BolgeXeber.Com » BÖLGƏ TV » Taksi sürücüsü polislər tərəfindən döyülüb - İddia (video-foto)

Taksi sürücüsü polislər tərəfindən döyülüb - İddia (video-foto)

24-03-2014, 12:30
Oxunub: 4 449 “Qışqırırdım ki, “mən taksi sürücüyəm”, amma məni təpikləməkdə davam edirdilər; üzümə durdular ki, mən polislərə daş atmışam, polislərin üstünə bıçaq çıxarmışam”

Şikayətçi İmran Eldarovun sözlərinə görə, martın 20-də polis əməkdaşları onu döyüblər.

Hadisə martın 20-də gecə saatlarında Yasamal rayonu ərazisində baş verib. Şahidlərin dediklərinə görə, orada Novruz bayramı münasibəti ilə tonqal qalanıbmış. Sonradan isə avtoxuliqanlar orada öz avtomobilləri ilə təhlükəli manevirlər etməyə başlayıblar. Bundan sonra əraziyə polis qüvvələri gələrək hər kəsi ərazidən uzaqlaşdırmağa çalışıblar. Bu zaman isə bəzi polis əməkdaşları ərazidə olan vətəndaşlara qarşı zor tətbiq ediblər. Hətta havaya atəş belə açılıb.

“Qışqırırdım ki, “mən taksi sürücüyəm” amma məni təpikləyirdilər”

İ.Eldarovun sözlərinə görə, onun bu hadisədə heç bir günahı olmayıb: “Mən taksi sürücüyəm. Çox vaxt Yasamalda “Kaktus” restoranının yaxınlığında dayanıram. Martın 20-də də orada dayanmışdım. Müştəri götürməli idim. Gəldim Yasamala, maşını saxladım yolun qırağında. Ərazidə mən gəlməmişdən qabaq nə olubsa, mənim xəbərim olmayıb. Bir az keçmişdi ki, polislər başladılar camaata hücum çəkməyə. Yaxınlıqda restoran var idi. Girdilər həmin restoranın ofisiantlarını döydülər. Sonra da gəldilər mənim üstümə. Heç nə soruşmadan başladılar vurmağa. Çox idilər. Heç bir şey edə bilmədim. Məni vurub yerə sərdilər. Qışqırırdım ki, “mən taksi sürücüyəm”, amma heç bir fayda vermirdi, məni təpikləməkdə davam edirdilər. Necə olubsa, cibimdə olan 82 manat pul da itib”.

“Üzümə durdular ki, polislərin üstünə bıçaq çıxarmışam”

İ.Eldarov deyir ki, onu döydükdən sonra bölməyə aparıblar: “Məni yerdə döydükdən sonra vura-vura aparıb post-patrul maşınına mindirdilər. 28-ci polis bölməsinə apardılar. Orada mənə heç nə etmədilər. Amma burnum sınmışdı, bədənim göm-göy idi. Hərəkət etməkdə çətinlik çəkirdim. Orada yenə də dedim ki, mən taksi sürücüyəm, məni niyə vururuz, niyə tutmusuz? Məni gətirəndə gördüm ki, maşınımı da təpikləyirdiniz. Bunlara səbəb nədir? Mənim heç bir günahım yoxdur. Bu sözlərimin də faydası olmadı. Mənə dedilər ki, guya qanunsuz iş görmüşəm. Üzümə durdular ki, mən polislərə daş atmışam, polislərin üstünə bıçaq çıxarmışam. Amma orada kameralar var. Hər şeyi isbat etmək olar. Mən maşınımın yanından tərpənməmişəm. Lap günahkar olsam belə məni döyməyə ixtiyarları yoxdur. Qanunla cəzam nədirsə, onu çəkməliyəm”.

“Mən ölə də bilərdim”

İ.Eldarov 28-ci polis bölməsindən Kliniki Tibbi Mərkəzə aparılıb: “Polis bölməsindən məni təcili yardımla Kliniki Tibbi Mərkəzə apardılar. Orada məni müayinə etdilər. Bədənimdə olan yaraları həkim qeydə aldı, amma burnumun sındırılmasını yazmadı. Mən bir neçə dəfə əməliyyat keçirmişəm. Bir dəfə gözlərimdən, bir dəfə isə ağciyərimdən əməliyyat olunmuşam. Həmin əməliyyat olunduğum yerlərə təpiklər vururdular. Mən ölə də bilərdim. 102-yə zəng vurmuşam. Onlar da diqqət ayırmırlar. Baxan yoxdur”.

“Ona nəsə olsa körpə uşağına kim baxacaqdı?”

İmran Eldarovun anası Sevil Eldarovanın dediklərinə görə, onun oğlunu günahsız yerə döyüblər: “Mən xəbər tutdum ki, oğlumu polislər döyüblər. Getdim 28-ci bölməyə. Orada öyrəndim ki, oğlumu aparıblar xəstəxanaya. Orada polislər mənə dedilər ki, həkimlərə İmranın polislər tərəfindən döyüldüyünü deməyim. Əlbətdə ki, razılaşmadım. Haqsız yerə oğlumu döyüblər. Əgər günahı vardısa, bunun qanuni cəzası var. Heç kəsin ixtiyarı yoxdur ki, mənim oğlumu günahsız yerə döysün, burnunu sındırsın. Ona nəsə olsa körpə uşağına kim baxacaqdı? Mən onu nə əziyyətlərlə böyütmüşəm. Evin gəlirləri, bütün yükü onun üstündədir. Bir-tikə çörək pulu qazanmaq üçün gecə-gündüz işləyir. Maşınını da əlindən alıblar. O da özünün deyil, icarəyə götürüb. Həkim dedi ki, burnu sınıb, nəfəs almaqda çətinlik çəkir. Yaxın zamanda əməliyyat olunmalıdır. Bütün bunların xərclərini biz necə ödəyək?”

“Polis əməkdaşlarının vətəndaşa qarşı belə hərəkət etməsi inandırıcı görünmür”

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov musavat.com-a açıqlamasında bildirib ki, polis əməkdaşlarının vətəndaşa qarşı belə hərəkət etməsi inandırıcı görünmür: “Polis əməkdaşlarının vətəndaşa qarşı belə hərəkət etməsi inandırıcı görünmür. Əgər vətəndaş hər hansı bir qanunsuz əməl törədibsə, polis əməkdaşları onu saxlayıb bölməyə aparırlar və polis bölməsində araşdırma aparırlar. Ona qarşı zor tədbiq etmirlər. Amma hər halda vətəndaş mütləq Daxili İşlər Nazirliyinə müraciət etsin. Belə bir hadisə olubsa lazımı araşdırmalar aparılar və tədbir görülər”.
musavat.com