BolgeXeber.Com » Sosial » “İbtidai sinif şagirdlərinin məktəblərə daha çox ehtiyacı var” - Deputat

“İbtidai sinif şagirdlərinin məktəblərə daha çox ehtiyacı var” - Deputat

22-08-2020, 10:59
Oxunub: 5 155 "Yeni tədris ili yaxınlaşır. Hazırda cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri təhsil müəssisələrinin açılıb-açılmamasıdır. Valideyni həm övladının təhsili düşündürür, həm də koronavirus (COVID-19) pandemiyası şəraitində məktəblərin açılmasının xəstəliyə yoluxma hallarının artmasına təsir göstərəcəyi narahat edir".

Bolgexeber.com xəbər verir ki, bu fikrləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov yeni dərs ilinə hazırlıq, COVID-19 pandemiyası şəraitində təhsil müəssisələrinin fəaliyyətinin bərpası istiqamətində təkliflərə dair münasibət bildirərkən söyləyib.
 
Deputat bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı payızda koronavirus pandemiyasının növbəti dalğasının olacağını elan edib: “Azərbaycanda Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlər müsbət nəticələrini verdi, yoluxanların sayı aşağı düşdü, sağalanların sayı isə xeyli artdı. Ancaq yumşalma prosesi başlandıqdan sonra yoluxma sayının gündəlik artımı müşahidə edilir. Açıq havada restoranların fəaliyyətinə də imkan yaradıldığını nəzərə alsaq, yoluxmada növbəti artımı müşahidə edə bilərik. Əlbəttə, hazırda yoluxanların statistikası tam nəzarətdədir və Operativ Qərargahın hesablamalarına uyğundur. Ancaq qapalı məkanlar, xüsusən məktəblərin açılması bu prosesi nəzarətdən çıxara bilər”.

M.Həsənov Təhsil nazirinin iştirakı ilə Milli Məclisin Elm və təhsil komitəsinin üzvlərinin bu mövzu ilə bağlı müzakirələr apardığını, çoxsaylı təkliflər verildiyini diqqətə çatdırıb. Səsləndirilən təkliflər sırasında “hibrid tədris”in daha əlverişli olduğunu deyən deputat bu metodla bağlı fikirlərini bölüşüb: “İbtidai sinif şagirdlərinin məktəblərə, qəbul imtahanlarına hazırlaşan abituriyentlərin isə əyani tədrisə daha çox ehtiyacı var. İbtidai və 11-ci sinif şagirdləri üçün dərslərin məktəbdə təşkilinə Təhsil Nazirliyi tərəfindən yenidən baxılmalıdır. Nəzərə almaq lazımdır ki, xüsusilə ibtidai siniflərdə şagirdlərin sayı çoxdur, əksər məktəblərdə onların sayı 30-a yaxındır. Bu sinifləri iki yarımqrupa bölmək, hər yarımqrup üçün həftədə 3 gün tədris müəyyənləşdirmək olar. Həmçinin dərs saatının qismən azaldılması, yəni 45 dəqiqədən 35-40 dəqiqəyə endirilməsi məsələsi aktualdır”.


Milli Məclisin deputatı digər siniflər üçün tədris prosesinin onlayn qaydada aparılmasının daha məqsədəuyğun olduğunu vurğulayıb:

“Hazırda Bakıda müəyyən vaxtlarda sıxlıq yaşanır. Məktəblərin açılması zamanı bu sıxlıq daha da artacaq. Bu isə yoluxmaya öz təsirini mütləq göstərəcək. Bu baxımdan 5-10-cu siniflərin dərsə onlayn qaydada davam etməsi vəziyyətdən çıxış üçün nəzərdən keçirilə bilər. Tədrisi məktəbdə davam edən şagirdlərin temperaturunun ölçülməsi, onların gigiyenik vasitələrdən və qoruyucu maskalardan istifadəsi zəruridir”.