BolgeXeber.Com » İdman » “El Klassiko“nu “Barselona“ qazandı-Video

“El Klassiko“nu “Barselona“ qazandı-Video

24-03-2014, 05:35
Oxunub: 4 478 Bu gecə dünya futbolunun ən böyük matçlarından biri - "Real" - "Barselona" qarşılaşması baş tutub. La Liqanın XXIX turu çərçivəsində "Santyaqo Bernabeu" stadionunda keçirilən qarşılaşmada azarkeşlər qol şousuna şahidlik edib.


7 qolun vurulduğu matç "Barselona"nın 4:3 hesablə qələbəsi ilə yekunlaşıb. Hesabı 7-ci dəqiqədə Lionel Messidən ötürmə alan Andres İnyesta açıb. Lakin "Barsa" tezliklə üstünlüyü əldən verib. Belə ki, 20-24-cü dəqiqələrdə Angel Di Marianın ötürmələrini qolu çevirən Kərim Benzema komandasını hesabda önə keçirib. 42-ci dəqiqədə Lionel Messi bərabərliyi təmin edib - 2:2.

55-ci dəqiqədə hakim "Barselona"nın qapısına penalti təyin edib və topa yaxınlaşan Kriştiano Ronaldo nun zərbəsi dəqiq olub. 10 dəqiqə sonra "Real"dan Serxio Ramosu meydandan qovan referi bu dəfə əks istiqamətə penalti təyin edib. 11 metrlik nöqtəyə yaxınlaşan Messi şansı boşa verməyib. Bununla kifayətlənməyən şakim 84-cü dəqiqədə 3-cü dəfə penalti nöqtəsini göstərib. Yenə də topa yaxınlaşan Messi dəqiq oynayıb.

Qeyd edək ki, əzəli rəqiblər 226-cı rəsmi qarşılaşmaya çıxıb. "El Klasiko" adlanan 226 qarşılaşmada "Real" əzəli rəqibini 90 dəfə məğlub edə bilib. "Barselona" Madrid təmsilçisi üzərində 88 qələbə qazanıb. Daha 48 qarşılaşmada isə qalib müəyyənləşməyib. "Real"ın 382 qoluna "Barselona" 367 dəfə cavab verib. La Liqadakı matçlarda da "Real"ın üstünlüyü var - 70 qələbə. "Barselona" 66 qələbəyə sevinib, 32 görüşdə tərəflər meydandan bir xalla ayrılıb. Bu matçlarda "Kral Klubu"nun 274 qoluna kataloniyalılar 265 dəfə cavab verə bilib.

"Real" 29 oyunda 70 xal qazanıb və "Atletiko" ilə 1-2-ci pillələri bölüşür. Üçüncü yerdəki "Barselona"nın isə 69 xalı var.

La Liqa
2013/14 mövsümü
XXIX tur

23 mart
Real - Barselona 3:4
Qollar: Karim Benzema, 20; 24. Kriştiano Ronaldo, 55-pen - Andres İnyesta, 7. Lionel Messi, 42; 65-pen; 84.
Real: Dieqo Lopez, Daniel Karvajal, Pepe, Serxio Ramos, Marselo, Luka Modriç (Alvaro Morata, 90), Xabi Alonso, Angel Di Maria (İsko, 85), Qaret Beyl, Karim Benzema (Rafael Varane, 66), Kriştiano Ronaldo.
Ehtiyat oyunçular: İker Kasilyas, Fabio Koentrao, Naço Fernandes, Asyer İllarramendi.
Baş məşqçi: Karlo Ançelotti.
Barselona: Viktor Valdes, Daniel Alveş, Cerard Pike, Xavyer Maskerano, Jordi Alba, Xavi Hernandes, Serxio Buskets, Kesk Fabreqas (Aleksis Sançes, 78), Neymar (Pedro Rodriges, 68), Lionel Messi, Andres İnyesta.
Ehtiyat oyunçular: Jose Manuel Pinto, Mark Bartra, Adriano, Aleksandre Sonq, Serji Roberto.
Baş məşqçi: Cerardo Martino.
Sarı vərəqələr: Angel Di Maria, 35. Pepe, 43. Xabi Alonso, 85. Kriştiano Ronaldo, 86. Luka Modriç, 88 - Kesk Fabreqas, 43. Serxio Buskets, 66.
Qırmızı vərəqə: Serxio Ramos, 63 (Real).
Madrid. "Santyaqo Bernabeu" stadionu. Saat 00.00.