəm ki, ədalətsizliklər haqqında Prezident Administrasiyasına və digər qurumlara məlumat versinlər. Biz də bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq. Burada bütün ictimaiyyət, bütün vətəndaşlar bir olmalıdırlar”-deyə dövlət başçısı səhifəsində yazıb.
14 fevralda yazdığı şərhlərdə isə prezident dünyanın ikili standart siyasətindən narazılıq edib.
“Hələ ki dünyada ikili standartlar siyasəti mövcuddur”-deyə İ.Əliyev yazıb.
Fevralın 14 -də qoyduğu növbəti şərhində prezident Xocalı hadisələri ilə bağlı fikrini ifadə edib.
İ.Əliyev yazır ki, “ermənilər Azərbaycandakı bəzi adamların çirkin bəyanatlarından istifadə edib, Xocalı faciəsi haqqında tam yalan təsəvvür yarada bilmişdilər”.
Dövlət başçısının aprel ayı ərzində “Twitter”də yazdığı şərhlər də maraqlıdır. Prezident ölkədə srat verdiyi islahatlara toxunaraq yazır ki, həm idxalda, həm də ki, daxili istehsalda inhisarçılığa qarşı mübarizə daha da güclü aparılmalıdır.
Prezident dünən yazdığı şərhdə isə ölkədəki işsizlik məsələsinə toxunub. Dövlət başçısı qeyd edib ki, ölkədə işsizlik problemi var: “Bu problem bizi narahat edir və elə etməliyik ki, işsizliyin aradan qaldırılması üçün daha da fəal olaq”.