Rusiya mediasından Bakıya qarşı şantaj
2-07-2025, 12:51
Oxunub: 432
Rusiyanın təbliğat aparatı Azərbaycana qarşı təzyiq vasitələri sırasında iqtisadi amili əsas kimi istifadə etməyə və bu istiqaməti dərinləşdirməyə çalışırlar.
Bolgə tv xəbər verir ki, “Vedomosti” bu mövzuya ayrıca araşdırma həsr edib.
Nəşr ekspertlərə istinadla yazır ki, son zamanlar Rusiya-Azərbaycan arasında siyasi münasibətlərin kəskinləşməsi ölkələr arasında iqtisadi əlaqələrin qırılmasına şərait yaradır:
“Bundan ən çox zərəri isə gözlənildiyi kimi Bakı görəcək. İqtisadiyyatda Rusiya-Azərbaycan arasında qarşılıqlı əlaqənin əsas məqamları enerji və kənd təsərrüfatı məhsullarının ticarətidir. O cümlədən, Bakı daxili istehlak üçün Rusiyadan daha ucuz neft alır. O özünün bahalısını ixrac edir, yaxşı gəlir əldə edir. Bundan əlavə, Azərbaycan meyvə-tərəvəzləri Rusiyaya ixrac edilir, xüsusilə Rusiyada Azərbaycandan gələn pomidorlar çoxdur. Ticarət dayanarsa, kənd təsərrüfatı sektoru çətinliklərlə üzləşəcək və yeni alıcılar axtarmalı, logistika zəncirlərini yenidən qurmalı olacaq. Eyni zamanda, Azərbaycanın Rusiyanın ümumi ticarət dövriyyəsindəki payı bir faizdən də azdır. Deməli, Bakı ilə ticarət əlaqələrində mümkün fasilə Moskva üçün kritik əhəmiyyət kəsb etməyəcək. Lakin Azərbaycanın əlverişli satış bazarı olduğu Rusiyanın cənub bölgələrində çətinliklər yarana bilər. Son beş ayda Rusiya ilə Azərbaycan arasında ticarət artıb, ölkəmizdən gələn tədarükün əsas hissəsini yanacaq, metallar və zərgərlik məmulatları təşkil edib”.
Qeyd edək ki, Azərbaycana “pomidorla” təzyiq etmək təşəbbüsünün müəlliflərindən biri də Vladimir Solovyovdur.
Əslində, Rusiyada Azərbaycanın kənd təsərrüfatı məhsullarına qadağa ölkəmizin yeni logistika imkanlarını genişləndirməyə təşviq etməklə bərabər, Avropa bazarlarına məcburi çıxış səbəbi ola bilər. Avropa bazarları isə təbii ki, Rusiya ilə müqayisəolunmaz dərəcədə böyükdür.
Digər tərəfdən, Rusiya və Azərbaycan arasında ticarətdə müsbət saldo Rusiyadadır. Yəni 2025-ci ilin ilk 5 ayında Azərbaycan Rusiyaya 445 mln. dollarlıq mal satıb, Rusiyadan isə 1,7 mlrd. dollarlıq mal alıb. Başqa sözlə, cəmi 5 ayda Rusiyaya 1,2 milyard dollardan çox xeyir vermişik.
Ticarət əlaqəsi qırılsa, onsuz da sanksiyalar altında olan Rusiyanın itkisi daha çox olacaq