BolgeXeber.Com » İdman » Maaşları azaldılan klublar, etiraz edən futbolçular - ARAŞDIRMA

Maaşları azaldılan klublar, etiraz edən futbolçular - ARAŞDIRMA

22-04-2020, 12:25
Oxunub: 4 474 Dünyanı tez bir zamanda "tora salan" koronavirus pandemiyası futbola da təsirsiz ötüşməyib. Bir çox ölkələrdə klubların maaşı infeksiyanın vurduğu iqtisadi ziyan səbəbi ilə azaldılıb. Cebhe.info virusa görə maaşı azaldılan klublarla bağlı araşdırmanı təqdim edir:

*İtaliya A Seriyası klubları koronavirus pandemiyasına görə yaranan böhran səbəbindən futbolçuların maaşlarının azaldılmasına razılıq veriblər. Qərara əsasən, liqa davam etdiriləcəyi təqdirdə, maaşların 6/1, mövsüm ləğv olunsa isə 3/1 hissəsi azaldılacaq.

*“Barselona” da futbolçu və işçilərinin maaşını azaltmaq qərarı verib. Məlumata görə, maaşlarda 70 faiz azalma olub.

*İspaniyanın "Atletiko" klubunda da eyni qərar verilib.

*"Real"da da maaşlar mövsümün qalan hissəsinin taleyindən asılı olaraq 10-20 faiz azaldılıb. Qeyd olunub ki, bu qərar klubun digər əməkdaşlarının əmək haqqının əvvəlki kimi qalmasına şərait yaradıb.

*İspaniyanın "Selta" klubu da maaşların azaldılması ilə bağlı futbolçular və işçilərlə razılığa gəlib. Futbolçularla yanaşı, məşqçilərin, həkimlərin və rəhbərliyin də məvacibinin azaldılacağı bildirilib. Məbləğlə bağlı isə məlumat verilməyib.

*“Sevilya”nın (İspaniya) futbolçuları da maaşlarının böyük bir hissəsini kluba güzəştə gediblər. Onlar maaşlarının 70 faizindən imtina ediblər. Futbolçularla birgə məşqçi heyətinin də məvaciblərinin eyni qaydada azaldıldığı bildirilib. Qərarın klubun idarəçilərinə də aid edildiyi açıqlanıb. Bundan başqa, “Sevilya” 254 işçinin bir hissəsini tətilə göndərib, digər hissəsinin isə iş saatını azaldıb.

*İspaniyanın “Levante” klubu da futbolçuların və məşqçilərin məvacibini azaltmağa qərar verib. Koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış “La Liqa”da mövsüm bərpa olunmasa, futbolçuların və məşqçilərin məvacibində 20 faiz endirim olunacaq. Mövsüm bərpa olunacağı və azarkeşsiz keçiriləcəyi halda isə maaşlar 3 faizlik azalma ilə ödəniləcək.

*“Arsenal” rəhbərliyinin də futbolçu və məşqçilərlə aylıq məvacibin 12,5 faiz azaldılması barədə razılığa gəldiyi bildirilib. Maaş endirimi bu ilin aprelindən 2021-ci ilin martına qədər olan dövrü əhatə edəcək. O da qeyd edilib ki, qarşıdakı bir il ərzində “Arsenal”ın imkanları ehtimal olunandan yüksək olsa, həm futbolçuların, həm də məşqçilərin məvacibindən tutulan hissə onlara geri qaytarılacaq.

*"Liverpul" isə işçilərinin çoxunu tətilə buraxıb. Lakin onlar çalışmadıqları dövrdə də öz maaşlarını alacaq. Klub futbolçu və məşqçi heyətinin maaşının azaldılması istiqamətində danışıqlar aparır.

*"Çelsi” klubunun futbolçuları koronavirus pandemiyası səbəbindən maaşların 30 faiz azaldılması barədə rəhbərliyin təklifini rədd ediblər. Onlar yalnız 10 faiz azaldılmanın tərəfdarı olduqlarını rəhbərliyə bildiriblər.

*“Vest Hem”in baş məşqçisi Devid Moyesin aylıq məvacibi də azaldılıb. Bunu 56 yaşlı mütəxəssis özü istəyib. Şotlandiyalı mütəxəssis bununla koronavirus pandemiyasına görə ciddi maliyyə problemləri ilə üzləşən klubuna yardım etməyə çalışıb.

* Moyes “Premyer Liqa”da maaşının azaldılmasına razılıq verən üçüncü baş məşqçidir.

*Buna qədər “Bornmut”un baş məşqçisi Eddi Hau və “Brayton”un çalışdırıcısı Qraham Potter də oxşar addımı atmışdı.

*Rusiya klublarından "Zenit", "Spartak", SSKA, "Dinamo", "Rubin", "Ufa" və "Krılya Sovetov", "Lokomotiv" də oyunçularla maaşların azaldılması barədə razılığa gəlib.

*Şotlandiyanın "Seltik" klubunda da koronavirusa görə maaşların böyük hissəsindən imtina edilib.