BolgeXeber.Com » İdman » Sumqayıtın olimpia qalibləri mükafatlandırıldılar

Sumqayıtın olimpia qalibləri mükafatlandırıldılar

12-02-2013, 18:50
Oxunub: 5 128 Qafqaz Universitetində Sumqayıt Şəhərindən ümumrespublika fənn olimpiadalarında iştirak etmək üçün seçilmiş məktəblilərlə görüş keçirilib.

Universitetin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Qafqaz Universitetinin fəaliyyətini əks etdirən film nümayiş etdirilib. Görüşdə çıxış edən universitetin rektoru Ahmet Saniç bildirib ki, rəhbəri olduğu ali təhsil müəssisəsi Azərbaycan universitetləri arasında özünəməxsus yer tutur. Burada tələbələrə dünya standartlarına uyğun təhsil verilir. Məhz bu səbəbdən ən yüksək bal toplayan tələbələr öz seçimlərini Qafqaz Universiteti üzərində saxlayırlar. Artıq bu Sumqayıt məktəbliləri ilə təşkil olunmuş sayca onuncu belə görüşdür. “Mən inanıram ki, sizlərin araasında dünya səviyyəsində mükafatlara layiq görülənlər olacaq” deyə rektor bildirib.
Daha sonra çıxış edən Sumqayıt Təhsil Şöbəsinin müdiri Mahal Əliyev vurğulayıb ki, Sumqayıtda təşkil olunmuş sonuncu fənn olimpiadasında 15 mindən artıq məktəbli iştirak edib. Onun sözlərinə görə, keçən il Sumqayıt şəhərindən ümumrespublika fənn olimpiadalarında iştirak etmək üçün seçilmiş 29 şagirddən 18-i yüksək nəaliyyətlər qazanaraq müxtəlif dərəcələrdə qalib adlarını qazanıblar. Bu il isə həmin olimpiadalarda Sumqayıtı 31 şagird təmsil edəcək. Onların da uğurlar qazanacağına əminlik ifadə olunub. M. Əliyev Qafqaz Universitetinin fəaliyyətinə də toxunub: “Qafqaz Universiteti bu zamana qədər 6 beynəlxalq layihədə uğurla iştirak edib. Sonuncu belə layihə Avropa Birliyinin Temous proqramı çərçivəsində reallaşıb. İnanıram ki, hər il olduğu kimi bu il də, Sumqayıt məktəbliləri təhsillərini davam etdirmək üçün yeganə meyarı bilik olan Qafqaz Universitetinə üstünlük verəcəklər”-deyə o vurğulayıb.
Tədbirin sonunda ilk üç yeri qazanmış tələbələrə müxtəlif mükafatlar və hədiyyələr təqdim edilib.