Nazirin bacara bilmədiyi məmur…
5-06-2013, 13:10
Oxunub: 7 178
Füzuli Ələkbərovun qəbul etdiyi vətəndaşın problemi niyə həll olunmur?
Acınacaqlı durumda yaşayan qaçqın ailəsinə verilən sosial yardımı məmurlar mənimsəyib
“Altı ildi Suraxanı rayonunda yaşayırıq. Beş ildi bu ərazidən sosial yardım alırıq. Yarısını özləri yeyirdi. Arada kartları bizə vermədilər. Qırğın-dava ilə ala bildik. Onda da 2-3 ayın özlərinə götürdülər. O pulu da alanda bir gözümüz görürdü, biri görmürdü. Mən özüm də ərazi təmizliyinə baxıram “komxozda” işləyirəm. Bu evdə ayı 200 manata kirayədə qalıram. Sığorta xərcləri tutulduqdan sonra ayda 150-170 manat arası maaş alıram. Ötən ilin avqust ayında beşinci uşağım anadan oldu. Bizim əraziyə baxan idarədə çalışan mənə dedi ki, sentyabr ayında uşağın sənədlərin gətir onun da payına düşən ümumi pula əlavə olunsun. Apardım. Yanvar ayına qədər idarəyə getdim-gəldim. Mənə deyirdilər ki, “yaşıl düymə” bizdə deyil, nazirlikdədi. Bu iş fevrala qədər çəkdi. Fevralda oranın müdiri Təvəkkül müəllimin yanına girdim. O, mənə dedi ki, uşağın bu zamana qədər verilməyən müavinətini istəsən pulun kəsiləcək. Mən pulu istədiyimi dedim. Bu ilin martından sosial yardım dayandırıldı. Sonra da mənə dedilər ki, şəxsi maşının var, ona görə sənə yardım düşmür”. Bu sözləri «Bizim Yol»a Ermənistandan qaçqın düşmüş Qalib Qədimov deyir.
Kirayənişin yaşadığı mənzilin yoxsul havası mənzilə daxil olan kimi hiss olunurdu. Evdə 8 insan yaşayır. Q.Qədimovun yaşlı anasıda onunla birgə qalır. Uşaqlarının 3-ü məktəbli 2-i isə körpədi. Aytac xəstəliyi ilə əlaqədar təhsilini davam etdirə bilmir. Müəllimləri də onların mənzilinə dərs keçməyə gəlmir. Dediklərinə görə, mənzil şəraiti buna uyğun deyil. Digər məktəbli Cəmalə isə 4-cü sinif şagirdi və əlaçıdı. Cəmalə məktəbi fərqlənmə diplomu ilə bitirib və buna görə ona 100 manat mükafat veriləcək. Atanın sözlərinə görə, onlar Cəmaləyə növbəti il üçün məktəbli formasını həmin pulla alacaqlar. Bir ata üçün bu sözləri deməyin nə qədər ağır olduğunu təsvir etməkdə acizəm düzü…
Onun böyük qızı Aytac 5 yaşından skalioz xəstəliyindən əziyyət çəkir. Ötən il skaliozun ən ağır - 4-cü dərəcəsində olduğunu görən valideyn ötən il qohum-əqrabanın yardımıyla onu İranda əməliyyat etdirib.
Aprel ayının axırında Q.Qədimov əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovla görüşür. Artıq 5 ildi ki, avtomobil sahibi olduğunu deyən ata bu maşında taksi kimi istifadə etmədiyini övladını tez-tez həkim yanına apardığını bildirdi: “Qızım əməliyyatdan sonra özünüz də görürsünüz ki, əsəbləri pozulub. Onun müalicəsi davam edir. Mən onu bu vəziyyətdə avtobusla necə apara bilərəm? Nazirin qəbulunda olanda da qızımın rentgen müayinəsinin nəticələrini də aparmışdım. Nazirə də göstərdim. Orda da komissiyanın həkimləri oturmuşdu. Onlar da baxdılar və təsdiqlədilər”.
Şikayətçini dinlədikdən sonra nazir göstəriş verir ki, vətəndaşın avqust ayından verilməyən pulu ödənilsin və onun vəziyyəti nəzərə alınaraq sosial yardımı bərpa olunsun. Q.Qədimov məmurların onu incidib-incitməyəcəkləri sualın isə nazir “mən göstəriş verdim qurtardı. Onun boğazını üzərəm” deyib.
Evinə qayıdan vətəndaş ərazilərindəki idarəyə komissiya gəldiyini və bir neçə şəxsin işdən azad edildiyini görür, ancaq onun problemi həll olunmamış qalır.
Bu hadisədən sonra nazirə təşəkkür məktubu yazan Q.Qədimov nazirliyə çağırılır. Orada da nazirliyin əməkdaşı Yalçın adlı şəxslə görüşüb. Həmin şəxs ona birdəfəlik müavinət olaraq 2000 manat pul təklif edib: “Mənə ərizə yazdırmaq istədi ki, sən bu pulu alaraq sosial yardımdan imtina edəcəksən. Mən imtina etdim. O zaman şöbə müdirinə zəng vurdu o da gəlib məndən soruşdu ki, “pulu niyə götürmürsən”. Mən də dedim ki, axı nazir mənim sosial yardımımı bərpa etməyi tapşırıb. Bu 2000 manat mənim nəyimə lazımdı?”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri İlham Məmmədovun sözlərinə görə, vətəndaşın istifadəsində şəxsi maşın olduğuna görə ünvanlı sosial yardım dayandırılıb: “Ünvanlı Sosial Yardım haqqında qanuna əsasən vətəndaşın istifadəsində minik maşını varsa sosial yardım dayandırılır. Ola bilsin ki, maşınının olmasını gizlədib. Vətəndaşı nazir dinlədikdən sonra oraya komissiya göndərilib, məlum olub ki, müvafiq qanunvericiliyə əsasən vətəndaşa yardım düşmür. Vətəndaşın iddia etdiyi 2000 manat isə qanuni olaraq təklif olunub. Onun öhdəsində əlil uşaq olduğu üçün əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara sosial reabilitasiyası proqramı çərçivəsində birdəfəlik yardım təklif olunub”.
Günəşli qəsəbəsində “B” massivində Q.Qədimovun qaynanasının evi olsa da, 1994-cü ildən həmin evdə Laçın rayonundan məcburi köçkün Yunis Tanrıverdiyev məskunlaşıb: “Evin qaynanama məxsus olduğunu məhkəmə də təsdiqləyir. Biz özümüz də Ermənistan qaçqınlarıyıq. Həmin evdə yaşayan da yaşlı bir kişidi. Oğlanları da var, onların da özlərinin evi var, ancaq həmin evdə tək yaşayır”.
1989-cu ildə Ermənistandan gələn qaçqınlara dövlət sərəncamı ilə mənzil verilib. Həmin zaman vəziyyət elə gətirib ki, Ermənistandan olan qaçqınların Dağlıq Qarabağ ərazisində yerləşdirilməsi qərarı alınıb. Buna görə ailə rayonlardan birinə üz tutub. Məlum hadisələrdən sonra onlar şəhərə qayıdıblar. Ancaq bu dəfə evlərini boş görməyiblər: “Həmin kişinin qızı o binada 7-ci mərtəbədə yaşayır. Görüb ki, ev nəzarətsizdi atasına deyib o, da həmin evi tutub. Bütün sənədlərdə də ev qaynanamın adınadı. Ali Məhkəmə də onun iddiasını təmin etməyib. Kişi bizi məhkəməyə vermişdi ki, evə qeydiyyatda olan ailə üzvlərimi ordan çıxarsın”.
Məhkəmə iddiaçının ərizəsini təmin etməsə də ailə hələ də kirayədə yaşayır. “Mənim soyuducumun qapısını aç, bax, vəziyyətim oradan bəllidi. İndi mən bu ailəni necə saxlayım? Kirayəmizi belə 2 aydı ödəyə bilmirəm. Uzun müddətdi onun evində yaşadığımıza görə bizi incitmir. Ancaq belə davam edə bilməz axı. Mənim biocə yolum qalır ki, uşaqlarımı da yığım maşına aparım töküm Prezident Administrasiyasının, nazirliyin qapısına… Başqa çıxış yolum yoxdu” -deyə şikayətçi söylədi.
Söhbətimizə qulaq asan Aytac isə tez-tez atasının sözünü kəsərək birnəfəsə “məni gəzməyə aparacaqsan? Məni gəzməyə aparacaqsan? Sonra demə pulum yoxdu” deyirdi…
Aytən Fərhadova
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər