Suriyadakı azərbaycanlı savaşçılar - Video
1-02-2014, 14:45
Oxunub: 6 057
“Əl-CəzirəTÜRK” Suriyada ölən Azərbaycan vətəndaşının evindən reportaj verib; birayda 14 vətəndaşımız Əsədə qarşı döyüşlərdə həlak olub
Son günlər Suriyada müxaliflər tərəfindən Azərbaycan vətəndaşlarının vuruşması faktı həm ölkədə, həm də ölkədən kənarda geniş müzakirə edilməkdədir. Türkdilli saytlarda az qala hər gün Suriyada Azərbaycan vətəndaşlarının öldürülməsi xəbəri yayılır. Məsələ “Əl-CəzirəTÜRK” kanalın da diqqətini çəkib. Kanalın Qafqaz bölməsinin əməkdaşı İrfan Bozan Azərbaycana gələrək Azərbaycanda vəhhabilik və insanların nədən Suriyaya cihada getməsinin səbəblərini araşdırıb. Reportajı Azərbaycan türkcəsində təqdim edirik.
* * *
“Suriya müxalifəti sıralarında ölən Rüstəm Əsgərovun 3 uşağı yetim qalıb. Son 1 ayda Suriyada 14 Azərbaycan vətəndaşı ölüb. Ölənlərin tam siyahısını isə bilən yoxdur. Ölkədə bütün gözlər sələfilərə çevrilib. Azərbaycan rəsmiləri isə bu durumdan narahatdır.
Rüstəm Əsgərovun üçüncü övladı onun vəfatından sonra dünyaya gəlib. İndi nənəsinin qucağındadı. Azərbaycanın paytaxtı Bakının mərkəzində sovet dönəmindən qalan köhnə bir binanın girişinə girər-girməz birinci mərtəbədə bizi bir-birindən şirin iki uşaq qarşılayır. Birinin adı Səfiyə, o birininki Musadır. Musa babasının adını daşıyır. Ataları Rüstəm keçən dekabr ayının əvvəlində Suriyada müxalifət tərəfdən vuruşarkən Hələbdə həlak olub.
“Sentyabrın 27-də (2013-cü il) İstanbula yanına getdim. Uşaqlarını və yoldaşını Bakıya gətirdim. Özünü bir daha görə bilmədim”. Atası Musa Əsgərov belə deyir. Musa Əsgərov deyir ki, oğlu Suriyaya gedəcəyini ona deməyib: “Ancaq mən təxmin etmişdim ki, o, gedəcək. Çünki həmişə müsəlmanlar üçün savaşmaq istədiyini deyirdi”.
Suriyada müxalif “Ahraruş Şam” qrupunda savaşarkən ölən Rüstəm Əsgərovun adı təxminən 10 il qabaq da mediada səslənmişdi. 2003-cü ildə 22 dostu ilə bir yerdə Qarabağa gedib partizan müharibəsi başlatmaq istəmişdilər. Ancaq o zaman həbs edilmiş və 2 il 6 ay həbsdə qalmışdılar”.
Rüstəm Əsgərovu yaxından tanıyanlardan biri də Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıdır. Akif Nağı həbsi müddətində Rüstəmi müdafiə edənlərdən biri olub: “Onlar özlərinə sələfi deyirdilər. Həbsxanadan çıxdıqdan sonra qardaşı ilə bir yerdə dükan açdılar. Bir gün mənə dedi ki, mənə burada yaşamaq çətindir, izləyirlər, təqib edirlər, mən Türkiyəyə gedəcəyəm. İlk dəfə həbsxanadan çıxdıqdan sonra bir dəfə də evində silah saxladığına görə məhkumluq həyatı yaşamışdı. Az sonra Türkiyəyə getdi”.
Rüstəmin atasından oğlunun sələfi olub olmadığını soruşuruq: “Namazını qılırdı. Dindar idi. O, özü üçün “mən əhli-sünnəyəm” deyirdi. 1997-ci ildə Səudiyyə Ərəbistanına - Mədinə Universitetinə sənədlərini göndərdi, qəbul edildi. Getdi. Qayıdanda “biz özümüzə müsəlman deyirik, ancaq əsl müsəlmanlıq belə deyil”, - deyirdi. Bizə kitablar verdi, oxuduq, öyrəndik. Mədinə Universitetində oxuyanda tətilə Bakıya gəlirdi. Buradan Çeçenistana da getmişdi. Ancaq nə üçün getdiyini bilmirəm”.
Rüstəm Əsgərovun atası oğlu haqqında danışarkən salonun qapısı açıldı və əlində yeni doğulmuş körpə ilə yaşlı bir qadın içəri daxil oldu. Bu, Suriyada ölən Rüstəmin 6 günlük körpəsi idi. Anasının gözü yaşlıydı.
Anası deyir ki, oğlunun öldüyünü şəkillərdən bilib. Şəkili internetdə görüb. Şəkil 2013-cü il dekabrın 2-də türkdilli bir saytda yayılıb. Suriya xəbərlərinə geniş yer verən sayt üzü qan içində ölü bir kişinin şəklini “Suriyada daha bir Azeri şehit” başlığı ilə verib: “Budur dedim. Oğlumu tanıdım. Ana oğlunu tanımaz?”
Azərbaycan rəsmiləri durumdan narahatdırlar. Azərbaycandan Suriyaya gedənlərin və həlak olanların sayı getdikcə artır. 25 dekabr 2013-cü ildən 23 dekabr 2014-cü ilə qədər 14 Azərbaycan vətəndaşı Suriyada öldürülüb. Savaş başlanandan bu yana nə qədər Azərbaycan vətəndaşının Suriya torpaqlarında öldüyünü isə dəqiqləşdirmək mümkün deyil. Gerçək rəqəmlərin bundan daha yüksək olduğu haqqında iddialar var.
Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev 2014-cü il yanvarın 24-də bildirib ki, Azərbaycan vətəndaşlarının Suriyaya savaşa qatıldığı ispat edilsə, qanun çərçivəsində gərəkli addımlar atılacaq.
Qafqaz Müsəlmanları Ruhani İdarəsindən Hacı Mirəziz Seyidzadə isə Xarici İşlər Nazirliyi sözçüsünün açıqlamasından 3 gün öncə “biz heç zaman savaş üçün fitva vermədik. Qafqaz müsəlmanları üçün fitva vermək səlahiyyəti yalnız bizədir. Kimsə özbaşına heç bir iş görməsin. Yoxsa bu durum onlar üçün yaxşı nəticə verməyəcək” deyib.
İndi ölkədə gözlər sələfilərə çevrilib. Azərbaycanda sələfi məzhəbindən olanları tapmaq üçün yola çıxdıq. Qamət Süleyman (soyadı Süleymanovdur, bizə “siz Süleyman yazın” deyir) Bakıdakı Əbubəkir məscidinin imamıdır. Bura sələfi məscidi kimi tanınır. Məscid 2008-ci ildə bağlanıb. Səbəb kimi məscidə həmin il bomba atılması göstərilib. Biz Qamət Süleyman ilə Əbubəkir məscidinin yaxınlarında görüşdük. Camini Küveytli bir iş adamı tikdirib. “Niyə hələ də qapalıdır” sualımıza boynunu bükərək “bilmirik” cavabını verir. Qapalı bir yerə gedib söhbətimizi davam etdiririk. Özünün sələfi olduğunu, ancaq Suriya üçün heç vaxt fitva vermədiyini, hətta orada cihad etməyin şəriətə görə yanlış olduğunu deyir. “Bəs bu fitvanı kim verib” sualımıza cavabında xaricdəki şeyxləri nişan verir. Gənclərin internetdən, oralarda yaşayanlardan təsirlənib Suriyaya getdiyini, ancaq oraya getməyin yanlış olduğunu deyir.
Bəs, əhalisinin böyük çoxluğu şiə olan Azərbaycandan sələfilik nə qədər yayğındır və necə inkişaf edir? Azərbaycanda siyasi İslam sahəsində çalışan az sayda uzmanlardan biri doktor Altay Göyüşov deyir ki, sovet rejimi çökdükdən sonra Körfəz ölkələrindən Qarabağ köçkünlərinə yardım məqsədi ilə humanitar təşkilatlar gəlir və sələfiliyi yayırdılar. Onun sözlərinə görə, Azərbaycanda sələfilik əsasən Quzey Qafqazla qonşu olan, əhalisinin çoxunu sünnilər təşkil edən şimal bölgələrində yayılıb.
Göyüşov deyir ki, bu gün Azərbaycanda siyasi hakimiyyətlə münasibətləri yaxşı olan və olmayan sələfilər var. Hökumətlə münasibətləri yaxşı olan sələfilər 2006-cı ildən sonra üzdə deyillər. Cihad fitvasını verənlər də böyük ehtimalla onlardır. Suriyada Azərbaycan vətəndaşlarının savaşması fikri Altay Göyüşov üçün təəccüblü deyil. “Onlar Suriyaya necə gedir”, - sualımızı isə doktor Göyüşov “Türkiyə üzərindən” sözləri ilə cavablayır.(musavat)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər