BolgeXeber.Com » İdman » “Neftçi” Çempionlar Liqasına darmadağınla başladı

“Neftçi” Çempionlar Liqasına darmadağınla başladı

17-07-2012, 23:25
Oxunub: 5 691 Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

Fanat.az xəbər verir ki, ölkəmizi Avropanın ən nüfuzlu turnirində təmsil edən “Neftçi” də bu gecə meydana çıxıb.
“Neftçi” Gürcüstanın “Zestafoni” klubunu sınağa çəkib. Azərbaycan və Gürcüstan çempionlar arasındakı qarşılaşma “Dalğa Arena”da baş tutub. Təmsilçimizi meydana səhhətində problemlər olan baş məşqçi Böyükağa Hacıyev yox, köməkçisi Tərlan Əhmədov çıxarıb.
İlk dəqiqələrdən iddiasını ortaya qoyan “Neftçi” istəyinə 22-ci dəqiqədə çatıb. Yeni transfer Nikolas Kanalesdən əla ötürmə alan Cavid İmamverdiyev qapıçı ilə üz-üzə qalıb və dəqiq zərbə ilə hesabı açıb. “Zestafoni” bu qolun şokundan ayılmamış “Neftçi” azarkeşləri ikinci qola sevinib. 24-cü dəqiqədə əks-hücum zamanı Cavid İmamverdiyevin əla ötürməsini Julius Vobay dəqiq zərbə ilə tamamlayıb. Bununla kifayətlənməyən “Neftçi” üçüncü qolu da vurub. Belə ki, 63-cü dəqiqədə standart vəziyyət zamanı rəqib futbolçuların və qapıçının uzaqlaşdıra bilmədiyi topu Nikolas Kanales topu tora qovuşdurub. Bu Çili yığmasının üzvünün “Neftçi”nin heyətində ilk qolu olub.
Qeyd edək ki, bu “Neftçi”nin avrokuboklardakı 31-ci matçı idi. İndiyədək qitə kuboklarında (Kuboklar Kuboku, UEFA Kuboku, İntertoto Kuboku və Çempionlar Liqası) 31 oyun keçirən “Neftçi” 11 qələbə qazanıb, 5 heç-heçə edib və 15 dəfə məğlubiyyət acısı yaşayıb. Rəqib qapılarından 26 top keçirən paytaxt klubu 52 dəfə özü məyus olub.
“Neftçi” indiyədək Çempionlar Liqasında iki dəfə mərhələ adlayıb. İlk dəfə 1997-1998 mövsümündə turnirə qatılan paytaxt klubu Polşanın “Vidzev” klubuna iki oyunda 0:10 hesabı ilə uduzub (0:2, 0:8). 2004-2005 mövsümünün ilk mərhələsində Bosniya və Hersoqovinanın “Şiroki Breyiq” klubuna qalib gəlib (1:0, 1:2), ardınca Moskva ÇSKA-sına uduzub (0:0, 0:2). 2005-2006 mövsümündə yenidən Çemionlar Liqasına çıxan “Neftçi” I mərhələdə İslandiyanın “Hafnarfyador” klubunu mübarizədən kənarlaşdırıb (2:0, 2:1), ardınca Belçika “Anderlext”inə yenilib (1:0, 0:5). Ötən yay Çempionlar Liqasında Zaqreb “Dinamo”suna rəqib olan “Neftçi” səfərdə 0:3 hesabı ilə yenilmiş, evdə heç-heçə oynamışdı – 0:0.
Bundan başqa “Neftçi” İntertoto Kubokunda iki mərhələ keçib. Birinci mərhələdə Slovakiyanın “Nitra” (2:0, 1:3), ikinci mərhələdə Belçikanın “Jerminal” (1:0, 1:1) klublarını mübarizədən kənarlaşdıran Bakı klubu ardınca Rumıniya “Vasluy”una yenilib (2:1, 0:2).
Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun
17 iyul
Neftçi (Azərbaycan) – Zestafoni (Gürcüstan) 3:0
Qollar: Cavid İmamverdiyev, 22. Julius Vobay, 24. Nikolas Kanales, 63.
Neftçi: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov (K), 5. İqor Mitreski, 6. Rəşad Sadiqov, 9. Flavinyo (17). Araz Abdullayev, 62), 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 25. Cavid İmamverdiyev (19. Mirhüseyin Seyidov, 77), 32. Elvin Yunuszadə (3. Saşa Yunisoğlu, 70).
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 4. Tarlan Quliyev, 8. Elşan Abdullayev, 28. Emin Mehdiyev.
Məşqçi: Tərlan Əhmədov.
Zestafoni: 89. Royn Kvasxvadze, 2. Teymuraz Qonqadze, 4. Edik Sadaya, 5. Mamuka Kobaxidze, 9. Tornike Qorqiaşvili, 11. Jaba Dvali, 14. Levan Şarikadze, 18. Zurab Menteşaşvili, 20. Zaal Eliava (3. Tornike Qriqalaşvili, 77), 55. Tornike Aptsiauri (K) (27. Luka Ququçia, 66), 80. Abayomi Seun (10. David Muciri, 59).
Ehtiyat oyunçular: 12. Zurab Mamaladze, 6. Tedore Qriqalaşvili, 8. Şota Babunaşvili, 21. Mişiko Sardalişvili.
Baş məşqçi: Georgi Çiabrişvili.
Sarı vərəqələr: İqor Mitreski, 32. Elvin Yunuszadə, 53. Julius Vobay, 90 – Tornike Aptsiauri, 40. Tornike Qorqiaşvili, 64. Luka Ququçia, 85.
Hakimlər: İonut Marius Avram, Mikloş İştvan Naqi, Sebastian Eugen George, Draqos İstrate (Rumıniya).
Hakim-inspektor: Viktor Mintoff (Malta).
Bakı: “Dalğa Arena”. Saat 21.00.