BolgeXeber.Com » Sosial »  İş və pul vədi ilə aldadan “piramida”: - “Qarşısını almaq çox çətindir”

 İş və pul vədi ilə aldadan “piramida”: - “Qarşısını almaq çox çətindir”

10-08-2021, 15:53
Oxunub: 4 080 Son illərdə Azərbaycanda şəbəkə biznesi ilə bağlı şikayətlərin sayı artmaqda davam edir.

Bu firmalar vakansiya saytlarında həqiqətə uyğun olmayan iş elanları verərək, yüksək maaş vədi ilə işsiz insanları aldadırlar. Şəbəkə biznesi ilə məşğul olan firmaların əslində “piramida sistemi” qurduğu iddiaları da səngimək bilmir.

Sözügedən şirkətlərin adını daşıyan heç bir ofis olmur, sadəcə müəyyən plazalarda yarıgizli fəaliyyət göstərirlər. Üstəlik vakansiyalarında belə firmalarının adını qeyd etmir, müraciət edən şəxslərdən təlimə qatılmaq üçün ödəniş alır, bütün bunlardan sonra isə yeni əməkdaşlara heç bir yerdə satışda olmayan məhsullarını satmağı və sistemə yeni insanlar gətirməsini istəyirlər. Bu şirkətlər əməkdaşlarına stabil maaş da verməyərək, gətirdikləri kadr və satdığı məhsul hesabına çox cüzi faiz verirlər.

Bu prinsiplər isə “piramida sistemi” ilə oxşarlıq təşkil edir. “Piramida sistemi”nin iş prinsipi belədir: sistemə yeni gələn insanların yatırım etdiyi vəsaitin bir hissəsi daha əvvəl gələnlərə faiz olaraq ödənilir. Qalan pullar isə mənimsənir və bir müddət sonra sistemin başında dayanan şəxslər pulları mənimsəyərək başqa ölkələrə qaçırlar. Son dövrlərdə qardaş Türkiyədə “piramida sistemi” ilə çox böyük fırıldaqçılıq nümunələri olub. Heç şübhəsiz ki, bunlardan ən çox bilinəni “Çiftlik Bank” soyğunudur.

Vətəndaşların çoxsaylı şikayətlərinə rəğmən, ölkəmizdə fəaliyyət göstərən bu şirkətlərlə bağlı niyə tədbir görülmür?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Cebhe.info-ya açıqlamasında bldirib ki, Azərbaycanda piramida sistemləri qonşu Rusiyaya nisbətən çox inkişaf etməyib:

“Orada bunun miqyası daha böyükdür. Son dövrlər şəbəkə biznesi vasitəsilə “piramida sistemləri” qurulur. Təəssüf ki, bizdə də belə hallar mövcuddur, Azərbaycanda dəfələrlə belə hadisələr olub, insanlar aldadılıb və axırda ifşa olunublar. Bunu edənlər isə mütəşəkkil qruplardır, onlar insanları yoldan çıxararaq, vəsaitlərini ələ keçirirlər. Sonda isə bu sistemə pul qoymuş insanların əksəriyyəti vəsaitlərini geri ala bilmir”.

S.Məmmədov “piramida sistemlərinin” müxtəlif cür fırıldaqçılıqla məşğul olmasını da xüsusi vurğulayıb:

“Ayıq insanlar əsl bankla piramida bankını seçə bilirlər. Yəni onların təklif etdiyi şirnikləşdirici təkliflər siyahısına baxanda görürsən ki, ciddi bank belə təklif verə bilməz. Şəbəkə marketinqinin başqa növləri də var, malların alışı-satışı və s. Onların içərisində normal olanları da var, lakin elə tanınmış şirkətlər var ki, məhsullarını sadəcə şəbəkə marketinqi vasitəsilə satırlar. Ümumiyyətlə, şəbəkə marketinqini kənara qoymaq olmaz. Buna görə əhalini məlumatlandırmaq lazımdır. İnsanları müxtəlif alqı-satqı işlərinə cəlb edirlər. Əvvəllər bunlar daha geniş yayılmışdı, son dövrlər belə hallar azalıb. Ən təhlükəlisi o idi ki, müalicəvi otlar, çaylar, qida əlavələri satışı üzrə şəbəkə marketinqləri var idi. Heç kim bilmirdi ki o qida əlavələri, otlar orqanizm üçün nə qədər faydalı və ya zərərlidir”.

O, həmçinin, iş adı ilə insanları aldadan şəbəkə bizneslərinin də mövcud olduğunu, lakin zərərçəkənlərə ziyanların ödənilmədiyini də bildirib:

“İş adı ilə insanları aldadanlar da var, lakin qarşısını almaq çox çətindir. Çünki aldananların çoxu şikayət etmir və yaxud da şikayət edəndə artıq gec olur. Yəni o adamlar aradan çıxmış olurlar. Ən yaxşı halda, o adamlardan kimlərsə yaxalanaraq məsuliyyətə cəlb olunur, amma zərərin əvəzini ödəmək mümkün olmur”.