Gədəbəy icra hakimiyyətində 76 yaşlı qadını niyə döyüblər? - FOTOLAR
8-01-2015, 14:10
Oxunub: 6 100
Son aylar Gədəbəy rayonu ilə bağlı mediada yayılan problemlər, rayondakı ciddi qanun pozuntuları və s. bitib tükənmək bilmir. Bundan ən çox əziyyət çəkənlər də elə yerli sakinlərdir. Onların narazılığına səbəb isə yerli idarə və müəssisə rəhbərlərinin, eləcə də Gədəbəy Rayon İcra Hakimiyyətinin (RİH) rəhbər işçilərinin özbaşınalıqlarıdır.
Bununla bağlı Gədəbəy rayonu Plankənd kənd sakinləri 1938-ci il təvəllüdlü Rüstəmova Dursun Qasım qızı və 1971-ci il təvəllüdlü Rüstəmov Həsən Böyükkişi oğlu Azinform.az-a müraciət ediblər. Onların müraciətində rayonun icra başçısı Ramiz Yediyarovun, RİH-in memarlıq və tikinti şöbəsinin müdiri Elxan Vəliyevin qanunsuz əməllərindən bəhs olunur. Məsələnin ciddi olduğunu düşünüb şikayətçilərin hər ikisi ilə görüşdük. Gədəbəydə onların səsinə səs verən olmadığından Bakıya qədər gəlib çıxıblar. Gədəbəy rayon rəhbərliyinin əmələrindən təngə gəldiklərini deyən 76 yaşlı Dursun Rüstəmova bildirdi ki, yaşadığı ev qəzalı vəziyyətdədir. Bununla bağlı dəfələrlə Gədəbər RİH-ə müraciət etsə də, orada heç kim ona yardım etməyib:
«Gəlib yaşadığımz mənzilə baxsanız necə acınacaqlı gündə yaşadığımı görərsiniz. Bu qədər məsafəni qət edib bura gəlməkdə məqsədim var. Hara şikayət edirəmsə, mənə köməklik göstərmirlər. 76 yaşımda icra başçısı Ramiz Yediyarov məni küçələrə salıb. Şikayətim mənzil şəraitimin bərbad halda olması ilə bağlıdır. Yağan yağış, qar hamısı evimin içindədir. Buna yaşayış demək də düzgün deyil. Dəfələrlə Gədəbəy Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. İcra başçısı, müavinləri və memarlıq şöbəsinin müdiri söz verdi ki, sənin evini düzəldəcəyik. Hətta bu məqsədlə bir müddət əvvəl Gədəbəy Rayon İcra Hakimiyyətində başçının qəbulunda oldum. Yaşlı qadınam qulağım ağır eşidir. Başçıya bir qədər yaxın durub ona şikayətimi deyirdim. Elə bu dəm memarlıq və tikinti şöbəsinin müdiri Elxan Vəliyev arxadan mənə yumruq zərbəsi endirməyə başladı. Zərbənin təsirindən özümü itirib yerə yıxıldım. Ağır şəkər xəstəsiyəm».
Dursun nənə deyib ki, şöbə müdirinin onu nəyə görə döydüyünü başa düşməyib: «Bütün bunlar icra başçısı Ramiz Yediyarovun gözləri qarşısında baş verdi. Elxan Vəliyev məni döyə-döyə icra hakimiyyətinin binasından qovdu. Ailə vəziyyətim olduqca ağırdır. Öhdəmdə 6 nəfər xəstə uşaq var. Həyat yoldaşım Böyük Vətən müharibəsində iştirak edib, müharibə veteranı idi. Artıq 16 ildir ki, dünyasını dəyişib. O, vəfat edəndən sonra uşaqlara mən baxıram. Dolana bilmirik. İcra başçısı Ramiz müəllim mənə heç bir köməklik göstərmir. Gədəbəy Rayon İcra Hakimiyyətinə ümid bağlayıb getmişdim. Dedim birdən məmurlar insafa gəlib mənə köməklik göstərərlər. Amma Elxan Vəliyev heç bir günahım olmaya-olmaya məni döydü. Yaşlı qadına qarşı belə hərəkət etmək olarmı? Onun hərəkətlərindən çox pis oldum. İcra hakimiyyətinin işçiləri məni əməlli-başlı süründürməçiliyə muruz qoyurlar. Bir həftədə beş dəfə icra hakimiyyətinə getdim-gəldim, lakin heç bir nəticəsi olmadı. Yaşadığım mənzil hələ də qəzalı vəziyyətdədir. Ev başımıza uçsa, hamımız öləcəyik. Şikayətimə baxmırlar, bunu başa düşərdim, bəs məni niyə döyürdülər? Gəlsinlər üzləşək, heç bir yalanım yoxdur. Bu vəziyyətə düşməyimin səbəbkarı Ramiz Yediyarovdur. O şikayətimə baxmır, icra hakimiyyətinə gələndə məni döydürür. Sizin vasitənizlə prezident İlham Əliyev cənablarından kömək istəyirəm. Ondan xahiş edirəm ki, Ramiz Yediyarovun başımıza açdığı bu müsibətlərə son qoysun”.g3
Plankənd kənd sakini Həsən Rüstəmov da yerli məmurların qanuna sığmayan əməllərindən təngə gəldiyini biuldirir. O, aşağıdakıları söylədi:
«Nəzərinizə çatdırım ki, icra başçısı Ramiz Yediyarovun qəbulunda dəfələrlə olmuşam. Şikayətim yaşadığım mənzilin qəzalı vəziyyətdə olması ilə bağlı idi. Yaşadığım ev 1961-ci ildə tikilib. Evdə iri çatlar əmələ gəlib. Yüngülvari zəlzələlərdən sonra bu çatlar daha da böyüyüb. İcra başçısının qəbulunda oldum və şikayətimi ona çatdırdım. O isə məsələni araşdırması üçün memarlıq və tikinti şöbəsinin müdiri Elxan Vəliyevə həvalə etdi. Elxan Vəliyev, eləcə də aidiyyəti qurumların nümayəndələri gəlib yaşadığım şəraitə, mənzilə baxdılar. Mənə dedilər ki, sizin evinizin qəzalı vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məktub göndərmişik. İcra hakimiyyətinin işçilərindən tələb etdim ki, nazirliyə göndərilən məktubun surətini mənə göstərsinlər. Çünki mən məktubun nazirliyə göndərilməsinə inanmırdım. Elxan Vəliyev göndərilən məktubu kompyuterdən sildirdiyini bildirdi. Bundan sonra yenidən Ramiz Yediyarovun qəbuluna getdim. Ona dedim ki, ay gözəl insan, ay rayonun rəhbəri, axı siz Elxan Vəliyevə demişdiniz ki, Həsən Rüstəmovun problemini araşdır, ona kömək elə. Amma Elxan Vəliyev və digərləri baş üstə deyib başlarının üstə gedirlər». Həsən Rüstəmov deyir ki, evinin təmir edilməsi ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyətinə göndərdiyi müraciətlərə verilən cavablar onu qane etmir: «Çünki icra başçısının müavinləri Qüdrət Paşayev və Rüstəm Nağıyev cavab məktubunu özlərinə sərf edən formada hazırlayırlar. Şöbə müdiri Elxan Vəliyev icra başçısının tapşırığına məhəl qoymadı”.
Qeyd edək ki, Həsən Rüstəmovun azyaşlı oğlumda bir müddət əvvəl ruhi xəstəlik də əmələ gəlib:
“Maddi vəziyyətim çox aşağı səviyyədədir. Uşağı müalicə etməyə pulum yoxdur. Bununla bağlı Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ramiz Pirverdiyevə, həmçinin icra başçısı Ramiz Yediyarova müraciət etdim. Rayon rəhbərliyi və baş həkim yalan vədlərlə məni aldatdı. Uşağımı müayinə ediblər, həqiqətən də belə bir xəstəliyin olduğu müəyyənləşib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayon Tibbi-Sosial Ekspert Komissiyasının sədri var, Bahəddin müəllim. Mən bu günə kimi onun qəbuluna düşə bilməmişəm. İcra başçısı, müavinləri, memarlıq və tikinti şöbəsinin müdiri, baş həkim, TSEK (qeydiyyat idarəsi) sədri və digər məmurlar elə şərait yaradıblar ki, buna dözmək mümkün deyil. Aidiyyəti dövlət qurumlarına dəfələrlə müraciət etmişəm, amma heç kim mənə kömək etmir. Dünən Prezident Administrasiyasının Gədəbəy rayonu üzrə kuratoru Habil Əzəmmədova zəng etdim ki, bəs filan problemlərim var. O isə bildirdi ki, sonra gələrsən, sizi qəbul edərik. Mənim hər gün Bakıya gəlməyə pulum yoxdur. Sizdən xahiş edirəm ki, mənim şikayətimi cənab prezidentə, Prezident Administrasiyasının rəhbərliyinə və digər aidiyyəti qurumların rəhbərlərinə çatdırasınız. Rayonda özbaşınalıq baş alıb gedir. Yerli məmurların bir çoxu Ramiz Yediyarovu eşitmir».H.Rüstəmov deyir ki, bütün bu problemlərdən dolayı Azərbaycan vətəndaşlığından çıxmağa da hazırdır.
İnanırıq ki, aidiyyati dövlət qurumlarının rəsmiləri Gədəbəy sakinlərini narahat edən problemləri araşdırıb günahı olan şəxsləri layiqli formada cəzalandıracaqlar.
Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Qeyd edək ki, “bakitv”də də şikayətçilərin video görüntüləri əks olunub.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər