BolgeXeber.Com » Sosial » “Nə pulumu, nə də mənzilimi ala bilmirəm”

“Nə pulumu, nə də mənzilimi ala bilmirəm”

22-05-2013, 13:35
Oxunub: 5 422 “İN Eksklyüziv Servis” MMC adlı tikinti şirkətinin rəhbəri Ələkbər Zeynalov məni aldadıb, 20 min manatımı mənimsəyib. Hazırda özü həbsdə olsa da, şəriki “Şərurlu” adı ilə tanınan İsfəndiyar Axundov mənə olan borcu qaytarmaq istəmir. Dəfələrlə qəbulunda olmuşam, şikayətimi bildirmişəm. Amma xeyri olmayıb. İsfəndiyar Axundov altı aydır ki, məni süründürür. Əvvəlcə vəd verdi ki, 20 min manatı hissə-hissə qaytaracaq. Sonuncu dəfə isə qəbulunda olanda dedi ki, Ələkbər Zeynalov adlı birini tanımır, pulu qaytarmayacaq və “hara istəyirsən get şikayət et”.
Bu sözləri “Yeni Müsavat”a gələn şikayətçi Ziyafət Hüseynov bildirdi. Onun sözlərinə görə, artıq prezidentdən başqa ümid yeri qalmayıb. O, başına gələnləri nəql edərək söylədi ki, “Şərurlu İsfəndiyar” onu süründürür: “2010-cu il oktyabrın 4-də ”İN Eksklyüziv Servis" MMC tikinti şirkətinə binanın inşası üçün beton materialları verdim. Bu malların maya dəyəri 27 min manat idi. Əvəzində həmin binada mənə ümumi sahəsi 125 kvadrat olan mənzili girov kimi verdilər. Ki, əgər problem çıxsa mənzil mənim olsun. Bir müddət sonra şirkət rəhbəri Ələkbər Zeynalovun dələduzluğu üzə çıxdı və həbs olundu. Ona 11 il həbs cəzası verilib. Ortada mənim pullarım getdi".

Z.Hüseynov qeyd etdi ki, binanın tikintisi yarımçıq dayanıb və yaşayış yoxdur: “Mənzil mənimdir. Ancaq orada yaşayış yoxdur. Bina yarımçıq qalıb. Ələkbər Zeynalov ”Şərurlu İsfəndiyar" la şərik olub. Zeynalov həm özü, həm də İsfəndiyar üçün ev tikib. O, məhkəmədə pulu verə bilmədiyini etiraf etdi. İsfəndiyar 45 nəfərə ev verib, bir başqasına armatur verib, demək olar ki, hamının pullarını qaytarıb. Təkcə mən qalmışam. Altı aydır bizi süründürür. Axırda dedi ki, müştəri tap, həmin evi satıb sizə pulunu verim. O mənzili kim alacaq? Yaşayış yoxdur, 8 mərtəbəsi tikilib yarımçıq qalıb. Gələcəkdə tikiləcəyi gözlənilmir. Mən o evi kimə satım? Sonuncu dəfə də yanına getdik. Dedi ki, Ələkbər Zeynalovu tanımıram".