BolgeXeber.Com » BÖLGƏ TV » Nəqliyyat müfəttişləri sahibkardan rüşvət tələb edir (VİDEO, FOTO)

Nəqliyyat müfəttişləri sahibkardan rüşvət tələb edir (VİDEO, FOTO)

11-06-2014, 14:00
Oxunub: 3 199 Türkan sakini ondan “haqq” istəyənlərin səsini də yazıb; Vüqar Əmirov ölkə başçısından kömək istəyir

Bakı sakini Nəqliyyat Nazirliyinin əməkdaşlarının rüşvətxorluğu ilə bağlı redaksiyamıza müraciət edib. Xəzər rayonu Türkan qəsəbə sakini Vüqar Əmirov deyir ki, evinin yaxınlığında icarəyə götürdüyü avtoyuma məntəqəsi onun başına bəla olub. V.Əmirovun dediklərinə görə, bir neçə gün öncə özlərini Nəqliyyat Nazirliyinin əməkdaşları olaraq təqdim edən iki nəfər ondan rüşvət tələb ediblər: “Mən Türkan qəsəbəsində yaşayıram. Evimin yaxınlığında avtoyuma məntəqəsi var. Oranı 1 həftə olar icarəyə götürmüşəm. Amma imkan vermirlər ki, çörək pulumuzu qazanaq. Bir neçə gün öncə “VAZ 2107” markalı avtomobil obyektin qabağında dayandı. Maşından 2 nəfər düşdü, hər ikisinin əynində Nəqliyyat Nazirliyinin geyimi var idi. Onlardan biri Nəqliyyat Nazirliyinin Xəzər rayonu üzrə şöbə rəisi Şahin adlı şəxsdir. Mənə dedilər ki, onlara pul verməliyəm. 100 manat indi, hər ay da 20 manat. Soruşdum ki, nəyə görə sizə pul verməliyəm? Dedilər ki, təkcə sən deyilsən, bu ərazidə olan bütün belə obyektlər pul verir, sən də verməlisən. Dedim ki, belə pul tələb etmək olmaz, bunun qanuni yolu olmalıdır. Cavabında dedi ki, “istəyirsənsə get bizim şöbəyə, orada Yavər müəllimə yaxınlaş, amma səni orada bezdirəcəklər, min cür sənəd tələb edəcəklər. Həmin sənədləri sən tapa bilməyəcəksən. Amma sən mənə indi 100 manat və hər ay 20 manat versən, mən özüm bütün işləri həll edəcəyəm”. Mənim bəzi sənədlərim hazır deyil. Amma yaxın zamanda hamısını həll edəcəyəm. Heç kəsə rüşvət vermək fikrim yoxdur. Onunla olan söhbətlərimizin hamısının səsini yazmışam. Əlimdə bütün dəlillər var”.

“Bunlar sözün əsl mənasında quldurdurlar”

V.Əmirov bildirdi ki, tələb olunan pulun qarşılığında onlardan qəbz istəyib. Amma nəqliyyat müfəttişləri qəbz verməkdən boyun qaçırıblar: “Başa düşdüm ki, bunlar məndən rüşvət almaq fikrindədirlər. Bu heç də qanuni deyil. Bunlar sözün əsl mənasında quldurdurlar. Mən kasıb adamam. Nəyim var ki, kiməsə də pul ödəyim. Özüm ikinci qrup əliləm. Bir körpə uşağım var. Atam 2 ay öncə dünyasını dəyişib. Anam şəkər xəstəsidir. Mən həmin avtoyuma məntəqəsindən nə qazanıram ki, bunlara hər ay pul 20 manat verim”.

V.Əmirov qeyd etdi ki, qəsəbədə baş verən qanunsuzluqları işıqlandırdığı üçün ona təzyiq edirlər: “Burada Xanım adında bir qadın var. Hamını şərləməklə məşğuldur. Bütün qəsəbə ondan çəkinir. Çünki dəfələrlə camaatı şərləyib, onlardan pul alıb. İndi kimlərinsə göstərişi ilə gəlib mənə də ilişib. Deyir ki, sənin obyektini bağlatdıracağam. Əlimdən gələni edəcəyəm ki, bura bağlansın. Bu da onların işidir. Qəsəbədə nə qanunsuz olursa hamısını mətbuatda işıqlandırıram deyə məni tutdurmaq da istəyiblər. Qəsəbədəki ziyarətgahı satmaq istəyirdilər. Mən səs-küy saldım. Mətbuatı çağırdım. Mehriban xanıma müraciət etdim. Bu qanunsuzluğun qarşısını aldım. O vaxtdan mənimlə düşmən kəsiliblər. Çünki pis işlərinin üstünü mən açmışam”.

V.Əmirov qəzet vasitəsi ilə ölkə başçısına müraciət etdi: “Mən yenə də ölkə başçısı İlham Əliyevə, Mehriban xanıma müraciət edirəm. Ümidim yalnız onlaradır. Əvvəllər də müraciətimi cavabsız qoymayıblar. Yenə də xahiş edirəm ki, bu qanunsuzluqların qarşısını alsınlar”.

Məsələ ilə bağlı hüquq müdafiəçisi Vidadi İsgəndərli ilə əlaqə saxladıq. Hüquq müdafiəçisi musavat.com-a açıqlamasında bildirdi ki, Nəqliyyat Nazirliyinin əməkdaşlarının həmin obyektə bu formada müdaxiləsi tamamı ilə qanunsuzdur: “Burada söhbət rüşvətdən gedir. Onların heç bir pul tələbi ola bilməz. Hətta hər hansı bir vergi ödəməsi olsa belə, sahibkar həmin ödənişi onlara vermir. Əgər deyilənlər doğrudursa, burada korrupsiya var. Onlar açıq-aşkar rüşvət tələb ediblər. Mən həmin şəxsi müdafiə etməyə də hazıram”.

Vüqar Əmirovun bizə təqdim etdiyi səs yazısını da sizə təqdim edirik. Həmin səs yazısında da Nəqliyyat nazirliyinin müfəttişi V.Əmirovdan açıq-aşkar rüşvət tələb edir.
musavat.com