BolgeXeber.Com » İdman » Rafael Ağayev Tokio olimpiadasına lisenziya qazandı

Rafael Ağayev Tokio olimpiadasına lisenziya qazandı

29-02-2020, 13:02
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bu barədə Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov məlumat verib.

Onun sözlərinə görə, Karate1 Premyer Liqa turnirinin ilk günündən sonra xallar hesablandıqdan sonra Ağayev olimpiadaya vəsiqəni rəsmiləşdirib: "Normalda bunun üçün Ağayev Karate1 Premyer Liqa turnirində 3 qələbə qazanmalı idi. Amma dünənki nəticələrdən sonra onun aktivinə 210 xal yazılıb. Bununla da olimpiya reytinq xallarını 6795-ə çatdıran karateçimiz bu günün nəticələrinə görə ən yaxın izləyicisi Tomas Skott (ABŞ, 5017.50 xal) və Stanislav Horunanı (Ukrayna, 4957.50) kifayət qədər qabaqlayır".

Avropa idmançıları üçün qarşıda daha 2 lisenziya xalları verən və Yay Olimpiya Oyunlarına birbaşa vəsiqə qazandıran yarış var. 13-15 martda karateçilər Mərakeşin paytaxtı Rabatda Karate1 Premyer Liqasında, 25 - 29 martda Bakıda 55-ci Avropa çempionatında, 8 - 10 mayda isə Fransanın paytaxtı Parisdə olimpiya çəki dərəcələri üzrə təsnifat turnirində olimpiadaya vəsiqə qazanmağa çalışacaqlar. Fransadakı yarışın yarımfinalçıları yenidən öz aralarında görüş keçirəcək. Daha yüksək nəticəyə əsasən üç idmançı olimpiadada işitirak hüququna sahib olacaq. Olimpiya reytinqində xal qazanaraq ilk 4 yeri tutan idmançılar bu təsnifat turnirində çıxış etməyəcəklər.

Qeyd edək ki, bu, karate yarışlarda Tokio-2020-ə 2-ci lisenziyadır. Daha əvvəl qadın idmançı İrina Zaretska Dubaydakı Premyer Liqa yarışından sonra olimpiadaya lisenziya qazanmışdı.