BolgeXeber.Com » Sosial » O, dövlət başçısından kömək istəyir

O, dövlət başçısından kömək istəyir

29-10-2013, 09:30
Oxunub: 3 954 Azərbaycanda dövlət büdcəsi hesabına qaçqın və məcburi köçkün ailələrinin həyat şəraitlərinin yaxşılaşdırılması üçün ayrı-ayrı bölgələrdə inşa olunan evlərin tikintisində və paylanmasında dəhşətli vəziyyətin hökm sürdüyü bildirilir. Qaçqın və məcburi köçkünlər üçün tikilən yeni mənzillərin paylanılmasındakı acınacaqlı durum da məyus olmağa əsas verir.

Qeyd edək ki, təkcə son iki il ərzində “Qaçqınkom”da korrupsiya və rüşvətxorluq halları artıb və bu barədə mətbuatda dəfələrlə yazılıb. Bolgexeber.com-a -a edilən müraciətdə bildirilir ki, köçkün ailələrinə mənzil və yeni evlər paylanıb. Bu yaxınlarda da ölkə başçısının iştirakı ilə Abşeron rayon, Masazır qəsəbəsində salınan qaçqın şəhərciyinin açılışı oldu. Amma köçkün ailələri hələ yeni mənzillərinə köçürülməyiblər. Bu gün toxunmaq istədiyimiz məsələ isə Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindəki "qohumluq siyasəti" ilə bağlıdır.

Redaksiyamıza Abşeron rayonu, Masazır qəsəbəsi bina3 mənzil 3-də yaşayan məcburi köçkün, şəhid bacısı Muradxanova Bəsdi Teymur qızı “Qaçqınkom”un səlahiyyətli nümayəndəsi Elman müəllimdən və Zəngilan Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi humanitar şöbənin müdiri Mönsümov Nizamidən şikayət məktubu ünvanlayıb. Həmin şikayət məktubunu diqqətinizə çatdırırıq:

“Salam, “Gündəm Xəbər” qəzetinin kollektivi. Ümid yerimiz olduğunuza görə sizə müraciət etmək qərarına gəldik. Mən və mənim ailəm Zəngilan rayonundan məcburi köçkünük. 1993-cü ilin oktyabr ayının sonlarından Azərbaycan Neft Akademiyasının yataqxanasında məskunlaşmışıq. Artıq 20 ildir ki, bu yataqxanada məcburi köçkün həyatının çətinliklərini, əzablarını, ağrı-acılarını yaşayırıq. Bu yaxınlarda ölkə başçısının sərəncamı ilə, Azərbaycan Neft Akademiyasının yataqxanasında məskunlaşmış məcburi köçkünlərin Masazır qəsəbəsində məcburi köçkünlər üçün tikilən binalara köçürülməsinə start verdi. Ancaq çox təəsüflər olsun ki, bu köçürülmə və ev bölgüsü ədalətsizliklə, haqsızlıqla, saxtakarlıqla həyata keçirildi.Ölkə başçısının göstəriş və sərancamlarına əməl olunmadı. Qeyd edək ki, məcburi köçkünlərin yerləşdirilməsi ilə bağlı dövlət proqramına əsasən ehtiyacı olanlara evlər tikilir və növbəli şəkildə paylanır. Öncə çadırda yaşayanlar, daha sonra Fin qəsəbəsindəkilər, sonda isə tələbə yataqxanalarında məskunlaşanlar köçürülür. Hansı köçkün hansı yerli rayonlarda məskunlaşıbsa, onların sosial problemləri ilə yerli icra hakimiyyətləri məşğul olur. Yerli icra hakimiyyəti orqanları isə əlavə yardımlar etmək əvəzinə onları yenidən didərgin salırlar. Nəsimi Rayon İcra Hakimiyyətinin qaçqınlar və məcburi köçkünlərlə iş üzrə şöbəsinin müdiri Şəfəq Cəfərova, Qaçqınkomun səlahiyyətli nümayəndəsi Elman müəllim və Zəngilan Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi humanitar şöbənin müdiri Mönsümov Nizami birləşib saxtakarlıqlar edərək yaxşı pullar müqabilində mənzilləri ayrı-ayrı adamlara satdılar. Kim yaxşı pul verirdisə onlara yaxşı binalardann, yaxşı mərtəbələrdən, yaxşı təmir olunmuş mənzillərdən verirdilər. Bütün bu saxtakarlıqların başında Nizami Mövsümov dayanırdı. Hətta elə adamlara ev satdılar ki, biz onları köçkün kimi tanımırıq.

Bizim kimi pulu olmayanlara, pul verməyənlərə ailə üzvlərinin sayı 5 nəfərdən ibarət olanlara iki otaqlı, pul verib ailəsində iki nəfər olana da iki otaqlı mənzillər verdilər. Bizim ailəmizdə 4 nəfərin olması, gəlinimin hamiləliyi və qardaşımın şəhid olmasına məhəl qoymayan Nizami Mönsümov pul vermədiyimizə görə bizə birinci mərtəbədə rütubətli və kosmetik təmir olunmuş mənzil verdi.Biz ailədə 4 nəfərik. Yuxarıda vurğuladım ki, gəlinim hamilədir. Bu gün-sabah nəvəm olacaq. Nəvəm dünyayagələndən sonra o, rütubətli evin tavanından daman və su buraxan mənzildə necə yaşamalı olacağıq. Budurmu gənc ailələrə göstərilən qayğı?”

Köçkünlər üçün tikilən evlərin pulla satıldığını iddia edən şikayətçi onlara çatacaq evlərin də başqalarına pulla satıldığını vurğulayır. Onun sözlərinə görə, yeni köçkün qəsəbələrinə köçürülənlərin bir hissəsindən pul alınıb: “Aşağı məbləğ iki min manatdır. Hələ ümumiyyətlə qeydiyyatda olmayan, yaxud evi olanlara da ev verilib. Bu adamlar üçün ikiotaqlı mənzillər on min manatdan paylanıb. Ümumiyyətlə köçkünlər üçün ev bölgüsü ədalətli olmayıb. Əksər hallarda mənzillərə haqqı çatan köçkünlərdən də pul alınıb. Onlarla köçkün ailəsi ilə həqiqətən ehtiyacı olduğu halda, yataqxanada qalmağa məcburdur. Bizim kimi hüququ pozulanlar , haqqı tapdalananlar minlərlədir. İnsanlar incidilir, alçaldılır , dövlətdən və prezidentən narazı salınır. Nizami Mənsimovun ədalətli bölgü aparmadığına görə narazılığımı bildirəndə məni küçə söyüşləri ilə , insanlığa yaraşmayan mədəniyyətsiz davranışlarla qarşıladı. Bildirdim ki, insanda həya olmalıdır axı, siz dövlət məmurusuz, mənim də qardaşım torpaqlarımız uğrunda gedən döyüşlərin birində Zəngilan rayonunda çəhid olub niyə hörmətsizlik edirsiniz. Ağır və dözülməz cavablar eşitdim Nizami Mövsümovdan, mənə görə ölüb, mənəm günahkar. Gedin kimə və hara şikayət edirsiniz edin”.

Qəzetiniz vasitəsilə Dövlət Başçısına, Daxili işlər Nazirinə, Respublikanın Baş Prokuroruna müraciət edirəm. Qaçqınlar və məcburi köçkünlərin köçürülməsi prosesi təzədən araşdırılsın və nəzarətə ötürülsün. Qaçqınkaomun səlahiyyətli nümayəndəsi Elman müəllim və Zəngilan rayon icra hakimiyyətində çalışan Nizami Mövsümov məsuliyyətə cəlb olunsunlar. Nizami Mövsümov sözün əsl mənasında özünü Zəngilan rayonunun ağası kimi aparır. Sizə Nizami Mənsimovun kimliyindən və kimlərə arxalandığı haqqında məlumat vermək istərdim.O, Qaçqınkomun sədri Əli Həsənovun və Zəngilan Rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Həsənovun yaxın qohumudur. Qeyd edək ki, Qaçqınkomun sədri Əli Həsənov və Zəngilan Rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Həsənov doğma qardaşdırlar. Nizami Mövsümovun mənzil bölgüsündə etdiyi saxtakarlıqlar haqqında kifayət qədər faktlar var.
Əlavə olaraq bildirək ki, komitə sədrinin müavini Gəray Fərhad oğlu Fərhadov da Əli Həsənovun xalası oğludur. Sədrlə qohumluqdan istifadə edən Fərhadov məcburi köçkünlər üçün nəzərdə tutulan müxtəlif yardımların dağıdılmasında birbaşa pay sahibidir. Sonda dövlət başçısından kömək istəyən şikayətçi , qəzetimiz vasitəsilə Prezidentə səslənib: “Möhtərəm cənab Prezident! Sizdən humanist, alicənab və qayğıkeş bir dövlət başçısı olaraq digər məcburi köçkün ailələri kimi, bizim də Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün yeni tikilmiş yaşayış binalarında müvafiq mənzillərlə təmin edilməyimiz üçün Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə lazımi göstəriş verməyinizi xahiş edirik. İnanırıq ki, Sizin bir dövlət başçısı kimi öz müstəsna səlahiyyətləriniz çərçivəsində bizim bu mənzil problemimizin həllinə şəxsən diqqət yetirməyiniz problemimizin çevik şəkildə müsbət həllinə kömək edər. Biz Sizdən kömək istəyirik”.