BolgeXeber.Com » BÖLGƏ TV » «AXA MBASK»dan inciyib sığorta etmədi, yol polisi cərimələdi - VİDEO

«AXA MBASK»dan inciyib sığorta etmədi, yol polisi cərimələdi - VİDEO

15-01-2015, 09:35
Oxunub: 4 420 "Ölkəmizdə bonus-malus sistemi işləmir, daha doğrusu, bəzi sığorta şirkətlərinin mənafeyi üçün işləyir"

Bir neçə gün əvvəl Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının paytaxtın Ziya Bünyadov prospektində yük avtomobillərinə qarşı keçirdiyi reyddə maraqlı hadisə baş verib. «Kamaz» markalı, 04 BD 532 dövlət nömrə nişanlı avtomolin sürücüsü DYP əməkdaşları tərəfindən saxlandıqda məlum oldu ki, sürücü avtomobili sığorta etdirməyib. Buna görə də, sürücü Sadiq Xəlilova 40 manat cərimə tətbiq olundu. Cərimə ilə razı olduğunu deyən sürücü avtosfer.az-ın əməkdaşına bildirdi ki, sığorta etdirməməsinin səbəbi sığorta şirkətinin ona endirim etməməsidir. Sadiq Xəlilovun sözlərinə görə, artıq 3 ildir avtomobili «AXA MBASK» sığorta şirkətində icra sığorta etdirir. Lakin heç vaxt qəza törətməməsinə, sığortaya müraciət etməməsinə baxmayaraq, hər il eyni pulu ödəməli olur: «15 ildir bu maşını sürürəm. Qəza etməmişəm. Eşitmişəm ki, sığorta hirkətləri qəza törətməyən sürücülərə hər il endirim etməlidirlər. Amma «AXA MBASK» sığorta şirkəti məndən hər il 200 manat alır. Mən də onlara acıqlanıb bu il sığorta etdirmədim. Nəticəsi də belə oldu – cərimələndim».
Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov məsələ ilə bağlı şərh verib. Onun dediyinə görə, sürücü öz avtomobilini icbari sığorta etdirməməsinin səbəbi kimi sığorta şirkətlərinin ona güzəşt etməməsini göstərir. Amma bu hal heç kəsi icbari sığortadan azad etmir: Adından da göründüyü kimi, icbari sığorta məcburidir və hər kəs öz nəqliyyat vasitəsini sığorta etdirdikdən sonra ondan istifadə etməlidir.
Amma sürücünün dedikləri hazırda icbari sığorta sistemində mövcud olan bir problemi ortaya qoyur. Həqiqətən də, bu gün ölkəmizdə bonus-malus sistemi işləmir, daha doğrusu, bəzi sığorta şirkətlərinin mənafeyi üçün işləyir. Maliyyə Nazirliyinin 2011-ci ilin dekabrında təsdiq etdiyi bu sistemə əsasən, 2013-cü ilin yanvarından başlamaqla avtonəqliyyat vasitələrinin icbari sığortası zamanı sürücünün əvvəlki ildəki davranışı nəzərə alınmalıdır. Belə ki, əgər sürücü əvvəlki ildə yol-nəqliyyat hadisəsi (sığorta hadisəsi) törədibsə, onun bonus-malus sinfi aşağı salınır, yəni bu sürücüdən daha çox sığorta haqqı alınır. Sürücünün əvvəlki illərdə hər hansı qəzası (sığorta hadisəsi) olmadıqda isə onun bonus-malus sinfi qaldırılır. Bonus-malus sinfinin qaldırılması o deməkdir ki, həmin sürücüdən daha az sığorta haqqı tələb olunur. Məsələn, sürücü ötən il 200 manat sığorta haqqı ödəmiş və heç bir sığorta hadisəsi törətməmişdirsə, onun bonus-malus sinfi bir pillə qaldırılır və bu il üçün ondan 0,95 əmsalla, yəni 200x0,95=190 manat məbləğində sığorta haqqı alınır. Həmin sürücü növbəti illərdə də qəza törətməzsə, hər növbəti il bonus-malus sinifi daha bir pillə artır və o, daha 0,05 əmsal az sığorta haqqı ödəyir. İntizamlı sürücü bu qaydada davam edə bilsə, 10 ildən sonra onun ödəyəcəyi sığorta haqqı cəmi 0,45 əmsal, yəni 200 manatx0,45=90 manat olacaq.
Təəssüf ki, bəzi sığorta şirkətləri bonus-malus sisteminin intizamlı sürücülərin vəziyyətini yaxşılaşdıran bu imkandan istifadə etmirlər».