BolgeXeber.Com » BÖLGƏ TV » “AMK-Yasamal” MMC insanların sağlamlığına qənim kəsilib - ŞİKAYƏT + VİDEO

“AMK-Yasamal” MMC insanların sağlamlığına qənim kəsilib - ŞİKAYƏT + VİDEO

22-01-2015, 10:25
Oxunub: 5 471 Artıq bir neçə gündür ki, Yasamal rayonu "Yeni Yasamal-2" M.Xiyabani küçəsində “AMK-Yasamal” MMC tərəfindən yeni hündürmərtəbəli binanın tikintisi ətrafda yaşayan insanları çətin duruma salıb.

Bu barədə kütləvi şəkildə şikayət edən sakinlər bildirib. Aparılan tikinti işləri 5 yaşayış binasının düz qarşısında olduğundan mövcud təhlükəli vəziyyət sakinlərin haqlı narazılığına səbəb olub:

“Ətrafda dolaşan toz-torpaqdan ciyərlərimiz artıq xəstəliyə tutulub. Hələ bu azmış kimi, tikinti şirkətinin özbaşına, saymazyana davranışı səbəbindən ağır texnikanın gurultusunu gecədən səhərə qədər duymaq məcburiyyətində qalırıq. Gün ərzində toz-torpaqdan və səs-küydən əziyyət çəkməyimiz bəs etmirmiş kimi, hələ üstəlik gecələrimiz də xarabalıq məkanların vahiməli qaranlıqlarına dönüb. Bütün gurultu psixikamıza, beynimizə, ruhumuza mənfi təsir edir. İnsanları bu tərzdə narahat etmək, əhalinin sağlamlığına bu cür zərər vermək hüququnu onlara hansı səlahiyyətli dövlət məmuru verib? Kim onlara ixtiyar verib ki, ətrafdakıları insan hesab etmirlər? həmin şirkətin rəhbəri öz ailəsi ilə birgə bu səs-küydə, toz-torpaqda yaşayarmı?”

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin oktyabrın 8-də keçirilmiş müşavirəsindəki yekun nitqində bu fikirləri səsləndirib:

"Çoxmərtəbəli binaların tikintisi işini çox düzgün şəkildə təşkil etmək mümkündür. Bu zaman tikinti şirkətlərinin üzərinə ətrafda ekoloji təmizləmə işlərinin görülməsi məsuliyyəti də qoyulmalıdır. Əgər hansısa iş adamı, bir şirkət ev tikmək istəyirsə, orada ekoloji tədbirlər də görülməlidir. Köçürülmələr də aparılmalıdır. İndi boş yer vermək ki, gəlin burada ev tikin, hesab edirəm, bu dövr artıq arxada qalır. Kim ev tikmək istəyirsə, şəhər, rayon icra hakimiyyətlərinə müraciət etsin. Bu qurumlar onlara ya yararsız vəziyyətdə olan keçmiş sənaye obyektlərinin, zavodların yerində, ya da ekoloji tədbirlərə ehtiyac olan yerlərdə yer versinlər ki, orada tiksinlər”, - deyə prezident bildirib.

P.S. Maraqlı məqam ondan ibarətdir ki, ölkə başçısının bu tapşırığından sonra Yasamal rayon İcra Hakimiyyəti hansı səbəbdən şirkətə belə bir ərazidə tikinti aparmağa icazə verib.

Məlumat üçün bildirək ki, "AMK-YASAMAL" MMC “Abşeron İnşaat” MMC -nin tərkibinə daxildir.

“AMK – Yasamal” MMC ilə əlaqə saxladıq. Telefona cava verən və özünü şirkətin satış meneceri kimi təqdim edən xanım bildirdi ki, tikinti gedən ərazidə toz-torpağın olması normaldır: "Kimin evi toz olursa, əlinə dəsmal alsın silsin. Gecə vaxtı səs-küyün olmasına səbəb beton tökmə işləri ilə bağlıdır. Bu da artıq yekunlaşıb". Şirkət əməkdaşı daha sonra vurğuladı ki, əlavə suallar varsa, sabah müdiriyyətlə əlaqə saxlayaq.

Mövzuya yenidən qayıdacağıq...

Narazı vətəndaşlar fakt olaraq gecə vaxtı aparılan tikinti işlərinin videogörüntüsünü də göndəriblər.
aktual.az