BolgeXeber.Com » BÖLGƏ TV » Prezident İlham Əliyevin açılış öncəsi rəsmi çıxışı... - VİDEO

Prezident İlham Əliyevin açılış öncəsi rəsmi çıxışı... - VİDEO

12-06-2015, 19:41
Oxunub: 2 967 Prezident İlham Əliyevin açılış öncəsi rəsmi çıxışı... - VİDEOBu gün Heydər Əliyev Mərkəzində “Bakı-2015” birinci Avropa Oyunlarının rəsmi açılış mərasimi iştirakçılarının şərəfinə Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi qəbul təşkil olunub

Prezident İlham Əliyev və “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə gələn dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi və idman xadimləri ilə görüşüblər.

Trend-ın verdiyi məlumata görə, rəsmi qəbulda birinci Avropa Oyunlarına dair qısa videoçarx nümayiş etdirilib.

Prezident İlham Əliyev rəsmi qəbulda çıxış edərək qonaqları salamlayıb:

“Xaricdən gələn bütün qonaqlara “Azərbaycana xoş gəlmisiniz” deyirəm. Bir neçə saatdan sonra Bakıda birinci Avropa Oyunları başlayır. Bu hadisə münasibətilə ilk növbədə bütün Azərbaycan xalqını, bütün Avropa xalqlarını təbrik edirəm. Əminəm ki, bu idman yarışı dostluq, mehribanlıq bayramına çevriləcəkdir".

Prezidentin sözlərinə görə, Oyunların hazırlanmasında könüllülər böyük rol oynayıblar:

“İyirmi minə yaxın yerli və xarici könüllü bu Oyunların keçirilməsi üçün bu illər ərzində çox fəal işləyiblər. Mən onların rolunu xüsusilə qeyd etmək istəyirəm. Onların mütləq əksəriyyəti gənclərdir. Onlar bizim gələcəyimizdir. Əlbəttə, bu əvəzolunmaz təcrübə gələcək həyatda onlar üçün müsbət rol oynayacaq”.

Dövlət başçısı bu oyunların Bakıda keçirilməyinin təsadüfi olmadığını vurğulayıb:

“Hesab edirəm ki, burada idmançılarımızın uğurları ilə yanaşı, digər amillər də öz rolunu oynamışdır. Azərbaycanda çox inkişaf etmiş idman infrastrukturu yaradılmışdır. Bizim bölgələrimizdə 50-yə yaxın olimpiya idman mərkəzi yaradılmışdır. Bakıda isə bütün idman qurğuları, idman obyektləri ən yüksək standartlara cavab verir. Oyunların iştirakçıları və qonaqlar özləri bunu təsdiq edəcəklər".

Prezident şəhər infrastrukturunun Oyunlara hazırlıq zamanı inkişaf etdirildiyini qeyd edib:

“Nəqliyyat sistemimizin, xidmət sektorunun təkmilləşdirilməsi, yeni otellərin açılışı əlbəttə ki, gələcəkdə Azərbaycana gələn turistlərin sayını böyük dərəcədə artıracaq. Eyni zamanda, Avropadan gələn minlərlə qonaq Azərbaycanı yaxından tanıyacaq. Əminəm ki, onların bir çoxu gələcəkdə Azərbaycana qayıtmaq istəyəcəklər”.

Prezident İlham Əliyev Azərbaycanın hazırki siyasi vəziyyətindən də danışıb:

“Ölkənin uğurlu dayanıqlı inkişafı təmin edilir. İqtisadi inkişafımız da xalqımızı sevindirir. Bu il iqtisadiyyat 5 faizdən çox artmışdır. Son 10 il ərzində isə dünya miqyasında Azərbaycan iqtisadiyyatı ən sürətli templərlə inkişaf etmişdir və 3 dəfədən çox artmışdır. Bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, biz bu Oyunları yüksək səviyyədə keçirək. Biz buna çalışmışıq və əminəm ki, qonaqlar Oyunları böyük maraqla izləyəcəklər.

Bir önəmli amili də qeyd etmək istəyirəm. Bu da Oyunlara ictimaiyyət tərəfindən verilən dəstəkdir. Azərbaycan xalqı birinci Avropa Oyunlarının Bakıda keçirilməsini ürəkdən alqışlayır. Bu, son iki il ərzində bir növ ümumxalq məsələsinə çevrilmişdir. Oyunların məşəlini bütün bölgələrdə, o cümlədən Bakıda qarşılamaq üçün iki milyona yaxın insan küçələrə, meydanlara çıxmışdır ki, məşəli salamlasın və Oyunlara öz güclü ictimai dəstəyini versin.

Oyunlar bu gün başlayır. Bu günlər ərzində - iyunun 28-dək idmançılar öz güclərini göstərəcəklər. Oyunlardan sonra əlbəttə ki, həyat davam edəcək. Azərbaycan digər böyük mötəbər idman yarışlarına ev sahibliyi edəcəkdir. 2016-cı ildə Bakıda Ümumdünya Şahmat Olimpiadası keçiriləcəkdir. Eyni zamanda, 2016-cı ildə “Formula-1” yarışı Bakıda keçiriləcəkdir. 2017-ci ildə İslam Həmrəylik Oyunları Azərbaycanda, Bakıda keçiriləcəkdir.

2020-ci ildə isə futbol üzrə Avropa çempionatının qrup mərhələsi və dörddəbir final yarışları Bakıda keçiriləcəkdir. Yəni, Azərbaycan artıq idmanın inkişafı istiqamətində öz rolunu dünyaya göstərib. Əminəm ki, Bakıya gələn və gələcək yarışlarda iştirak edəcək idmançılar, qonaqlar ölkəmizdən ən xoş təəssüratlarla ayrılacaqlar.

Oyunlar başlayır. Bütün komandalar hazırdır. Azərbaycan xalqı Oyunların başlamasını səbirsizliklə gözləyir. Bizim üçün bu tarixi bir gündə bütün idmançılara, bütün qonaqlara bir daha “Xoş gəlmisiniz” deyirəm, idmançılara uğurlar arzulayıram. Qoy güclü qalib gəlsin. Sağ olun”.