BolgeXeber.Com » İdman » Elmar Məmmədyarovun adı oğurluqda

Elmar Məmmədyarovun adı oğurluqda

9-09-2013, 13:05
Oxunub: 4 990 Böyük bir oğurluq (plagiat) faktının içində Azərbaycanın tanınmış şəxslərinin imzası var. Əvvəl onların kimliklərinə baxaq: Azərbaycan respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Milli məclisin üzvü Hadı Rəcəbli, Musa Urud və keçmiş millət vəkili Əkrəm Abdullayev.
Plagiat iddiasını qaldıran isə bir sıra populyar əsərin müəllifi olan Adgözəl Məmmədovdur. Onun dediyinə görə, Xaliq Əhmədzadə adlı biri onun kitabını nöqtə-vergülünə dəymədən öz “kitabına” köçürüb və yuxarıda adı çəkilən adamlara kitabı üçün rəy də yazdırıb.

Xaliq Əhmədzadə 1974-ci ildə Naxçıvanın Şərur rayonunda doğulub, hazırda isə Milli Elmlər Akademiyasının fəlsəfə sosiologiya və hüquq institutunda böyük elmi işçidir.

Adgözəl Məmmədov “Azadlıq”a bildirib ki, kitablarının Xaliq Əhmədzadənin plagiat nəşr etməsi haqqında Müəllif hüquqları Agentliyinin rəhbəri Kamran Imanova müraciətindən sonra agentliyin əsərlərin qeydiyyatı və huquqi şöbəsinin müdiri Xudayat Həsənlinin iştirakı ilə prosedur qaydalarına uyğun olaraq qarşı tərəflə görüşü təşkil olunub. “Bu görüş zamanı mən qarşı tərəfə aşağıdakı müəyyən aydınlaşdırıcı suallar versəm də, onlara cavab verilmədi.

Xaliq Əhmədzadədən soruşdum ki, kitabınız “R.N.” nəşriyyatının adı ilə nəşr olunub və bu nəşriyyat harada qeydiyyatdadır? Cavab belə oldu ki, Azərbaycanda belə bir nəşriyyat yoxdur və iddia etdi ki, bu “R.N.” nəşriyyatı Türkiyədə qeydiyyatdan keçib. Lakin ona söylədim ki, internetdə apardığım araşdırmalar heç bir nəticə vermədi. Belə bir nəşriyyatın mövcudluğu barədə heç bir məlumata rast gəlmədim. Siz bu nəşriyyatın hüquqi ünvanını deyə bilərsinizmi? Lakin qarşı tərəf susdu...

Xaliq Əhmədzadəyə bildirdim ki, hər bir arxivdən hər hansı sənədin surətini götürdükdə, həmin sənədin üzərində onun hansı fonda aid olduğunu göstərən ştamp olur və sözü gedən kitabımda istifadə olunan arxiv sənədlərinin ştamplı nümunələrini ona göstərdim və ona sual verdim ki, sizin də “kitabınızda” istifadə etdiyiniz arxiv sənədlərinin belə bir ştamplı nümunəsi varmı? Lakin qarşı tərəf susdu".

Həmsöhbətimiz deyir ki, Xaliq Əhmədzadənin nəzərinə çatdırıb ki, onun bir çox mətbuat orqanlarında geniş müsahibələri çıxıb və necə olur ki, 2003-cü ilin sentyabr və oktyabr aylarında “Üç nöqtə” qəzetində gedən müsahibələri Əhmədzadənin “kitabında” başqasının (yəni Əhmədzadənin) fikirləri kimi əks olunur? Yenə də bu sual cavabsız qalıb...

Plagiatdan zərərçəkmiş olan müəllif deyir ki, görüş zamanı Əhmədzadədən ona öz xatirələrini danışan (bu xatirələr onun “Baş tutmamış çevriliş” kitabında əks olunub) Sabirabad şəhərinin sakini Mürvət müəllim haqqında soruşub. “Soruşdum ki siz Mürvət müəllimi tanıyırsız? Ilk əvvəl cavab verdi ki, bəli, lakin bu cavabdan sonra ona yeni bir sual verdim ki, bu insanla harda görüşmüsüz və o adam harda yaşayır? Təbii ki, bu sual da cavabsız qaldı”.

Şikayətçi-müəllif daha sonra bildirir: “Xaliq Əhmədzadədən soruşdum ki, siz mənim Müəllif Hüquqları Agentliyinə müraciətimdən sonra bu agentliyə gələrək bildirmisiz ki, mənim ”kitabım" heç də 2009-cu ildə deyil, 2002-ci ildə (naməlum nəşriyyat tərəfindən) nəşr edilmişdir. Amma kitaba elə ilk baxışım zamanı bu ağ yalan tezliklə faş oldu. Necə olur ki, sizin iddia etdiyiniz kimi 2002-ci ildə (naməlum nəşriyyat tərəfindən) nəşr edilmiş “kitabınızın” son səhifəsində siz 2005-ci ildə Azərbaycan Respublikasındakı parlament seçkilərindəki iştirakınızdan və secicilərlə görüşünüzdən bəhs edirsiz. Əslində hər şey aydındır, ona görə ki, siz yalnız kitabın titul vərəqini dəyişərək oraya 2002-ci il yazmısız. Digər “dəyişiklər” etməyi unutmusuz. Xaliq Əhmədzadənin nəzərinə çatdırdım ki, siz bu addımınızla həm saxtakarlıq edir, həm də Müəllif Hüquqları Agentliyinin fəaliyyətinə kölgə salırsız və unudursuz ki, sözü gedən kitablarımın müəlliflik şəhadatnamələri vardır və bu şəhadətnamə verilərkən yetərincə bu məsələlər araşdırılıb. Qarşı tərəf yenə susdu".

Adgözəl Məmmədov “Azadlıq”a deyib ki, pozulmuş hüquqlarının bərpası üçün o yaxın günlərdə məhkəməyə üz tutacaq.

Xatırladaq ki, Adgözəl Məmmədov ali təhsilli həkimdir. 2004-cü il iyulun 28-də “Bakı-Seul körpüsü” ictimai birliyini təsis edib.

2005-ci il 28 sentyabrdan nəşr edilən “Körpülər və Sahillər” dərgisinin baş redaktorudur. 2006-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, 2012-2013-cü ildə Prezident mükafatına layiq görülüb. 2008-ci idən “Psixoloji portretologiya və siyasi analizlər” mərkəzinin rəhbəridir. 2013-cü ildən “Türk-Slavyan birliyi” hərəkatını təsis edib.