BolgeXeber.Com » BÖLGƏ TV » Eldar Əzizov bu binanın arxasındakı biabırçılığı niyə görmür?-VİDEO,FOTO

Eldar Əzizov bu binanın arxasındakı biabırçılığı niyə görmür?-VİDEO,FOTO

18-07-2014, 08:55
Oxunub: 4 579 Binanın arxası həqiqi mənada obyektlərlə zəbt olunub

Dünyanın bütün normal ölkələrində yaşayış binalarının ətrafında boş yer olan kimi ora yerli orqanlar tərəfindən yaşıllaşdırılır və həmin ərazidə ağaclar əkilərək sakinlər üçün istirahət məkanı salırlar. Amma təəssüflər olsun ki, bizdə çox zaman hətta yaşayış binasının yanında bir qarış belə boş yer görən kimi yerli məmurlar həmin ərazini rüşvət müqabilində sahibkarlara satırlar. Beləcə binaların arxasında ağaclar yox dükanlar, marketlər,gözəllik salonları və sairə kommersiya obyektləri uzanır. Bu sarıdan bəlkə də ölkədə ən çox özbaşınalıq baş verən yer Sumqayıtdır. Bolgexeber.com bildirir ki, redaksiyamıza müraciət edən 13-cü mikrorayon, bina 19 –un sakinlərinin şikayətləri də bu qəbildəndir. Belə ki, 5 mərtəbəli binanın arxası boyunca nə az, nə çox düz 7 obyekt uzanır, biri isə hal-hazırda tikilir. Binanın arxası həqiqi mənada obyektlərlə zəbt olunub.

Sakinlər deyirlər ki, 8-9 il əvvəl binalarının arxası bomboş idi və burda ilk dükanların təməlini qoyanda da onlar etiraz etmişdilər, lakin onların şikayətlərinə məhəl qoyulmamışdır. İndi isə artıq sakinlər, ələlxüsus aşağı mərtəbələrdə yaşayanlar arxa pəncərələrindən romantik mənzərəni yox , 100 metrlik bina boyunca göbələk kimi artan yöndəmsiz dükanların arxasını və zir-zibilli mənzərəni seyr etmək məcburiyyətində qalırlar. Bu yaxınlarda qalan boş yerdə tikintiyə başlanılması sakinlərin səbr kasasının dolmasına səbəb olub. Binalarının arxası antisanitariya mənbəyi olmaqdan başqa obyektlər havanın qabağını alıb və sakinlərin əksəriyyəti təbii gün işığından məhrum olublar. Qızmar yay günü dükanların ucbatından havasızlıqdan daha çox əziyyət çəkirlər. Pəncərələrinin düz qabağında tikilən obyektlərin gətirdiyi fəsadlar bununla bitmir. Obyektlər həm də səs-küy mənbəyidir ki, bu da sakinlərin narahatçılığına səbəb olur. Bundan başqa dükanların yanındakı elektrik dirəklərdəki elektrik xətləri daima təhlükə mənbəyidir. Sakinlərin sözlərinə görə dükanlarda hətta toyuq-cücə saxlayanlar da var və səhərlər kənd yerindəki kimi xorus səsi eşitmək şəhər sakinləri üçün adi hala çevrilib. Sakinlər Bolgexeber.com-a bildirirlər ki, onlar sahibkarlığın inkişafına qarşı deyillər və dükan sahiblərinə qarşı heç bir şəxsi qərəzliklərinin olmamasını qeyd edirlər. Ancaq bununla belə bu açınacaqlı vəziyyətlə də haqlı olaraq razılaşmaq istəmirlər. Bu məqsədlə bu yaxınlarda bir müraciət ediblər və evlərinin 5 metrliyində gedən tikintinin təcili dayandırılmasını və digər dükanlarla da bağlı bir tədbir görülməsini tələb ediblər.

Sakinlər soruşurlar ki. ümumiyyətlə balaca bir ərazidə 7-8 dükanın olması nə dərəcədə düzgündür. Onlar icra hakimiyyətinin və bələdiyyənin binada yaşayan vətəndaşlarla hesablaşmamasından narazıdırlar. Binanın sakinləri ölkədə və şəhərdə gedən tikinti və abadlıq işlərini tam dəstəkləyirlər , ancaq tikintilərin,özü də kommersiya ilə məşğul olan obyektlərin evlərinin 5 metrlik məsafəsində tikilməsinə etiraz edirlər. Sakinlər fikrincə bunun əvəzinə binanın boş ərazisində uşaqların və yaşlıların istirahət etməsi üçün abadlıq işlərinin görülməsi daha yaxşı olardı. Sakinlər bildirirlər ki, bu obyektlərin hələ nə dərəcədə qanuni tikilməsi bir yana qalsın , obyekt tikintisinə icazə verən zaman vətəndaşların fikri nəzərə alınmalıdır. Sakinlər bildirirlər ki, binanın lap yaxınlığında, demək olar ki, bitişik , bu qədər sayda obyekt tikmək əslində məqsədəuyğun olmamalıdır. Bundan başqa sakinlər bildirirlər ki, obyektlər tikilən ərazidən böyük su borusu keçir və bu da təbii ki, gələcəkdə qəza baş verərsə problem yarada bilər. Həmçinin allah eləməsin,binada yanğın baş verərsə yanğınsöndürən maşınların binaya yaxınlaşması müşkül məsələ olacaq.
Bütün bunlara baxmayaraq obyeklərin tikintisinə icazə verən zaman məmurlar bu faktorlara göz yumublar. Bəzi sakinlər isə düşünür ki, bütün bunlara aidiyyatı qurumların məmurları heç də elə-belə göz yummayıblar. Əks halda heç kim burda qanuni yolla obyekt tikə bilməzdi.

Görünür məmurları vətəndaşlardan çox şəxsi maraqları daha çox maraqlandırıb. Maraqlıdır ki, şəhərin icra başçısı Eldar Əzizovun adı daima mətbuatda qanunsuz dükanların sökülməsi ilə bağlı xəbərlərdə hallanmasına rəğmən icra hakimiyyəti nə səbəbdənsə bu binanın arxasında tikilən çoxsaylı dükanların tikilməsinə göz yumur. Ancaq bütün bunlara baxmayaraq sakinlər bildirirlər ki, əgər yerli məmurlar onların müraciətinə müsbət reaksiya verməsə belə onlar geri çəkilməyəcəklər və lazım olarsa məhkəməyə , həmçinin Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edəcəklər, ümumiyyətlə problem həll olunmayanacan bütün qanuni vasitələrdən istifadə edəcəklər.
Doğrudan da dünyanın hansısa normal ölkəsində belə bərbad və açınacaqlı mənzərənin şahidi olmaq olmaz. Sakinlərdən birinin bina ilə bağlı redaksiyamıza göndərdiyi videogörüntüləri təqdim edirik ki, bundan oxucular və aidiyyəti qurumlar özləri bir nəticə çıxartsınlar.
Məsələni diqqətdə saxlayacağıq.
Bolgexeber.com