BolgeXeber.Com » BÖLGƏ TV » Şəmkirdə Lamiyəgildə bir gecə... -.FOTO,VİDEO(Reportaj)

Şəmkirdə Lamiyəgildə bir gecə... -.FOTO,VİDEO(Reportaj)

21-02-2015, 18:18
Oxunub: 4 702 Şəmkirdə Lamiyəgildə bir gecə... -.FOTO,VİDEO(Reportaj)Lamiyə həbsxanada Haqvediyevin “Kimdir Müqəssir” tamaşasında oynayıb

BOLGEXEBER.COM bildirir ki,“qafqazinfo”nun müxbiri Murad Əhməd dünən azadlığa çıxan Lamiyə ilə Şəmkirə, onların ata yurduna gedib. Jurnalist bir gün Lamiyəgildə qonaq qalıb, onunla geniş söhbət edib, müşahidələrini həm qələmə, həm də lentə alıb. Onun hazırladığı materialda insanı haldan-hala salan, bu qızın əslində necə bir iradə sahibi olduğunu açıb cəmiyyətə göstərən çox həssas məqamlar yer alıb.

“Qafqazinfo”ya istinadən müsahibə və reportajı təqdim edir:

Lamiyəni azadlığa çıxdığı ilk gün tək qoymadım, onunla Şəmkirə getdim. Evlərində darvazaları açıb, həyətə toplaşan 50 adam onu gözləyirdi. Bir də onun qurbanı olacaq qoyun... Saat 20:59. Lamiyə qapılarından içəri girdi. Qohumları hadisənin təsirinən ağlayırdı. Lamiyə də ağlayırdı, amma deyəsən bu dəfə qohumlarını tanımadığna görə... Onu qucaqlayan 9-10 yaşları uşaqların kim olduğunu bilmirdi. Ancaq o, nənəsini, babasını da tanımadı. Çox dəyişmişdilər, qocalmışdılar. Hönkürərək ağlamağa başladı, azadlıqda olduğuna inanmadığını dedi. Bir müddət keçdi, gələn tanışlar, qohumlar çoxaldı, Lamiyənin başı qarışdı. Və budur... Lamiyə artıq azadlıq həyatına özünü uyğunlaşdırmaq üçün ilk addımı atdı. Qonaqlar üçün açılan süfrəni özü hazırladı, özü xidmət etdi. Yaxın adamlar Lamiyəyə 15 yaşdan öncəki anları xatırladıb əhvalını xoş etdilər. Artıq bir neçə saat keçmişdi, qonaqlar yavaş-yavaş azalırdı.

Artıq hər kəs gedəndən sonra ev sakinləri ilə tək qalmışdım. Lamiyə uşağı yatırmaq üçün biraz da vaxt istədi, biz də həmin vaxtı xalası oğlu Vüsalla söhbətləşdik. Saat 01:10... Müsahibəyə başladıq, lap əvvəldən, Lamiyənin orta məktəbdə oxuduğu vaxtlardan. O fotolarla söhbət etdi. Uşaqlıq şəkillərini göstərib hər biri haqda öz xatirəsini anlatdı. Və həbsdən öncə ən son çəkdirdiyi fotonu göstərdi, 14 yaşı vardı onda, kövrəldi. Bu fotodan sonra özünün dediyi kimi “zon fotoları”na keçdik.

Lamiyə həbsxanada Haqvediyevin “Kimdir Müqəssir” tamaşasında oynayıb, həm də Mələk rolunda. Rejissor həbsxanadakı bütün qadınlar içindən bu rola yalnız Lamiyəni uyğun bilib.

Lamiyəgildə bir gecə...

“Zon”dan daha bir foto: Lamiyə gözəllik müsabiqəsinin qalibi olub. Həmin yarışmadan fotonu göstərib dedi: “Burda geyindiyim paltara bilirsiniz nə qədər maya qoymuşam?! Anam gətirib verirdi, mən də orada dərziyə sifariş etdim. Dizaynını da özüm vermişdim. Bütün gecəni o paltarın formasını fantaziyamda canlandırmışdım”.

Lamiyəgildə bir gecə...
Şəmkirdə Lamiyəgildə bir gecə... -.FOTO,VİDEO(Reportaj)
Həbsxanadan, ondan öncəki həyatdan söhbət etdik. Sonra isə nəhayət müsahibəyə start verdik, saat 01:20...

- Lamiyə artıq azadlıqdadır. Gəlin, ilk olaraq azadlıqdan danışaq. Həbsdən öncəki azadlıqdan. Həyatınız necə keçirdi?

- Həbsdən əvvəl evdə anamın yanında yaşayırdım. Məktəbə gedirdim. Ev qızı necə olarsa, elə yaşayırdım. Dərslərim də yaxşı idi. Sadə bir uşaq həyatı yaşamışam.
Şəmkirdə Lamiyəgildə bir gecə... -.FOTO,VİDEO(Reportaj)
- Bundan sonra da ev qızı kimi yaşamağı planlaşdırırsınız?

- Sadə bir həyata üstünlük verəcəyəm. Mən hazırda özümü çox xoşbəxt hiss edirəm. Övladım yanımda, insanlar hələ də gəlib gedirlər. Sabah ata yurdumuzda mənim şərəfimə qonaqlıq veriləcək. Orada böyük yığıncaq olacaq. Övladımla sabah atamın qəbrini ziyarət edəcəyəm. Təxminən bir ay burada qalacağam, sonra Bakıya köçəcəyəm. Ailəmi, işimi orada quracağam. Həyatıma Bakıda davam edəcəyəm.

- Həyatınızı dəyişən hadisəni qısa olaraq necə anladardınız?

- Aslan Aslanovun oğlunu öldürdüyümə görə həbsə düşmüşəm. Onu namus üstündə qətlə yetirmişəm.

- Vəkili demişdi ki, Vüqarın bu qətldə rolu çox az olub.

- Elə deyirsə, qoy elə olsun. Təki Vüqar azadlığa çıxsın.

- Ruslanla necə tanış olmuşdunuz?

- Onunla eyni məktəbdə oxumuşuq. Məndən yuxarı sinifdə idi. Elə tanış olmuşuq. Hamı da bilirdi ki, o məni istəyir. Buna görə anam bir ay məni məktəbə getməyə qoymurdu. Özü bütün günü ətrafımda gəzirdi. Anam onun anasına zəng edib demişdi ki, oğluna de qızımdan əl çəksin. Ruslan gəldi evimizə üstümüzə hücum etdi ki, anama niyə zəng etmisiz. Yəni, söz-söhbətlərimiz çox olub.

- Ünsiyyətiniz olubmu?

- Bəli, olub. Tez-tez evə zəng edirdi. Bir dəfə xalamoğlu gəlib telefonun naqillərini qırıb apardı. Əl çəkmirdi Ruslan, ünsiyyətimiz də belə olub. Axırda məni oturtdu maşına... Ondan sonra olanları istintaqa demişəm, belə açıqlamaq istəmirəm.

- Ruslanı istəmədən öldürdünüz, ya qisas aldınız?

- İstəmədən oldu. Mən uşaq idim. O, mənə toxunanda 13 yaşım vardı. Evdə hamıdan gizlətdim. Mənim nişanımdan sonra bildilər. Vüqar deyirdi ki, mən onu öldürüb sonra səni alacağam. Biz bir insan öldürmüşük. “Hesabat”da mən müsahibə vermişəm, amma Mirşahin olduğunu bilməmişəm. Sonradan bildim, onda Mirşahin özü gəldi. Rəhbərlik nə qədər israr etsə də, mən müsahibə vermədim. Dedim mən sifarişlər işləyən adama müsahibə vermirəm. “Hesabat”da həmin müsahibəmdə mən dedim ki, biz qarışqa öldürməmişik. O da bir ananın, atanın övladı idi. O səhv etmişdi, biz günah. Öldürməyə də bilərdik. Amma oldu da. Görün bir adam öldürmək bizə nələr yaşatdı. Bir çayniki divara vurmağıma görə 5 il 6 ay həbs verildi. Bu məsələ mediada işıqlandırılmasaydı, hələ də həbsdəydim. Bu uşağa görə Penitensiar Xidmət məndən gec-tez qisas alacaqdı. Mənim bu “srok”umun yekunu çatmamış yeni bir ittiham tapacaqdılar.Şəmkirdə Lamiyəgildə bir gecə... -.FOTO,VİDEO(Reportaj)

- Həbsdə çox əzab çəkdiyinizi demisiniz. Nə baş verirdi?

- Müəssisədə məhkum olub “pol” ağacı ilə nəzarətçinin başını yarıb, ona cinayət işi açılmayıb. Məhkum olub “termos”u götürüb başqa məhkumun başına çırpıb, üzü yanıb. Onlara cinayət işi açılmayıb, amma mən çayniki divara vurdum deyə 5 il 6 ay cəza verildi. Beş əməkdaşı üzümə durdular ki, məhkuma hədə-qorxu gəlmişəm. Onda qoca nənəm getdi Mehriban Əliyevanın qəbuluna düşdü. Ondan sonra məhkəməyə dedilər ki, işi ədalətli aparın. Onun sayəsində mən bəraət aldım. Məhkumlara edilən güzəştlər mənə edilməyib. Ayağımı biraz əyri qoyan kimi “karser”ə salınmışam. Mənə orada imkan verməyiblər ki, normal “srok”umu çəkəm. Hər gün mənə problem yaradıblar. Mənim vəziyyətimdə olan kişi özünü öldürərdi, mən yaşağama üstünlük verdim. Orada elə kişilər vardı ki, mənə deyirdi sənə vurulan zərbələr bizə olsaydı özümüzü öldürərdik, dözə bilməzdik. Həmin vaxt fikirləşdim ki, bəlkə mən ana olum?

Lamiyəgildə bir gecə...

- Xəyal olaraq bu yaxşı fikirdir. Bəs həbsxanada bunun reallaşacağına inanırdınızmı?

- Mümkünləşdirdim də. Eşitmişdim ki, orada görüşmək mümkündür. Fikirləşdim başqaları üçün mümkündürsə, mənim üçün də olar. Amma elə onunla da ana olacağıma inanmırdım.

- Elnurun hamilə qalmağınız barədə versiyasını insanlar ironiya ilə qarşıladı. Sizcə niyə sizə belə bir zərbə vurdu?

- O kimlərisə müdafiə etmək üçün belə açıqlama verdi. Bu gülməli nağıldır. Çalışırlar ki, onun sözündən istifadə etsinlər. Bəlkə özlərini vəziyyətdən belə çıxardarlar. Amma Elnurun dedikləri mümkünsüzdür. Elə olsaydı, heç kim ailə qurmazdı, bu yolla hamı ana, ata olardı. Bundan sonra hamı görəcək ki, Lamiyə düz deyirdi.

- O görüşdən sonra Elnurla ünsiyyətiniz olubmu?

- Hə. Anası ilə əlaqə saxlayırdım. Demişdim ki, hamiləyəm, bilirdilər. Amma onun ailəli olduğunu bilmirdim.

- Uşağın atası kimi ondan hər hansı gözləntiniz varmı?

- Yox. Mən ondan heç nə istəmirəm, nə aliment, nə atalıq. Uşağın doğum şəhadətnaməsində yəqin ki “Elnur oğlu” yazdıracağam.

- Vüqarın atası deyib ki, bundan öncə Ruslandan və müəssisə rəhbəri Müzəffərdən də hamilə olmusuz. Buna aydınlıq gətirərdiniz.

- Yalan söhbətdir. Mənim Müzəffərlə elə bir ünsiyyətim olmayıb. Mənim onla necə münasibətim ola bilərdi ki, müəssisədə cəzalarımın 90%-ni Müzəffər verib. Mənim onunla münasibətim olsaydı, güzəştlər edərdi. Mən Ruslandan da hamilə qalmamışam.

- Bir çox adam fikirləşir ki, Lamiyə 12 il ərzində necə də gözəl qalıb. Hətta silikon qoyub deyənlər də oldu.

- Mən həbsdən əvvəl də gözəl olmuşam, ikinci cinayət işi açılana kimi də gözəlliyimi qoruyub saxlamışam. Mən təravətimi əlavə cinayət işləri açılanda itirmişəm. Amma cəzaçəkmə müəssisəsində silikon necə qoya bilərəm?! Bu absurddur.

- Müsahibədən öncə dediniz uşağın adını dəyişib Uğur qoyacaqsınız. Niyə belə qərar verdiniz?

- Uşaq dünyaya gələndə anam istəyirdi ki, atamın adını qoyam. Amma dedim ki, türmədə dünyaya gətirdiyim uşağa atamın adını qoymayım. İnşallah, gələcəkdə övladım olar ona atamın adını qoyaram. Müəssisədə uşağa Mədət müəllimin adını qoydum. Çünki mənə Penitensiar Xidmətdən hər dəfə imkan tapan kimi bir cinayət işi açırdılar. Onlar mənə azadlığa çıxmağa imkan vermədilər. Fikirləşdim ki, azadlığa çıxmadan uşaq dünyaya gətirdim, qoy elə adı da olsun Mədət. Soyadım da Quliyevdi, olsun Mədət Quliyev. Müəssisədə bunu Mədət deyə çağırırdılar. İşçilər istəmirdi elə çağırmaq, dedim mən bu uşağın anasıyam, ad seçimində sərbəstəm. Amma bu “Mədət” məni o “Mədət”in əlindən xilas etdi. Bununla mənə uğur gətirdi. Bundan sonra adı olacaq Uğur.

- Dediniz ikinci oğlunuza Sahib adı qoyacaqsız. Deməli şəxsi həyatla bağlı bir plan var. Nə düşünürsünüz?

- Sözsüz ki, gəncəm, cavanam, ailəm də olacaq. Bir uşaqla qalmayacağam ki?! Övladlarım olacaq, öz işim olacaq. Həyat davam edir.

- Həbsdə olarkən nələrdən ötrü darıxırdın?

- Mənim 12 il həbsdə heç vaxt maddiyyat tərəfdən çətinliyim olmayıb. Düzdür, bir çox qohumlar məni itirib-axtarmayıb. Mənim cəzamı həm də anam çəkdi. Hamilə olanda ürəyim “semiçka”, saqqız istəyirdi. Müəssisə çirklənməsin deyə onlara qadağa qoyulmuşdu. Mən çöldə heç bir dəyəri olmayan saqqızın və “semiçka”nın həsrətini çəkmişəm. Səhər 6-da dururduq, qar yağan günləri yerimin içində oturub deyirdim “nolar, biraz da yatım”, uşaq idim də. Ürəyim istədiyi vaxt yata bilmirdim, yeyə bilmirdim. Bir şey ki, televizorda ürəyin istədiyi yerə baxa bilmirsən, hansı kanala çevirsələr ona baxmalısan. Aslan Aslanov vəzifədə olanda özümə nə ilə təsəlli verirdim? Avtoqəzaları göstərirdilər, görürdüm ki, cavan qız ölüb. Fikirləşirdim ki, bəlkə də mən çöldə olsaydım indiyə qəzada ölmüşdüm. Deməli ölməmişəm, qəbiristanlıqda olsamda, üstü açıq qəbiristanlıqdayam. Əsas odur yaşayıram.Şəmkirdə Lamiyəgildə bir gecə... -.FOTO,VİDEO(Reportaj)

Lamiyəgildə bir gecə...

- Həbsdə gününü necə keçirirdin?

- Çoxlu kitab, qəzet, jurnal oxuyurdum. Çingiz Abdullayev, Elxan Elatlıdan acığım gəlirdi. Qızlar deyirdi oxu, deyirdim detektiv xoşlamıram. Şücaətin, Nüsrət Kəsəmənlinin şeirlərini çox oxuyurdum. Kəsəmənlinin “20 il sonra” şeirini çox sevirdim.Şəmkirdə Lamiyəgildə bir gecə... -.FOTO,VİDEO(Reportaj)

Əgər sağ qalsaq,

20 il sonra rastlaşsaq.

Ya küçədə, ya bulvarda

Bizi görənlər güləcəklər.

Bir də qəzetlərdə çöllə bağlı xəbərlər çox maraqlı gəlirdi.

- Təhsillə bağlı nəsə planınız var?

- Hələ ki, elə bir fikrim yoxdur. Amma imkan olsa işimi qura-qura qiyabi təhsil alaram. Mən məktəbi yaxşı oxumuşam.

- Ən çox hansı fənləri sevirdiniz?

- Ana, ən çox hansı fənləri sevirdim?

Ulduz xanım Lamiyəyə məktəb illərini xatırlatdı: “İmkan verdilərmi ki oxuyasan?! Azərbaycan dili, riyaziyyat çox sevirdin. Hazırlığa gedirdin”.

- Hazırda əlaqəniz olmayan Vüqara, Elnura və Aslan Aslanova nə sözünüz var?

- Vüqara azadlıq arzulayıram. Sağ əlim onun başına. Mənim kimi həbsxanada ata olmasın, azadlıq qismət olsun.

Elnura da demək istəyirəm ki, adam kişi olar. Elə iyrənc söhbətlərə əl atmasın. Onun maddəsi saxtakarlıqdır, bu işi də maddəsi ilə tamamlamasın. Başa düşürəm, ailəsi, uşağı var. Amma ayıbdır, adam kişi olar.Şəmkirdə Lamiyəgildə bir gecə... -.FOTO,VİDEO(Reportaj)

Aslan müəllimə də demək istəyirəm ki... Nə deyim e?! Allah özü ona hər şeyi deyəcək.

Müsahibə saat 02:10-da başa çatdı. Lamiyə bizim üçün çay hazırladı, özünü artıq evə uyğunlaşdırmışdı. Uşağa aid paltarları yerləşdirdi. Artıq gec olduğu üçün onlarda qalmağımı təklif etdilər. Artıq yatacağımı yer də hazırlanmışdı. Lamiyə həmin yatağı göstərib “həbsdən əvvəl bu mənim “kravat”ım olub” dedi, güldü. Lamiyənin cümlələri sadə idi: ya “mən həbsdə olanda” ilə başlayırdı, ya da “həbsdən əvvəl” ifadəsi ilə. Bu vaxt üst otaqdan anası Ulduz xanım uşaq ağladığı üçün Lamiyəni çağırdı və sağollaşıb getdi. Səhər tezdən oyanıb yemək yeyəndə xalası oğlu Vüsal Lamiyənin həbs olunması zamanı xatırladıqlarını danışdı: “Ay qaqa, mən onda 7 yaşımda idim. Bir də gördüm Lamiyə ilə Vüqar hay-küylə gəldi. “Uje” öldürüb gəlmişdilər. Biraz keçdi, gecə bir də gördük darvazanı sındırırlar. Zorla girdilər içəri, yazıq qızı sürüyərək apardılar. Amma mən onda da inanırdım ki, bir gün o azadlığa çıxacaq”.Şəmkirdə Lamiyəgildə bir gecə... -.FOTO,VİDEO(Reportaj)



Yeməyi bitirdik, artıq yola düşmək lazım idi. Ulduz xanımla, Lamiyə ilə, Uğurla sağollaşdıq. Sonda Lamiyədən 12 il sonra ilk dəfə evdə yatmağın necə bir hiss olduğunu soruşduq: “Elə rahat yatmışam ki... İnana bilmirdim ki, evdəyəm. Saat 5-ə işləmiş yatmışam. İfadə edə bilmirəm. Səhər oyananda elə bildim gözlərim “potolok”a sataşacaq...”Şəmkirdə Lamiyəgildə bir gecə... -.FOTO,VİDEO(Reportaj)

Səhər yenicə açılsa da, mən yorğun idim. Çiynimdə bir aydan artıq müddətdə az qala hər gün manşetə daşıdığım “yük”ün ağrısı hiss olunurdu... Ancaq mən bu duyğudan zövq alırdım. Qalib bir əsgər kimi...
BOLGEXEBER.COM