BolgeXeber.Com » BÖLGƏ TV » Bələdiyyələr nə işlə məşğul olur? (VİDEO)

Bələdiyyələr nə işlə məşğul olur? (VİDEO)

27-03-2014, 06:40
Oxunub: 4 605 Mehdi Səlimzadə: "Dövlət büdcəsi necə yaradılırsa, necə təsdiqini və icrasını tapırsa, bələdiyyənin də büdcəsi eyni qaydada işlənməlidir"

Azərbaycan Türkiyədə bələdiyyə idarəetməsi dövlətin əsas sütunlarından biri sayılır. Vətandaşların bu seçkidəki fəallığı isə namizədlərin seçkiqabağı təbliğatında aktiv iştirakları ilə bir daha sübut olunur. Bəs vətəndaşın bələdiyyədən gözlədiyi nədir? Türkiyədə vətəndaş bələdiyyədə təmsil olunmaq üçün seçdiyi namizəddən sözün əsl mənasında iş tələb edir. Küçələrin təmizliyindən tutmuş, şəhərlərin infrastrukturu hər şey bələdiyyədən asılıdır. Bəs Azərbaycanda vətəndaşın bələdiyyədən gözlədiyi niyə olmur?

Bələdiyyələrin fəaliyyətsizliyi müzakirə mövzusudur

Azərbaycan nə Türkiyədir, nə də bizdə bələdiyyələr Türkiyə bələdiyyələrinə oxşayır. Baxmayraq ki, qanun bələdiyyələrə tam müstəqillik və o qədər də səlahiyyət verib ki, istifadə edə bilsələr heç gözümüz qonşu dövlətlərin təcrübəsində qalmaz. Amma bizdə bələdiyyələr sanki torpaq satmaq üçün yaradıldı və indi də təkcə missiyasını bitirmiş yox, həm də ömrünü başa vurmuş qoca təəssüratı yaradır. Hərçənd, Azərbaycanda bələdiyyənin vur-tut 15 yaşı var. 1999-cu ildə ölkədə ilk dəfə bələdiyyə seçkiləri keçiriləndə bu qurumdan gözləntilərimiz çox idi. Bələdiyyə bizi əhatə edən infrastruktura sözün əsl mənasında cavabdehlik daşımalıydı. Məktəb, xəstəxana, rabitə, yol və su çəkilməsi, parkların abadlaşdırılması... Qısası, saymaqla qurtarmayacaq qədər işlər bələdiyyələrin boynundaydı. Amma o nə etdi?

Bələdiyyədən narazı Adil Məmmədov: "Bələdiyyə özü kəndə sapoxla gəlir. Yollarımız nə gündə. Camaat özü özünə nə edirsə edir öz başına".

Bəs bələdiyyə niyə ondan gözləntiləri doğrultmadı? Niyə biz bələdiyyələri icra hakimiyyətlərinin vassalı kimi tanıdıq? Və bələdiyyənni sözün əsl mənasında bələdiyyə olması üçün nə işlər görülməlidir?

Yeri gəlmişkən, bu gün Azərbaycanda 1718 bələdiyyə fəaliyyət göstərir. Və məlumatlara görə, bu bələdiyyələrin illik ümumi gəliri 35 milyon manatdan bir qədər çoxdur. Statistika göstərir ki, bələdiyyələr əllərində olan vəsaitlə yalnız öz işçilərinin maaşlarını verə bilirlər.

Amma bu o demək deyil ki, bələdiyyələr gəlirsiz sahədir. Bələdiyyələr bu gün əhalidən həm əmlak və torpaq vergisi toplayır, həm də əllərində olan torpaqları icarəyə vermək, satmaqla məşquldurlar. Bu rəsmi statistikada da açıq-aydın görünür. Ötən il bələdiyyələrin gəlirlərinin yarıdan çoxu yəni 55.5 faizi torpaq satışından, 20.3 faizi torpaqlarının icarə verilməsindən ibarət olub. Üstəlik hər il dövlət büdcəsindən bələdiyyələrə 5,2 milyon manat dotasiya da ayrılır. Amma reallıq budur ki, bələdiyyələr hətta əllərində olan bu vəsaitləri də düzgun istifadə etmir. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi də bələdiyyələrin yarıtmaz fəaliyyətini etiraf edir.


Bələdiyyələrlə İş Mərkəzinin sədri Mehdi Səlimzadə: "Dövlət büdcəsi necə yaradılırsa, necə təsdiqini və icrasını tapırsa, bələdiyyənin də büdcəsi eyni qaydada işlənməlidir, hazırlanmalıdır, təsdiq olunmalıdır və icra edilməlidir. Amma təəssüflər olsun ki, bəzi hallarda daxil olan vəsait nəzərdə tutulan istiqamətə deyil, tamamilə səmərəsiz bələdiyyənin inkişafına xidmət etməyən istiqamətlərə xərclənir".

"Səndən yar, sənə yar şikayətim var" xarakterli bu açıqlama hər halda ilk növbədə bələdiyyələrin özünü, bu qurumu genişləndirmək isə hamımızı düşündürməlidir. Uzağa getməyək, hətta Ermənistanda belə ərazi nazirliyi var. Bələdiyyələri bir nazirliyin qanadı altına alsaq, bəlkə o zaman biz də doğurdan da nəyəsə nail ola bilərik. Hələlik biz bu bələdiyyələrlə yalnız özümüzü aldatmağa nail olmuşuq.