BolgeXeber.Com » Sosial » Masallı TSEK-nin rəhbərinə sərt ittiham

Masallı TSEK-nin rəhbərinə sərt ittiham

21-06-2011, 11:00
Oxunub: 6 419 Zülfüqar Baloğlanov: «Mirxalıq Məmmədov infarkt keçirmək ərəfəsində olduğumu billə-bilə məni reanimasiyaya buraxmadı və dərmanları 40 manata satdı»

Dünən Bolgexeber.com-a müraciət edən Masallı rayon Ərkivan qəsəbəsinin sakini Zülfüqar Baloğlanov başına gələnləri yazılı şəkildə bizə təqdim edib. Baloğlanov bildirir ki, bu ilin martın 17-də Bakıya gələn zaman qəfil özünü pis hiss etməyə başlayıb və təcili olaraq Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına («Semaşko») müraciət edib.

O deyir ki, həmin vaxt «Semaşko»da ona yaxşı baxıblar və diaqnoz qoyulub ki, üzləşdiyi problemi ürəyi ilə bağlıdır və proses infarkt qabağı vəziyyətdən ibarətdir. Həkimlər ona tövsiyyə ediblər ki, Bakıda müalicə alarsa, yaxşı olar. Lakin Masallı sakini rayonda onun yaxşı ürək həkimi olduğunu əsas gətirərək, geri dönüb. «Saat 18-19 radələri olardı. Masallı rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə çatdım. Qəbul şöbəsində kordioloq-həkim Mirxalıq Məmmədov və bir tibb işçisi növbətçi idilər. «Semaşko»dan mənə verilən kordiaqramanı Mirxalıqa göstərdim və vəziyyəti ona danışdım. Ardından da dedim ki, məni təcili olaraq renamasiyaya yerləşdirsinlər. Bu vaxt əvvəldən də yaxşı tanıdığım reanimatoloq Rəhim həkim gəldi və vəziyyətimlə tanış oldu. İşin nə yerdə olduğunu bilən kimi, Mirxalıqa dedi ki, təcili olaraq xəstəni yuxarıya qaldırmaq lazımdır. Mirxalıq isə cavab verdi ki, «Mən nosılka daşıyanam? Qoy, özü yuxarı qalxsın». Mənim də cavabım belə oldu ki, bu vəziyyətdə olan şəxs üçüncü mərtəbəyə qalxa bilməz».

Bu minvalla bir müddət xəstəxanada əziyyət çəkən Zülfüqar Baloğlanov ilkin tibbi yardımın göstərilməsini istəyib. Amma «bizdə dərman yoxdur» deyən Mirxalıq Məmmədova 40 manat verilən kimi, dərman da tapılıb, ilkin tibbi yardım da göstərilib. «Məni kardioqrama etdi. Eyni diaqnoz çıxdı. Sonra da bir neçə dərmanı qarışdırıb vurdu».

Problem isə bundan sonra başlayıb. Z.Baloğalnov deyir ki, Mirxalıq Məmmədov ondan hansı həkiməin yardımı ilə müalicə alacağını soruşub. «Baş kardioloq Həmidovun adını çəkdikdən sonra Mirxalıq məni reanimasiyaya belə qoymadı. Dedi ki, get evə, səhər gələrsən Həmidov səni müalicə edə bilər. Halbuki oğlum da ordaydı və bir adam da tapıb məni reanimasiyaya apara bilərdilər».

Həmin gecə ağır infarkt keçirən Z.Baloğlanov külli miqdarda ziyana düşdüyünü deyir. Hələ də pis vəziyyətdə olduğunu və iynə-dərman sarıdan korluq çəkdiyini vurğulayan Masallı sakini qeyd edir ki, onun başına belə vəziyyətin gəlməsinin səbəbkarlarından biri də Mirxalıq Məmmədovdur. «Mirxalıq qotur həkimi deyil, kordioloqdur. O çox gözəl bilir ki, infarkt qabağı vəziyyət nə deməkdir. Amma buna baxmayaraq, o başından məni elədi. Səbəb də bu olub ki, mən özünü ona deyil, Həmidova müalicə etdirdiyimi demişəm. İndi də düşünürəm ki, hazırkı vəziyyətə düşməyimin səbəbkarı Mirxalıq Məmmədovdur. Əgər o, mənə vaxtında lazımi yardımlar etsəydi, indiki ağır duruma düşməzdim».

Amma rayon sakinini bir başqa məsələ də təəccübləndirib. O deyir ki, Mirxalıq Məmmədovun Masallı TSEK-nə rəhbər təyin edilməsi onu lap heyrətə gətirib. «Dövlət dərmanını pulla satan, rüşvət alan, həkimlik vəzifəsini yerinə yetirməyən Mirxalıqı TSEK-ə niyə rəhbər təyin ediblər onu anlaya bilmirəm. Mətbuatdan yazılanlara istinadən deyə bilərəm ki, onun bu vəzifəyə keçməsi 150 min manat rüşvət verməklə reallaşıb. Sualım da budur ki, Mirxalıq Məmmədovun hansı yüksək keyfiyyəti və göstəricilərinə görə bədbəxt və zavalı insanların taleyini ona tapşırıblar?»

Z.Baloğlanov iddia edir ki, Mirxalıq Məmmədovu Masallıda hamı demaqoq, xəstəxanada hamıya xainlik edən şəxs kimi tanıyırlar. «Demək olar ki, xəstəxanada onu tanıyanların heç biri onunla üz-üzə gəlmək istəmirlər. Masallı TSEK-i isə dəllaların əlindədir. Hər dəllalın əlində 5-10 nəfərlik əlillik qrupu almaq üçün sənədlər var. Hətta bu ilin mayında dəllalar arasında TSEK-də dava da düşüb. Yumruqlaşmadan sonra Həsənli dəllaları önə keçiblər».

Mirxalıq Məmmədovla heç bir ədavəti olmadığını, hətta əvvəllər belə onu tanımadığını deyən şikayətçi bildirir ki, yataqdan qalxacağı günü gözləyir. «Allaha dua edirəm ki, yataqda ölməyim. Ayağa durub Mirxalıq Məmmədovun üzünə tüpürmək istəyirəm».

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.