Övladı adam öldürdüyünə görə tutulan valideynlər şok açıqlamalar verdi
21-08-2013, 10:40
Oxunub: 7 874
«Müstəntiq rüvşətin məbləğini kağıza yazıb göstərirdi»
“Vəkil mənə məhkəmə qərarından apellyasiya şikayəti verə biləcəyimi izah etməyib. Savadsızıq. Biz də həmin vaxtı buraxmışıq. Ancaq oğlumun nahaqdan qəsdən adamöldürmə maddəsi ilə ittiham olunduğundan əminəm. Mən demirəm, oğlumu açın, buraxın. Mən deyirəm işə ədalətli yanaşsınlar. Mənim oğlum özünü müdafiə edib. Həmin gün mərhum dostları ilə birgə yasdan çağırıb aparıb oğlumu” - deyir Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin sakini Şükufə Cəfərova.
Cəfərovlar ailəsi “Bizim Yol” qəzetinin redaksiyasına onların səsinin çatdırılması üçün müraciət edib. Belə ki, Ş.Cəfərovanın oğlu İlkin Rüstəm oğlu Cəfərov mayın 31-də saat 23.30 radələrində Sumqayıt şəhəri, Zeynalabdin Tağıyev qəsəbəsi, Mikayıl Müşfiq küçəsində yerləşən su anbarının yaxınlığındakı Zeynalabdin adına parkda Əlifov Ramil Cavanşir oğlunu ürək nahiyəsindən bıçaqla vuraraq öldürüb. Həmin günü İlkin Cəfərovun anası belə təsvir edir.
“Həmin gün dayımın hüzürü idi. Burda İslam adlı oğlan gəldi İlkini çağırdı apardı. Axşam tərəfi idi. Gec saatlara qədər gözlədim oğlum gəlmədi. Axşam kriminal verilişinə baxırdım televizorda. İlk xəbər orda çıxdı. Az keçməmiş polislər töküldü qapıya. Dedilər ki, “sənin oğlun adam vurub. Hardadı?” Mən də dedim ki, “mənim oğlum heç toyuq başı kəsməyib”. Sən demə, oğlum Ramili vurduqdan sonra gedib Sumqayıt Polis İdarəsində könüllü təslim olub. Orda da polislərə deyib ki, mən qəsəbədə adam vurmuşam, bilmədim ölüb, yoxsa qalıb. Polislər də zəng vurub Sumqayıt Travmatologiya Xəstəxanasında məlumatı təsdiqləyiblər. Oğlum da mənə dedi ki, “ana, Ramil 4 nəfərlə mənim üstümə gəlmişdi”.
Söhbətə İlkinin atası Rüstəm Cəfərov qoşulur: “Hər iki uşağın təhsil aldığı orta məktəbdən xarakteristika alınıb. Ramilin təhsil aldığı 14 saylı məktəbin direktoru mənim qohumum deyil, tanışım deyil. O, Ramil haqda bircə normal söz demədi. O cür də xarakteristika verdi bizə. Ramil 9-cu sinifi bitirdikdən, məktəbdən xaric olduqdan sonra da məktəbdə problemlər yaradırmış. O da bədbəxt oldu, mənim oğlumu da bədbəxt elədi”.
“Razborka” nə üstdə olub?
21 noyabr 2011-ci ildə Sumqayıt Şəhər Prokurorluğunun böyük müstəntiqi, 1-ci dərəcəli hüquqşünas Gülüstan Abdullayevanın təsdiq etdiyi ittiham aktında situasiya təsvir olunub.
«…Ramillə Samir onlara yaxınlaşıb, Emin, İslam və İlkin yaxına gələrək görüşüblər. Bundan sonra Ramil onlara deyib ki, “İlkinlə bir balaca işimiz var, siz burada gözləyin, söhbətimizi edib qayıdırıq”. Bunu deyib Ramil qolunu İlkinin boynuna salıb və onlar öndə söhbət edərək gediblər. O, İslam, Emin və Samir isə onların arxasınca təxminən 5 metr aralı söhbət edərək gediblər. Yolboyu Ramillə İlkin sakit söhbət ediblər, hər hansı bir mübahisə halları olmayıb, yalnız hərdən bir Ramilin yüksək səslə dediyi sözlər eşidilib. Belə ki, söhbət əsnasında Ramil İlkinə yüksək səslə “olmayıb belə söhbət?” deyib, İlkin də “olmayıb” deyə cavab verib. Ramil ona “səni “adinoçkaya” salmamışam, olmayıb belə söhbət?”, İlkin yenə də “yox” deyib. Mövzunun hərbi xidmət dövründə onların aralarında olan konfliktlə əlaqədar olduğunu başa düşüblər. Amma hərdən bir yüksək səsləri gəlsə də aralarında ciddi bir mübahisə, dava-dalaş olmadığına görə müdaxilə etməyiblər. Bir xeyli piyada gediblər. Ordakı su anbarının yaxınlığında yerləşən Z.Tağıyev adına parka çatanda Ramilgil dayanıb və Ramil onlara yaxınlaşaraq “siz gəlməyin, aramızda olan söhbəti aydınlaşdırıb gəlirik” deyib. O, Ramildən “nə söhbətdir” deyə soruşub. Ramil də ona “həbsdə olan söhbətdir” cavabını verib. Pirmurad “həbsdə olan söhbət həbsdə qaldı da, niyə yenə də bu söhbətə qayıdırsız” deyib. Ramil cavabında “biz öz aramızda aydınlaşdıraq gəlirik, siz ananızın canı yanımıza gəlməyin”. Ramilin bu andından sonra onlar parkın yaxınlığında dayanıblar. Ramillə İlkin isə parkın içərisinə girərək 15 metr onlardan aralı dayanıb söhbətlərini davam etdiriblər. Samir onların yanına getmək istəyib və bir qədər yaxınlaşdıqdan sonra digərlərinə tərəf dönərək “İlkin deyəsən Ramili vurdu” deyib. Samirin sözlərinə əsasən hamı Ramilgil olan yerə qaçıb. Çatdıqda Ramili yerdə uzanmış, İlkin isə parkın digər tərəfinə qaçaraq ordan uzaqlaşan görüblər. Samir Ramilə ilk yaxınlaşdığına görə Ramilin köynəyini qaldıranda onun sinəsində yara olduğunu, yaradan güclü qan axdığını görüblər. Ramil halsız vəziyyətdə yerdə uzanıb, heç nə danışmayıb. Samir qanın qarşısını kəsmək üçün köynəyini çıxararaq yaranın üstünə qoyub. Daha sonra Ramili H.Z.Tağıyev qəsəbəsində yerləşən 3 saylı xəstəxanaya çatdırıblar. Xəstəxanada həkimlər Ramili Sumqayıt Şəhər Xəstəxanasına aparmağı məsləhət görüblər. Sumqayıt Travmatologiya Xəstəxanasında Ramili müayinə edən həkimlər də onun öldüyünü bildiriblər.
“Mənim oğlum təmiz uşaqdı. Ramil də onun üstünə bıçaqla gələndə onu çox sakitləşdirməyə çalışdığını deyir. Ancaq Ramili yola gətirə bilməyib. Bıçağı da Ramil gətirib, amma ittiham aktında yazılıb ki, bıçağı İlkin evdən götürüb. Ramilin dostları da məhkəmədə nə İlkində, nə də Ramildə bıçaq gördüyünü deyirlər. Parkda da Ramil bıçaqla İlkini vurmaq istəyəndə oğlum təpiklə vuraraq bıçağı ondan alıb. Ramilə “gəlmə” desə də onun balıq kimi üstünə tullandığını deyir. Qonşulardan da soruşun İlkini. Görün, nə deyirlər onun haqqında. Mən demirəm ki, oğlum kristaldı, amma ölsə belə haqq uğrunda ölsün, bu cür haqsızlığın qurbanı olmasın oğlum” - deyir İlkinin atası.
Vəkilin vəkilsizliyi, müstəntiqin rüşvət “priyomu”
“Ramilin atası vaxtilə polis işçisi olub. Oğluma məhkəmədə təzyiq edirdi ki, orda olan digər 4 nəfəri də tutdursun. Guya onlar bu qətli planlı şəkildə yerinə yetiriblər. “Qorotdel”də oğluma işgəncə də veriblər buna görə. Oğlum da həmin adamları tanımadığını deyir. Ramilin atası isə deyir ki, “sən türməyə gedirsənsə gərək 5 nəfəri də özünlə “prisep” aparasan”. O kişi haralara getdi, mənim oğluma qəsdən adamöldürmə kəsdirdi” - deyir Ş.Cəfərova.
Cəfərovlar ailəsi Sumqayıt Şəhər Prokurorluğunda çalışan Gülüstan Abdullayevanın işi düzgün araşdırmadığını da iddia edirlər: “Gülüstan Abdullayeva məndən pul istədi. Bilirsiz necə istədi? Onun otağına daxil olduqda telefonlarımızı aldı. Pulu da dili ilə demədi. Bir kağıza 10 000 manat yazaraq bizə göstərdi. Barmağı ilə kağıza vuraraq “Rüstəm kişi, bax bu ərizələrə əsasən iş budu” dedi. Yazın. Gülüstanı da tapın. Ən son rəqəm kağızda 8 000 manat oldu. Onu da göstərib “ərziənin yazılışı belə olmalıdı” dedi. Mənim də 6 000 dollara gücüm çatırdı. Bunu ona dedikdə “olmaz, biz 4 nəfərik” dedi. Mən həyatda kimin üçün yaşayıram? Övladım üçün. O da belə oldu. Oğlum da ilkin istintaq zamanı verdiyi ifadəsinə qol çəkib. Sonuncu ilə razılaşmayıb”. Atanın sözlərinə ana da qoşulur: “Hər şeyin başı puldu. Pulun olmadısa ölməlisən demək”...
“Oğlumun Ramili öldürmək fikri olsaydı o Sumqayıta gedərdi də, Ramil durub ordan bura oğlumun üstünə dəstə ilə gəlib. Bunu nəzərə almadılar. O oğlanlara da deyirəm ki, niyə onları tək buraxdınız? İlkinin öldürmək, dalaşmaq fikri olsaydı o da bircə dostunu aparardı də. Vəkilimiz olmadı heç nəyi sübut edə bilmədik... Dövlət bizi vəkillə təmin etməmişdi. Bir dənə vəkil tutduq. “Dejurnıy” dükanının yaxınlığında hüquq məsləhətxanası var. Adı da Fazildi. Soyadını da unutmuşuq. Onun yanına getdik. Bizə dedi ki, “mən damara baxıb qan alıram. Sənin imkanın yoxdu ona görə 1000 manat istəyirəm. Başqa imkanlı oğlan bu işi görsəydi ondan 5000 alardım” Mən də dedim ki, “500 manatını bəribaşdan verirəm. Qalanını da məhkəmədən sonra verərəm. Gülüstanla Fazil birləşdilər. Məhkəmə prosesi başlayıb zəng vurmuşam ki, “Fazil müəllim, siz hardasız? Mənə bir dəfə dedi “Qubadayam, Lənkərandayam, başqa yerdəyəm”. 3 dəfə məhkəmə oldu 3-nə də gəlmədi. Axırda hakim İradə Həsənzadə dedi ki, “bu necə vəkildi? Prosesə gəlmir. Biz tanıdığımız vəkilə deyək o çıxsın prosesə”. Fazilin yanına getdik ki, məhkəməyə gəlməməyinin səbəbini öyrənək. Bizə dedi ki, “mən sənin oğlunun vəkili deyiləm”. Bir il mənim oğlumun məhkəməsi oldu o adam bircə dəfə də ortaya çıxmadı. Bizimlə müqaviləni də düzgün imzalamamışdı. Boş bir kağıza qol çəkdirmişdi. O müqavilənin nüsxəsini də bizə verməmişdi. Dava-qırğınla ona verdiyimiz 500 manatı aldıq. Dövlətin verdiyi vəkil isə qərardan apellyasiya şikayəti verə biləcəyimizi bizə başa salmadı. Biz həmin vaxtı buraxdıq. İndi bircə onu istəyirik ki, bu müddəti bərpa etsinlər şikayət verək. Bizim oğlumuzu haqsız yerə ittihamdan qurtaraq” - deyir ana.
Nəticədə İlkin Cəfərova 12 illik azadlıqdan məhrumetmə cəzası kəsilib. Hazırda Qaradağ rayonunda 12 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsindədi.
“Vəkil məndən 1000 manat pul istəyir ki, ver, mən sənin üçün apellyasiya şikayəti verim. İki ildi prezidentə, birinci xanıma, ombudsmana, hər yerə, hər yerə məktub yazıram. Prezident Adminstrasiyası da məktubu göndərib Ali Məhkəməyə. O da mənə cavab yazıb ki, üzürlü səbəbi sübut etsəniz apellyasiya şikayəti vermək hüququnu bərpa edə bilərsiniz. Mən də bunu bilirəm. Ancaq bilmirəm ki, necə sübut edim? Mən oğlumun haqlı cəzasına razıyam. Ancaq haqla olsun” - deyir İlkinin atası. Anası isə “balam 6 ay idi ki, əsgərlikdən gəlmişdi. Heç doyunca üzünə baxa bilmədim. Onun əsgər çəkmələrini qapının ağzından götürməyə ürəyim gəlmir...” deyir.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər