BolgeXeber.Com » Sosial » Azərbaycan sərt karantin rejiminə qayıdır - Detallar

Azərbaycan sərt karantin rejiminə qayıdır - Detallar

10-12-2020, 11:06
Oxunub: 3 780 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.

Bununla da ölkədə yenidən bir sıra sahələrdə məhdudiyyətlər tətbiq ediləcək.

Məhdudiyyətlərə keçməzdən öncə bildirək ki, artıq dünyada koronavirusa yoluxanların sayı 69 milyon nəfərə çatır (biz bu materialı hazırlayan zaman 68 milyon 666 min 813 nəfərdir). Ölüm sayı isə 1 milyon 565 min 407 nəfərdir. Ötən sutka dünyada 591 min 886 nəfər koronavirusa yoluxub, 11 min 861 min nəfər isə bu virusdan dünyasını dəyişib.

Bu say artıq bir aya yaxındır ki, stabil olaraq qalıb.

Lakin ümidlər karantin və vaksinədir. Hesab edilir ki, bu iki variant virusu bitirəcək, dünya yenidən əvvəlki vəziyyətinə qayıdacaq. Son məlumata görə, Çinin “Sinovac Biotech” şirkəti COVID-19-a qarşı peyvənd istehsalı gücünü ikiqat artırmaq üçün yerli mənbələrdən 515 milyon ABŞ dolları həcmində vəsait təmin edib.

AzərTAc şirkətin açıqlamasına istinadla xəbər verib ki, vəsait Çində və bir neçə ölkədə “Sinovac Biotech”in COVID-19-a qarşı peyvəndinin ilkin və orta mərhələdə kliniki sınaqlarının müsbət nəticə verməsi ilə onun eksperimental tətbiqi üçün təchizatın genişlənməsini təmin etmək üçündür. Bununla şirkətin hazırkı illik 300 milyon doza peyvənd istehsalı gücü 600 milyon dozaya çatdırılacaq.

Qeyd edək ki, “Sinovac Biotech” şirkətinin COVID-19-a qarşı peyvəndi olan “CoronaVac” Çində eksperimental qaydada istifadə olunan 3 vaksindən biridir. Bu vaksinlər artıq xüsusi risk qrupundan olan bir milyon nəfərə vurulub. “Sinovac Biotech”in peyvəndinin hazırda İndoneziya, Türkiyə, Braziliya və Çilidə eksperimental tətbiqi həyata keçirilir, Filippinlə danışıqlar aparılır. Türkiyə COVID-19-a qarşı 50 milyon doza peyvənd alınması üçün “Sinovac Biotech” şirkəti ilə müqavilə imzalayıb. Bu ay 10 milyon doza peyvənd Türkiyəyə çatdırılacaq.

Mütəxəssislər hesab edirlər ki, Azərbaycanda sərt karantin rejiminin tətbiqi yoluxmanın sayına müsbət təsir edəcək. Lakin mütəxəssislər onu da bidirirlər ki, Azərbaycan da dünyada tətbiq edilən vaksinlərdən ən azı 1 milyon doza almaqla risk qrupuna daxil olan insanların vaksinasiyası prosesinə başlamalıdır. Lakin hələ ki bu barədə rəsmi açıqlama yoxdur.

Sərtləşdirilmiş karantin rejimi uçuşlara təsir edəcəkmi?

İnsanları maraqlandıran məsələlərdən biri də karantin qaydalarının uçuşlara necə təsir edəcəyidir. Çünki karantin günləri üçün bilet alıb, səfər planlaşdıranlar var.

Sərtləşdirilmiş karantin rejimi müddətində beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Bəs qadağalar nələrdir?

Xüsusi karantin rejiminin sərtləşdirilməsindən irəli gələrək 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılır. Bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir;

2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılır;

Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilən siyahı üzrə müvafiq qurumlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda qərarla müəyyən edilmiş digər təşkilatların və qurumların işçiləri onlar barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yuxarıda qeyd olunan ərazilərdə hərəkət edə bilərlər;

Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslərin əməkdaşları, habelə bəzi könüllülər təşkilatlarının üzvləri barədə məlumatlar “icaze.e-gov.az” portalına 9 dekabr 2020-ci il saat 10:00-dan etibarən daxil edilməlidir.

2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) bütün digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMS-icazə sistemi və ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə verilir.

Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur.
“Yeni Müsavat”