İcra başçısı xadiməyə uduzdu –Azərbaycanda ilk
10-05-2011, 13:20
Oxunub: 8 530
“Dedim ki, mənim yaşım o yaş deyil ki, səni yoldan çıxarıb sənə ərə gedim...”
Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyası Zərdab rayon İcra Hakimiyyətinin xadiməsi Xəlilova Qərif Qaçay qızını öz işinə bərpa edib. Bu barədə Bolgexeber.com-a Qərif Xəlilovanın vəkili Asif Mahmudov verib. Vəkilin bildirdiyinə görə Xəlilova Qərif Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin 22 fevral 2010-cu il tarixli əmrinə əsasən səhhəti ilə əlaqədar işdən azad edilib. Zərdab rayon Məhkəməsi iddianı rədd edib. Qərif Xəlilovanın Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasına yazdığı apelyasiya şikayətində məsələnin məğzi göstərilib. Məlum olub ki, əmr onun səhhəti ilə bağlı verilsə də əslində səbəbi başqadır.
Q. Xəlilova şikayət ərizəsində bildirib ki, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev iş otağındakı stolunun siyirməsində kağızların altından üçkünc bükülmüş bir şey tapıb. Açıb baxanda onu caduya oxşadıb. Vəkil “Qafqazinfo”ya bu barədə deyib: “Çünki həmin kağızda yazılar, deyəsən, ərəbcə olub. Tez müavinlərini, şöbə müdirlərini otağına çağırıb. Hamı bükümün cadu olduğunu təsdiq edib. İcra başçısı kabinetinin axtarılması barədə göstəriş verib. Başçının sürücüsü də xidməti maşını axtarıb. Başçının otağından başqa cadu tapılmasa da, maşından da biri tapılıb. Daha sonra bir cadu da İcra Hakimiyyətinin girəcəyində əkilmiş gülün dibindən tapılıb. Çox məşvərət-məsləhətdən sonra başçı Lütvəli müəllim qərar verib: “Caduları xidmətçi Qərif arvad qoyub”. Ona görə də, məni Lütvəli müəllimin hüzuruna gətirdilər”.
Şikayətçi ərizəsində yazıb ki, “çox and aman elədim. Gördüm xeyri yoxdur, Başçı mənə inanmır, axırda dedim: “Ay başçı, mən nə üçün sənin otağına, maşınına dua qoymalıyam? Mənim yaşım o yaş deyil ki, səni yoldan çıxarıb sənə ərə gedəm, müavinin deyiləm ki, yerinə başçı olum. Sən get, müavinlərindən yapış, sənin yerinə göz dikənlərdən soruş”.
Q. Xəlilova apelyasiya şikayətində göstərib ki, savadsızdır, yazı yaza bilmir. İşdən çıxmaq barədə ərizəyə İcra Hakimiyyətinin təsərrüfat müdiri Əliyev Babək Əzəmməd oğlu tərəfindən aldadılaraq maddi yardım verilməsi adı ilə ona imza etdirilib. Bu zaman savadsızlığından, maddi imkansızlığından istifadə edilib. Ərizəyə imza etdiyi gündən onu işə buraxmayıblar. Səbəbini soruşduqda B.Ə.Əliyev özünün işdən çıxmaq barədə ərizə verdiyini deyib. Bir neçə gün sonra aldadıldığı, işdən qanunsuz çıxarılmağı barədə bir sıra rəsmi qurumlara, o cümlədən 03 mart 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə , 03 mart 2010-cu ildə Milli Məclisə, 10 mart 2010-cu ildə İcra Başçısı Lütvəli Babayevin özünə, 11 mart 2010-cu ildə Zərdab rayon İcra Hakimiyyəti Həmkarlar İttifaqı Komitəsinin sədri Məmmədova, 01 mart 2010-cu ildə Zərdab rayon Hakimi Ağaməhəmməd Qarayevə, 03 mart 2010-cu ildə Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, 03 mart 2010-cu ildə Milli Məclisin Deputatı Jalə xanım Əliyevaya rəsmi qaydada şikayətlər yazaraq poçt vasitəsilə göndərib. Həmin şikayətlərdə 22 fevral 2010-cu ildə aldadılaraq işdən çıxmaq barədə ərizəyə imza etdiyini, növbəti gündən etibarən işə buraxılmadığını göstərib. Şikayətlərin çoxu aidiyyatı qurumlar tərəfindən baxılmaq üçün 29 mart 2010-cu il tarixədək rayon İcra Hakimiyyətinə göndərilib.
Məhkəmədə Q. Xəlilovanın işdən qanunsuz azad edilməsi sübut olunub. Bu isə onu işə bərpa etmək üçün məhkəməyə kifayət edib.
Çox Oxunanlar
- 23-11-2024, 17:53 : Arda Gülerin yeni klubu bəlli oldu
İdman / Xəbərlər
- 30-11-2024, 17:50 : Türkiyə əhaliyə XƏBƏRDARLIQ ETDİ
Dünya / Xəbərlər
- 16-11-2024, 18:55 : Sabah banklar işləyəcək?- Rəsmi
Xəbərlər / İqtisadiyyat
- 22-11-2024, 15:43 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 27-11-2024, 17:50 : Cəlilabadda zəlzələ oldu
Xəbərlər / Ölkə
- 29-11-2024, 17:50 : Masazırda evdə uçqun olub- ÖLƏNLƏR VAR
Xəbərlər / Ölkə
- 26-11-2024, 17:48 : Əli Əsədov qərar imzaladı
Siyasət / Xəbərlər
- 25-11-2024, 17:51 : Məşhurlar hakim qarşısına çıxarılacaq
Şou-Biznes
- 11-11-2024, 12:41 : Serdar Ortaç axtarlşa verildi
Şou-Biznes
- 13-11-2024, 13:30 : Emin Ağalarov məhkəmədə 1,7 milyon uddu
Şou-Biznes