BolgeXeber.Com » BÖLGƏ TV » “Nurgün Motors”dan şikayət var (VİDEO)

“Nurgün Motors”dan şikayət var (VİDEO)

21-06-2014, 14:10
Oxunub: 3 293 Vətəndaşların ən çox şikayəti “Nissan”ın servis mərkəzlərindəndir
Azərbaycanda avtomobil satışı bazarında dövlət tərəfindən kreditləşmə şərtləri sərtləşdikdən sonra durğunluq müşahidə olunur.
Azərbaycanda “Nurgun Motors“un satdığı bir sıra avtomobillərin keyfiyyəti və qurumun təklif etdiyi xidmətlərin keyfiyyətilə bağlı şikayətlərin sayı artmaqdadır. Vətəndaşların ən çox şikayəti isə “Nissan”ın servis mərkəzlərindəndir. “Nurgün Motors”dan alınan avtomobillərə verilən 3 illik və ya 100 min kilometrlik yürüş zəmanətinin qüvvədə qalması üçün maşın yalnız “Nissan”ın servis mərkəzində təmir edilməlidir. Burada qiymətlər isə həddindən artıq bahadır.

Sürücü Nicat Paşayevin sözlərinə görə, ehtiyat hissələri bahadır, əlverişli deyil, “KİA” ilə bunun ehtiyat hissələrində 2 qat fərq edir: “Servisi də çox bahadır. Ustanın yanına gedəndə 40 AZN-ə başa gəlir. Servisdə isə 90 AZN olur, 2 qatına çıxır”.

Sürücülərin sözlərinə görə, qəza baş verdiyi halda “Nurgün Qrupa” daxil olan sığorta şirkəti tərəfindən sığortalanmış avtomobilin məhz “Nissan” servisdə təmir edilməsi tələb olunur. Bu isə avtomatik olaraq təmirin qiymətinin artması və onun müddətinin uzanması deməkdir. Sığorta şirkətinin get-gələ düşən vətəndaşların avtomobillərinin həftələrlə servisdə qaldıqları da olub.

Bundan başqa “Nurgun Motors“un maşınları digər şirkətlərin avtomobillərinə nisbətən daha ağır kredit şərtlərilə satılır. Ekspertlər də düşünürlər ki, “Nurgun Motors“un irəli sürdüyü şərtlər əsasında avtomobil satış qiymətindən azı 3 min AZN, bazar dəyərindən isə 2 dəfə baha başa gəlir. Bu isə daha çox subyektiv amillərlə bağlıdır.

Nəzərə almaq lazımdır ki, alıcı vaxtında krediti ödəyə bilməyəndə avtomobil “Nurgün Qrup"a daxil olan banka qayıdır. Yəni riski bir o qədər böyük olmayan bankın kreditləri niyə belə böyük faiz dərəcəsilə verdiyi qaranlıq qalır.

Diqqəti cəlb edən məqam budur ki, şirkətin satdığı avtomobillərin elan edildiyi kimi Yaponiyada deyil, Hindistanda, Polşada, Çində, Braziliyada, Türkiyədə istehsal olunduğuna dair iddialar da var. Bu iddiaya münasibət bildirən “Nurgün Motors”un marketinq şöbəsinin meneceri Rauf Cahangirovun sözlərinə görə, yapon avtomobillərinin Yaponiyada deyil, digər ölkələrdə istehsal edilməsində təəccüblü heç nə yoxdur. Bir şirkətin zavodlarının Hindistan və ya Çində yerləşməsi dünyada geniş yayılmış təcrübədir.

Rauf Cahangirov “Nissan” servis mərkəzlərində xidmət haqqının və ehtiyat hissələrinin baha olması ilə bağlı iddialarla da razılaşmır. Onun sözlərinə görə, qiymətlər ehtiyat hissələrinin və göstərilən xidmətin keyfiyyətinə uyğundur.