"Qarabağ” bu gün “Düdelanj”la qarşılaşacaq
3-10-2019, 08:36
Oxunub: 6 187
“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
“Report” xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsinin II turunda Lüksemburqda “Düdelanj”ın qonağı olacaq. “Jozi Bartel” stadionunda baş tutacaq A qrupunun görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Azərbaycan təmsilçisi bu matça Filip Ozobiç və Xayme Romerosuz çıxacaq. Hər iki yarımmüdafiəçi zədəlidir.
Bu görüş "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. 47 yaşlı mütəxəssis 2008-ci ildən rəhbərlik etdiyi komanda ilə 100-cü avrokubok matçına çıxacaq.
Azərbaycan çempionu ilk turda İspaniyanın “Sevilya” komandasına Bakıda 3 cavabsız qolla uduzub. Lüksemburqlular isə Kiprdə APOEL-i 4:3 hesabı ilə üstələyiblər.
“Düdelanj” 2018/2019 mövsümündə ardıcıl 4-cü dəfə qızıl medallara sahib çıxmaqla 15 qat ölkə çempionu olub. Həmçinin "sarı-qırmızılar" ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla, bunu bacaran ilk Lüksemburq klubu kimi ölkə futbolunun tarixinə düşüb. Hərçənd orada ilk 5 oyunu uduzduqdan sonra İspaniya “Betis”i ilə evdə qolsuz heç-heçə edib.
Lüksemburq təmsilçisi ötən mövsüm olduğu kimi, yenə Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində mübarizəni dayandırıb. Komanda Malta “Valletta”sını keçə bilməyib. Lakin bundan sonra "Düdelanj" Avropa Liqasında “Şkendiya” (Makedoniya), “Nımme Kalyu” (Estoniya) və “Ararat” (Ermənistan) komandalarını üstələyərək, qrupa düşüb. “Düdelanj” avrokuboklarda artıq 5 oyundur evdə uduzmur – 2 qələbə, 3 bərabərlik. Özü də son 2-də qalib gəlib.
“Qarabağ” ötən mövsüm ardıcıl 6-cı, ümumilikdə isə 7-ci dəfə Azərbaycan çempionu olub. Komanda davamlı şəkildə 6 dəfə avrokubokda qrup mərhələsinə vəsiqə qazanıb. Hərçənd Ağdam təmsilçisi də ötən mövsüm qrup mərhələsindəki 5 oyunda uduzub, yalnız “Vorskla”nı Ukraynada məğlub edə bilib - 1:0.
Ağdamlılar da cari avrokubok mövsümünə ÇL-in I təsnifat mərhələsindən başlayıblar. Qurban Qurbanovun baş məşqçi olduğu komanda Albaniyanın “Partizani” (0:0, 2:0) və İrlandiyanın “Dandolk” (1:1, 3:0) kollektivlərini mübarizədən kənarlaşdırdıqdan sonra Kipr APOEL-i ilə bacarmayıb (2:1, 0:2). Buna rəğmən, Azərbaycan çempionu Şimali İrlandiya təmsilçisi “Linfild”i (2:3, 2:1) keçərək Avropa Liqasının qrupuna düşüb.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki statistikası bu cürdür: 3 qələbə, 1 heç-heçə və 8 məğlubiyyət. Ağdam təmsilçisi bütün hallarda ilk səfər matçında uduzub.
Bu komandalar 3 mövsüm öncə ÇL-in II təsnifat mərhələsində görüşüblər. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv evdə Riçard Almeydanın dublu sayəsində 2:0 hesabı ilə qalib gəlib. Lüksemburqdakı görüşdə isə heç-heçə qeydə alınıb – 1:1. Azərbaycan çempionunun bərabərlik qoluna Reynaldo Silva imza atıb. “Qarabağ” və “Düdelanj” indiyədək rəqibin təmsil etdiyi ölkənin başqa komandaları ilə üz-üzə gəlməyiblər.
Komandalar cari mövsümdə milli çempionatlarında fərqli qrafik cızırlar. “Qarabağ” Premyer Liqada 6 oyunda 18 xal toplamaqla 100 faizlik nəticə ilə vahid liderdir. “Köhlən atlar” axırıncı turda “Sumqayıt”ı 2 cavabsız qolla üstələyiblər. “Düdelanj” isə 7 turdan sonra 7 xalla 8-ci sıradadır. Komanda ötən tur “Rosport”u 7:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, A qrupunun digər matçında “Sevilya” APOEL-i qəbul edəcəcək.
UEFA Avropa Liqası
Qrup mərhələsi, II tur
23:00. “Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Con Biton
Yan xətt hakimləri: Daniel Makfarlan və Duqlas Potter
Dördüncü hakim: Donald Robertson (hakimlər briqadası Şotlandiyadandır)
Hakim-inspektor: Yon Eylif Skyervold (Norveç)
UEFA nümayəndəsi: Maykl Zoratti (Avstriya)
“Jozi Bartel” stadionu.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər