BolgeXeber.Com » BÖLGƏ TV » “Mişanı məndən alsalar, özümü asaram...” - FOTOLAR,VİDEO

“Mişanı məndən alsalar, özümü asaram...” - FOTOLAR,VİDEO

23-07-2014, 18:55
Oxunub: 10 611 “Nə onun sənədi var, nə mənim”

Adətən hər birimiz uşaqlıq dövrünü insan həyatının ən qayğısız dövrü hesab edirik və elə həqiqətdə də onu qayğısızcasına yaşayırıq. Yalnız bu gün toxunacağımız mövzunun qəhrəmanı bu qayğısız dövrdən məhrumdur.Bolgexeber.com bildirir ki, fotodakı uşağın görüntüsü ötən il “Bizim yol” qəzetinin əməkdaşı tərəfindən çəkilib və internetdə geniş rezonansa səbəb olmuşdu. Paytaxtda təsadüf nəticəsində fotodakı uşaq bir daha qarşımıza çıxdı. Foto çəkildiyi vaxtdan bir il ötsə də, o uşaqlığını yenə həmin qutuda yaşayır...

Fürsətdən istifadə edən əməkdaşlarımız onu bu qutuda aparan şəxsə yaxınlaşıb bir az söhbətləşiblər. Öyrəndik ki, uşağın adı Mikayıl, ona hər zaman yol yoldaşlıq edən şəxs isə onun atası Sergeydir. Mikayılın anası ürək çatışmazlığından əziyyət çəkərək iki il yarım öncə dünyasını dəyişib. Elə o vaxtdan da ata-bala belə bir həyat tərzi sürməyə başlayıblar.

“Nə onun sənədi var, nə mənim”

Sergeyin sözlərinə görə, onlar hal-hazırda Bayıl qəsəbəsində kirayə qalırlar. “Kirayə haqqı 150 manatdır” - deyən Sergey kirayə haqqını və gündəlik tələbatlarını ödəmək üçün, küçələrdən şüşə butulkalar, dəmir, selofan, çörək qırıntıları yığaraq bazarlara təhvil verdiklərini bildirdi: “Çörəkləri yığıram, bazarda mal-qaraya yem edənlərə satıram. Bir kisəsi 1.50 qəpiyə başa gəlir. Bir az da pivə və şampan butulkalarından pul götürə bilirəm. Digər şüşə butulkalarını qəbul edən olmur”.
Sergey özü Bakıda doğulsa da, uzun illər Ukraynada yaşadığını deyir: “Ukraynada bir qızım və oğlum var. Ancaq sənədlərimi itirdiyimə görə, ora gedə bilmirəm”.

Onun sözlərinə görə, Ukraynada adam bıçaqladığından, həbsdən yayınmaq məqsədi ilə Bakıya qayıdıb. “Vurduğum adam qaraçılardan idi. Bakıda gəlib məni axtarsalar da, tapmadılar. Sonra yenidən Ukraynaya döndüm. Ancaq bir müddət sonra yenidən Bakıya qayıtdım” - deyən Sergey Bakıya qayıtdığı zaman şəhadətnaməsini orada qoyub gəldiyini, daha sonra isə pasportunu və hərbi biletini Bakıda itirdiyini bildirdi.

Həyat əhvalatını danışan Sergeyin sözlərindən, həmçinin o da məlum oldu ki, Mikayılın da hal-hazırda doğum haqqında şəhadətnaməsi yoxdur: “Hələ ki, yalnız doğum evindən verilən bir sənəd var. Ancaq ona şəhadətnaməni almaq məsələsi asandır. Mənim sənədlərimi bərpa etmək çətindir. Ona çox pul lazım olacaq”.
Mikayılın bu ayın 30-u 4 yaşı tamam olacaq. Onun təhsili ilə bağlı maraqlandıqda Sergey tanışları vasitəsi ilə onu orta məktəbə düzəldəcəyini bildirdi: “Ombudsman Elmira xanım bizə kömək edəcək”.

İnternetdən gələn yardım

Sergey Mikayılın fotosunun internetdə yayıldığından xəbərdar olduğunu da gizlətmədi. Onun sözlərinə görə, onlara maddi cəhətdən köməklik göstərənlər də tapılıb: “Hətta bir dəfə elə olub ki, “Jeep” markalı avtomobil yolun kənarında saxlayıb, mənə 150 avro pul verib”.

Sıravi vətəndaşlar onlara kömək etsələr də, aidiyyatı qurumlardan belə bir təşəbbüs göstərən olmayıb. İndiyədək hər hansı bir aidiyyatı quruma müraciət edib-etmədiyini soruşduqda, Sergey müraciət etmək istəmədiyini bildirdi: “İstəmirəm! Lazım deyil, özümüz özümüzü dolandıra bilirik”.

Bizimyol.info-nun əməkdaşları çəkiliş apardığı zaman Sergey elə çəkilişdən qabaq bir piyadanın ona 1 manat pul verdiyini bildirib: “Cəmi 20 qəpik pul var idi cibimdə. Ona da Mişaya su alacaqdım. Ancaq artıq bir manatım var, ürəyi nə istəsə, onu da alacam: cipsi, su, dondurma - nə istəsə!”.

“Qorxuram onu məndən alarlar...”

Sergeyin aidiyyatı qurumlara müraciət etməməsinin başqa bir səbəbi də Mikayılı ondan alacaqlarından qorxmasıdır: “Qorxuram ki, onu məndən alarlar... Onu məndən alsalar, mən özümü asaram. Onsuz yaşaya bilmərəm. Baxa bilərsiniz, nə qollarımda, nə boğazımda, nə də bədənimdə çapıq belə yoxdur. 3 dəfə türmədə yatmışam - Ukraynada və 2 dəfə də Azərbaycanda. Ancaq hələ bir dəfə də özümü kəsib-doğramamışam”.

Ölkədə bəzi uşaq müəssisələri də var ki, maddi və ya digər səbəblərdən övladlarını saxlaya bilməyən valideynlər üçün həftə içi uşaqlarını orada yerləşdirmək imkanı yaradılır. Həftəsonu və ya bayram günlərini isə valideynlər övladı ilə keçirə bilirlər.
Məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ilə əlaqə saxladıq. K.Ağazadə sədrlik etdiyi uşaq sığınacağında boş yerlərin olmadığını bildirdi. Bu da başqa bir məsələdir ki, uşaqlar valideyn himayəsindən bu və ya digər səbəblərə görə məhrum olurlar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Aydın Rəcəbli isə bildirdi ki, məsələ ilə bağlı rəsmi müraciət edilməlidir: “Yalnız rəsmi müraciətdən sonra onları aidiyyatı quruma yönləndirmək mümkün olar”.