BolgeXeber.Com » Sosial » Muğam müsabiqəsi 3 ailənin küçəyə atılmasına səbəb oldu-Foto

Muğam müsabiqəsi 3 ailənin küçəyə atılmasına səbəb oldu-Foto

9-07-2013, 17:15
Oxunub: 7 783 Məhkəmə Neft Şirkətini BŞİH-in səlahiyyətlərini mənimsəməkdə günahlandırır, amma...

“Gecə qapı möhkəm döyüldü, açmağa macal tapmamış lom salıb qırdılar. Həyat yoldaşım və uşaqlar möhkəm qorxmuşdular. İçəri daxil olan Dövlət Neft Şirkətinin Mühafizə Xidmətinin 40-a yaxın əməkdaşı nə baş verdiyini anlatmadan əşyalarımızı çölə atdı”.

Bunu Səbayel rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsindəki mənzilindən zorla çıxarılan neftçi Bədirxan Balamirzə oğlu Mirzəyev deyir.

B.Mirzəyev bildirir ki, ötən il fevralın 29-da yaşadığı evdən zorla çıxarılıb. Bir müddət ailəsi ilə birgə kirayədə yaşasa da maddi imkanı olmadığından qohumlarının evinə köçüb. 23 il Dövlət Neft Şirkətinin tabeliyində olan “Bibiheybətneft” Neft-Qaz Çıxarma İdarəsində (NQÇİ) çalışan neftçi mənzil şəraiti pis olduğundan bu binada evlə təmin edilib: “1990-cı ildən S.İbrahimxəlilov küçəsi, bina 4, mənzil 103-də yaşamışam. Mənzilin mənə verilməsinə dair order də var və 5 nəfərlik ailəm də bu mənzildə qeydiyyatdadır”.

Onunla eyni gündə mənzilindən zorla çıxarılan digər neftçi Lətif Sultan oğlu Hacıyev də qohumlarının evinə sığınıb. Qarabağ müharibəsi veteranı olan neftçi deyir ki, 14 il “Bibiheybətneft” NQCİ-də çalışıb: “1983-cü ildən eyni binada 307 saylı mənzildə yaşamışam. 1996-cı ildə mənzilə order verilib və 4 nəfərlik ailəmlə birgə ora qeydiyyata alınmışıq”.

Mənzili əlindən alınan digər şikayətçi Rəhman Məhəmməd oğlu Şəmiyev isə 32 ildən artıq neft sahəsində çalışıb. 1990-cı ildən həmin ünvandakı 110 saylı mənzildə yaşayır və orada da qeydiyyatdadır. Hazırda 6 nəfərlik ailəsi ilə birgə qohumlarının himayəsində yaşayır.

Muğam müsabiqəsi 3 ailənin küçəyə atılmasına səbəb oldu



Bəs bu mənzillər kimə verilib? Virtualaz.org-un əməkdaşı bu suala cavab arayarkən ilginc bir faktı üzə çıxarıb. Məlum olub ki, neftçi ailələri yaşadırları evdən zorla çıxarılandan sonra həmin mənzillər ARDNŞ tərəfindən tanınmış bir muğam ifaçısına bağışlanıb.

Xəbərlərə görə, muğam müsabiqəsinin qaliblərindən biri olan Elməddin İbrahimovun mənzillə təminatı Dövlət Neft Şirkətinə həvalə edilib. ARDNŞ isə çıxış yolunu neftçiləri zorla mənzillərindən çıxarmaqda görüb. Şirkətin mühafizə xidmətinin 40 əməkdaşı isə əvvəlcədən xəbərdarlıq etmədən 3 ailəni yaşadığı mənzilindən zorla çıxarıb (Bu arada deyək ki, şəhərin müxtəlif ərazilərində ARDNŞ-in sifarişi ilə tikilən binalar var. Şirkətdə yüksək vəzifə tutmuş işçilərin həmin binalarda onlarla mənzilə sahib olduğu iddia edilir).Və həmin mənzillər E.İbrahimova verilib.

Şikayətçilər qeyd edirlər ki, E.İbrahimov həmin mənzillərdə yaşamır, evlər muğam ifaçısının yaxın qohumlarına verilib: “Yaşadığımız bina ARDNŞ-in yox, Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır. Buna görə də paytaxt meri Hacıbala Abutalıbova və ARDNŞ-in prezidenti Rövnəq Abdullayevə şikayət etdik. Hər iki qurumdan verilən cavabda məhkəməyə müraciət etməyimiz tövsiyə olunurdu. Biz də mənzillərimizin geri qaytarılması iddiası ilə məhkəməyə müraciət etdik”.

“Məhkəmələrin qərarını saymırlar”

Bunu isə şikayətçilərin vəkili Azər Quliyev söyləyir. A.Quliyevin sözlərinə görə, Səbayel Rayon Məhkəməsi neftçilərin iddialarını təmin edib: “Məhkəmə Dövlət Neft Şirkətini faktiki olaraq balansında olmayan yaşayış sahəsindən vətəndaşları çıxarmaqla Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərini mənimsəməkdə günahlandırıb və bunu qanunsuz hesab edib. Belə ki, ARDNŞ-in səlahiyyətlərini aşdığı rəsmən təsdiqlənib. Digər tərəfdən, ARDNŞ məhkəməyə neftçilərin yaşadıqları mənzildən çıxarılmasına dair sənəd təqdim edə bilməyib”.

Səbayel Rayon Məhkəməsi neftçilərin yaşadıqları mənzillərə qaytarılmasına dair qərar çıxarıb. Vəkil deyir ki, Apelyasiya Məhkəməsi isə şirkətin apelyasiya şikayətinə baxıb: “Neftçilərin digər ərazilərdə yaşayış yeri ilə təmin edilmədiyi və baş verən qanun pozuntuları nəzərə alındı. Apelyasiya Məhkəməsi ARDNŞ-in iddiasını təmin etmədi”.

Amma iş bununla da bitməyib. Məsələ Ali Məhkəməyə qədər uzanıb. Ali Məhkəmədə isə hakim Vəfaddin İbayevin sədrliyi ilə məhkəmə iclası keçirilib. Ali Məhkəmə də Səbayel və Apelyasiya məhkəmələrinini qərarını qüvvədə saxlayıb. Amma bu da son olmayıb.

Bu ilin mart ayında verilən sonuncu qərardan sonra belə neftçilərin mənzillərinə köçürülməsi reallaşmır. Şikayətçilər deyirlər ki, Səbayel Rayon Məhkəməsində iş icraçıları məsələni yubadırlar: “Buna görə də Ədliyyə Nazirliyinə şikayət etdik. Cavab isə birmənalı oldu - heç kim muğam ifaçısını mənzildən çıxarmağa cəsarət etməz. Səbəb də budur ki, bununla bağlı yuxarıdan tapşırıq verilib”.

Şikayətçilər Ədliyyə Nazirliyinin şöbə müdiri Xanlar Zeynalovun da qəbulunda olduqlarını deyirlər: “Xanlar Zeynalov muğam ifaçısına verilən mənzilin geri qaytarılmasında yardımçı olmayacağını söylədi. Səbəbini isə ifaçının Azərbaycanı təmsil etməsi ilə izah edib”.

ARDNŞ-in mühafizə xidməti qoçu rolunda?

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə mənzillərin boşaldılmasl zamanı ailələrin təzyiqə məruz qalması hadisəsinin ictimai müzakirəyə çıxarılmasında israrlıdır: “Məsələnin hüquqi tərəfini məhkəmə həll edib. Yəni neftçilərin yaşadıqları mənzildən qanunsuz çıxarılması öz təsdiqini tapıb. Lakin neftçi ailələrinə qarşı zorakılıq edilib və üstündən bir ildən artıq müddət keçsə də günahkarlar cəzalandırılmayıb”.

Təşkilat sədri şirkətin mühafizə xidmətini səlahiyyətlərini aşmaqda ittiham edir: “Mühafizə xidmətinin əməkdaşları qoçuluq edir. Qapının zorla qırılması, azyaşlı uşaqların gözü qarşısında əşyaların küçəyə atılması, onların valideynlərinə zorakılıq edilməsi bağışlanmazdır. Bu hadisə neftçi ailələrinə göstərilən “qayğı və humanist münasibətin” göstəricisidir”.

M.Qəhrəmanlı neftçi ailələrinə qarşı edilən təzyiqləri və məhkəmənin qərarının yerinə yetirilməməsini beynəlxalq təşkilatların, eləcə də dünya ictimaiyyətinin nəzərinə çatdırılacağını qeyd edib: “İnanmıram ki, ölkə rəhbərliyi neftçi ailələrinə qarşı bu cür zorakılıq edilməsini, kiminsə mənzilindən çıxarılaraq ora muğam ifaçısının yerləşdirilməsini tələb etsin. Sadəcə bu məsələdə kimlərinsə adından istifadə edilir. Bu məsələdə muğam ifaçısı da günahkar deyil. Onun mənzilə ehtiyacı var, amma ARDNŞ məsələni bu yolla həll etməyə çalışıb. Halbuki belə etməməli idi”.

Neftçilər də belə düşünür. Onlar deyirlər ki, Bakıda yüzlərlə neftçinin evi, xeyli boş mənzil ola-ola niyə məhz onların seçildiyini anlaya bilmirlər: “İnanmırıq ki, kimsə bir parça çörəyini daşdan çıxaran neftçi ailələrinin küçəyə atılmasına razı olsun. Bəlkə də yüksək vəzifəli məmurların adından istifadə edilir”.

Həmin binanın sakinlərinin də məsələyə münasibətini öyrəndik. Adının açıqlanmasını istəməyən sakin bildirir ki, E.İbrahimova verilən mənzildə azyaşlı uşağı olan bir ailə yaşayıb. Lakin məhkəmə qərarından sonra mənzildə muğam ifaçısının anası qalır: “Əslində kimsə şirkətin adını çəkmək istəmir. Heç kim ARDNŞ-lə düşmən olmaq istəməz. Səhər bizi də küçəyə atarlar”.

E.İbrahimovun ailsinin yaşadığı söylənilən mənzildən qapını açan olmadı. Qarşı tərəfin də fikirlərini öyrənməyə çalışacağıq.