BolgeXeber.Com » Sosial » “Azərbaycan hökumətinə mənim evim, partiyam, uşaqlarıma düşən məvacib lazımdırsa qoy götürsünlər"

“Azərbaycan hökumətinə mənim evim, partiyam, uşaqlarıma düşən məvacib lazımdırsa qoy götürsünlər"

31-08-2013, 12:40
Oxunub: 7 696 “Neçə aydır işıqsız, qazsız və susuz vəziyyətdə yaşayırıq. Evlərin çoxunu söküblər, 5-10 ev saxlayıblar. İndi işlər dayandırılıb. Bizə isə bir söz demirlər”. Bunu “Yeni Müsavat”a açıqlamasında Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Milli Şura üzvü Elşad Musayev deyib. Onun sözlərinə görə, Sabunçu rayonu, Böyükşor gölünün yaxınlığında tikilən olimpiya stadionuna görə 600 ailənin evi ilə birlikdə onun da qərargahını sökəcəkləri ilə bağlı bir müddət əvvəl xəbərdarlıq alıblar. Söküləcək evlər sırasında onun yaşadığı ev və partiyasının qərargahı var.
Elşad Musayevin sözlərinə görə, bir müddət söküntü komissiyası adından yaşadıqları əraziyə gələrək bir neçə ailəyə sənəd imzalatdırıblar: “Bu ərazidə sökülən evlərin düzgün dəyərləndirməsi aparılmayıb. Mənim əlimdə qanuni sənədim var. Qərargahımı və evimin yan-yörəsini söküb pis günə qoyublar. Burada ağır şəraitdə yaşayan ailələrin taleyi heç kəsi maraqlandırmır”.
Milli Şura üzvünün sözlərinə görə, təklif olunan kompensasiya çox aşağıdır: “1020 manat deyirlər, amma realda hesablayanda 800 manata gəlib çıxır. Köçmə xərclərini də nəzərə almırlar. Belə başa düşdüm ki, hökumət 300-400 manat əlavə xərcə görə bizə bu cəhənnəm əzabını yaşadır”.
E.Musayev vurğuladı ki, evləri sökülən ailələr dövlət qurumları tərəfindən aldadılır: “Həyətyanı sahələrə, ümumiyyətlə, kompensasiya verilmir. Sədri olduğum Böyük Azərbaycan Partiyasının qərargahı da yaşadığım evin bir hissəsində yerləşir. Bütün bu qanunsuzluğa görə mən dövlət başçısı İlham Əliyevə müraciət etdim. Müraciətimdə altı nəfər ailə üzvümlə bir evdə yaşadığımı, qızlarımdan ikisinin respublika birincisi olaraq qızıl medalla məktəbi bitirdiyini və xaricdə ölkəmizi layiqincə təmsil etdiklərini vurğuladım. Eyni zamanda stadionun tikintisinə nəzarət edən UEFA və FİFA kimi qurumlara məktub yollayaraq onlardan yardım istədim. Məktubumda qeyd etmişəm ki, Azərbaycan hökuməti yüzlərlə ailənin evini sökərək sizin nəzarət etdiyiniz stadionun tikintisi həyata keçirir. Həmçinin vurğuladım ki, sizlər Azərbaycanda insan haqlarının pozulmasında bilavasitə iştirak edirsiniz. Amma hələ də mənim bu müraciətimə cavab verilməyib”.
Milli Şura üzvü qeyd etdi ki, evinin söküləcəyi təqdirdə ailə üzvləri ilə ölkədən çıxıb gedəcək:. Ailəmi də götürüb bu ölkədən gedəcəm”.