“Ağadadaşın videosu” qalmaqalı davam edir
9-02-2014, 08:55
Oxunub: 5 563
Elbrus Ərud: “Onu gizli çəkməmişik, pusqu qurmamışıq, evinə gizli video qurmamışıq”
Zeynal Məmmədli: “İctimai dəyərləri önə çəkən media bu videoları yaymaqdan çəkinməlidir”
Son bir neçə gündə mediada ən çox səs-küy yaradan olaylardan biri də xalq artisti Ağadadaş Ağayevin gizli görüntülərinin yayılması oldu. İlk səslənişdə qəribə təəssürat yaratsa da, əslində söhbət müğənninin içərisində qadınlar da olmaqla, kiçik bir qrupun əhatəsində mahnı oxumasından gedirdi. Videonun müəllifi məclisdəki qadınlardan biri idi və bunu mediaya sızdırmışdı.
Və elə video öncə qafqazinfo.az saytında yayımlandı. Mübahisə də bundan sonra başladı. Media peşəkarları və bəzi redaktorlar düşündülər ki, belə görüntülərin yayılması özəl həyata müdaxilədir, yolverilməzdir. Əks qütbdə dayananlar isə bunun ictimaiyyət üçün maraqlı olması fikrini müdafiə etdilər. “Yeni Müsavat” hər iki mövqenin müdafiəçilərinə tribuna verdi, onların mövzuyla bağlı fikrini öyrəndi.
Qafqazinfo.az saytının rəhbəri Elbrus Ərud öncə çox önəmli bir məsələyə diqqət çəkmək istədiyini dedi. Onun sözlərinə görə, adıçəkilən videonu qafqazinfo.az saytı ortaya çıxarmayıb: “Kimlərsə çəkib, sonradan vatsaplara, elektron ünvanlara gəlib. Biz çəkməmişik, biz çəkdirməmişik. Sadəcə bizə də o video gəlib və hamıdan qabaq yaymışıq”.
E.Ərud hesab edir ki, videonun yayılması normal məsələdir. Müsahibimizin fikrincə, sadəcə son bir neçə ilin ənənəsinə uyğun olaraq, Azərbaycanda gizli video sözü fərqli assosasiya formalaşdırır: “Başa düşürəm ki, ”filankəsin gizli videosu çıxdı" deyəndə başqa şeylər təsəvvürə gəlir. Əslində isə normal videodur. Biz o məqsədlə yaymamışıq ki, kiminsə həyatına problem yaradaq. Son nəticədə bu video porno, erotik xarakterli deyil. Maraqlı görüntüdür, sənətçinin səs gətirən videosudur. Yaxası açıq şəkildə bir məclisdə mahnı oxuyur".
Müsahibimiz xatırlatdı ki, video ilə bağlı yaydıqları mətndə də jurnalist etikasına zidd heç nə yazmayıblar. Sadəcə sənətçinin istirahət edərkən çəkilən gizli görüntüləri olduğu qeyd edilib. E.Ərud videonun içindəki etikadan kənar bəzi sözləri isə çıxardıqlarını dedi: “Həyatı ictimai əhəmiyyət kəsb edən insanlar var. Biz isə Ağadadaş Ağayevi gizli çəkməmişik, pusqu qurmamışıq, olduğu yerdə gizli video quraşdırmamışıq, oğlu, qızı ilə bağında çəkməmişik”.
Baş redaktorun fikrincə, son dövrlər bu tip hadisələr zamanı “bunu edənlər ermənidir” tipli yanaşma yanlışdır və yeni şantaj üsuludur. E.Ərud dedi ki, bu, peşəkarlığa yaraşmayan düşüncə tərzidir. Müsahibimiz videonun yayılmasından sonra A.Ağayevin köməkçisinin bu barədə normal açıqlama verdiyini dedi: “Amma özü sonradan ANS-də çıxış etdi və heç də düzgün danışmadı. Demirəm ki, o videoda nəsə pis bir şey var və o getsin utansın. Yox, hesab edirəm ki, utanacaq, qeyri-adi heç nə yoxdur. Ağadadaş Ağayevi hər gün oxutdurublar. Mənim dayılarımın cavanlığı onun kampaniyalarında keçib, biz eyni rayondanıq. Onu o qədər oxutdurublar ki. Sənətçi oxuyar da. Dünyada birinci şəxslərin belə hardasa oynamağı videoları yayılıb. Bunu pis qələmə vermək lazım deyil”.
Media mütəxəssisi Zeynal Məmmədli isə düşünür ki, bu tipli mübahisələr əbədidir. Onun fikrincə, hər bir insan, eləcə də media orqanı özü üçün bəlli sərhədlər qoyur: “Həmin sərhədlərdə o, özü üçün nəyin etik, nəyin qeyri-etik olduğunu müəyyənləşdirir. 19-cu əsrin etik olmayan şeyi bu gün etik ola bilər. O videoya gəlincə, o media ki, ictimai dəyərləri, ”ictimaiyyət bunu bilməsə nə itirir" fikrini önə çəkir, o bundan çəkinməlidir. O media ki, bir az başqa cür tanınır, kiminsə mediatik, kiminsə ən balaca, kiminsə ən uzun olmasına önəm verir, onlar bu tipli videoları yayacaq".
Z.Məmmədlinin fikrincə, ailəli, sayğın biri özəl həyatı ilə bağlı gözdən salan bir şey edibsə və üstəlik hər hansı siyasi, ictimai iddiası varsa, bu videonun sızdırılması özünü doğrulda bilər. Bu halda həmin şəxsin bu yönünü ictimaiyyətə açıqlamaq zərurəti nəzərə alınır: “Peşəkar media buna diqqətli olmalıdır. Amma bu məqamda əgər söhbət xalq artistindən gedirsə, antireklam da, reklam da onun gündəmdə qalmasına xidmət edir. Bəzən sənətçilərin özləri də bunda maraqlıdır. Siyasətçilər isə bunu kompromat kimi qiymətləndirəcəklər. Belə bir əsrdə yaşayırıq. Özəllə, hamıya aid arasında xırda bir fərq varsa, bunları nəzərə almalıyıq”.
Müsahibimiz bildirdi ki, hakimiyyət də bu tipli hadisələri “özəl həyata müdaxilə” adı ilə bəhanə edib internetdə, mediada nələrisə məhdudlaşdıra bilər: “Maqazin mediası buna yol verə bilər, amma ictimai media bunu edə bilməz. Son dərəcə diqqətli olmalıdır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər