BolgeXeber.Com » BÖLGƏ TV » Sumqayıt yolunda sürücülərə elə tələ qurublar ki … - VİDEO - FOTO

Sumqayıt yolunda sürücülərə elə tələ qurublar ki … - VİDEO - FOTO

5-08-2015, 11:57
Oxunub: 3 536 Sumqayıt yolunda sürücülərə elə tələ qurublar ki … - VİDEO - FOTODüz xəttin tələbini pozmağa məcbur qalan sürücülər kameranın qarşısında qayda pozmalı olurlar

Təxminən 15-20 gün olar ki, Bakı-Sumqayıt yolunun Bakıya gələn istiqamətində yol hərəkətinin təşkilində maraqlı bir yenilik edilib. Yolun Biləcəri qəsəbəsi yaxınlığında altından dəmiryolu xətti keçən körpüdən yeni avtovağzaladək olan sahəsi 1.1 bütöv ağ nişanlanma xətti ilə iki yerə bölünüb.

Bolgexeber.com-un avtosfer.az saytına istinadla verdiyi məlumata görə, uzunluğu təxminən 1300 metr olan həmin yol sahəsində bir neçə ay əvvəl başa çatmış genişləndirmə işlərindən sonra eyni istiqamətli hərəkət üçün altı zolaq yaradılıb. Bu zolaqlardan üçü Sulutəpə-Xocəsən istiqamətindən gələn yolun davamı olaraq yeni avtovağzala dönən yerə qədər çatdırılıb. Əvvəlki Bakı-Sumqayıt yolunda da üç hərəkət zolağı qalır. Yeni sxemə əsasən, Bakı-Sumqayıt yolunun əvvəlki üç zolağı ilə yeni yaradılan və Sulutəpə-Xocəsən istiqamətindən gələn yolun davamı olan üç zolaq arasına 1.1 bütöv ağ xətti çəkilib. Uzunluğu təxminən 1300 metr olan bu bütöv ağ xətt yalnız Sulutəpə-Xocəsən istiqamətindən gələn yolun birləşdiyi yerin yaxınlığında əvvəlcə sola yerdəyişmə etmək üçün 30-40 metrlik, az sonra isə sağa yerdəyişməyə imkan verən 30-40 metrlik hissədə 1.11 xətti (biri bütöv, digəri qırıq-qırıq olan qoşa xətt) ilə əvəzlənib. Bu o deməkdir ki, Sulutəpə-Xocəsən istiqamətindən gələnlər yalnız həmin yerdə bircə dəfə sola yerdəyişmə edərək düzünə "Şamaxinka"yadək gələ bilərlər. Həmin yeri buraxanlar avtovağzala dönməyə məcburdurlar. Sumqayıt tərəfdən gələnlər isə avtovağzala dönmək üçün yalnız bircə yerdə sağa yerdəyişmə edə bilərlər. Hərəkətin belə təşkili marağımıza səbəb oldu və həmin yol sahəsində müşahidə apardıq. Məlum oldu ki, sürücülər bu yol sahəsində 1.1 nişanlanma xəttinin tələbini kütləvi şəkildə pozurlar. Kim haradan gəldi həmin xətti kəsərək sağa və ya sola yerdəyişmə edir. Avtovağzal döngəsinin yaxınlığında isə vəziyyət xüsusən biabırçıdır. Orada, ümumiyyətlə 1.1 xəttinə və sona yaxın yaradılmış təhlükəsizlik adacığına məhəl qoyan yoxdur.

Həmin yoldakı bu yeniliyi şərh etmək üçün yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynova müraciət etdik. O, bildirdi ki, oradakı yol genişləndirilməsindən sonra Bakı-Sumqayıt yolunun həmin hissəsində hərəkətin təşkili ilə bağlı problem yaranıb: "Təxminən 1300 metrə yaxın məsafədə yol altı zolaqlıdır, özü də Sumqayıt istiqamətindən və Sulutəpə-Xocəsən istiqamətindən gələn yollar orada birləşir. Həmin genişləndirilmiş sahədə 6, bəzən hətta 8 zolaqla hərəkət edən sürücülər avtovağzala dönən yerin yaxınlığında tıxac yaradırlar. Çünki orada nəqliyyat vasitələrinin çox az qismi avtovağzal tərəfə dönür. Əksər sürücülər "Şamaxinka" - "20 Yanvar" istiqamətində hərəkət edirlər. Altı zolağın birdən-birə üç zolağa keçdiyi yerdə isə labüd tıxac yaranır. Avtovağzala dönən yerdə qanunvericiliyi kobud şəkildə pozaraq çoxdan yaradılmış süni təpəcik vəziyyəti bir az da drmatikləşdirir. Çünki həmin təpə hətta qismən yolun ən sağdakı zolağını zəbt edib. Ümumiyyətlə, yolun daraldığı belə yerlərdə sağdan yola girmək istəyən sürücülər bütün zolaqlardakı hərəkəti iflic edirlər, nəticədə ümumən yolda tıxac yaranır".

Onun fikrincə, həmin yerdə bütöv ağ xəttin çəkilməsi dediyimiz problemin aradan qaldırılmasına yönəlib. Lakin bu, orada normal hərəkətin təşkili üçün uğursuzdur: "Çünki birincisi, həmin sahədə 1.1 xətti düzgün tətbiq edilməyib. Mövcud qanunvericilikdə eyni istiqamətli üç hərəkət zolağını eyni istiqamətli digər üç hərəkət zolağından ayırmaq üçün 1.1 xəttinin tətbiqi nəzərdə tutulmur. Bu xətt eyni istiqamətli zolaqları ayırmaq üçün tətbiq edilə bilər, lakin yolun təhlükəli sahələrində, özü də eyni istiqamətli bütün zolaqlar arasında. İkinci problem isə ondan ibarətdir ki, Azərbaycan sürücüləri belə virtual tənzimləmə vasitələrini tanımırlar. Bunu çox təəssüflə qeyd edərək hər gün orada gördüyüm mənzərə ilə təsdiq edə bilərəm. Çox təəssüf ki, bizim sürücüləri hələ ki, belə kütləvi qayda pozuntularından çəkindirmək üçün yeganə vasitə çəpərdir".

Ərşad Hüseynov hesab edir ki, həmin yol sahəsindəki sürəkli tıxacı aradan qaldırmaq və kütləvi qayda pozuntularını istisna etmək üçün oradakı altı zolağı iki hissəyə bölmək lazımdır: "Hər şeydən əvvəl məlumatverici-göstərici nişanlar tətbiq etməklə sürücülərə hərəkət sxemi elə izah edilməlidir ki, heç kəs öz istiqamətini dəyişmək istəyərkən səhvə yol verməsin. Xüsusən də avtovağzalın yanından dönərək Bakı Dairəvi Yoluna və oradan Lökbatan istiqamətinə hərəkət sxemi daha aydın şəkildə göstərilməlidir. Hazırda çox az sayda diqqətli sürücülər bilirlər ki, Bakı Dairəvi Yoluna çıxmaq üçün "Şamaxinka"ya qədər gəlmək lazım deyil. Bu yola avtovağzalın yanından da dönmək olur. Göstərilən yerdə 3 zolaq düz şəhərə, 3 zolaq isə avtovağzala dönmə istiqamətinə olmaqla onların arasına ayırıcı zolaq yaratmaq lazımdır. Bu ayırıcı zolaqda yalnız körpüdən bir qədər sonra sola yerdəyişməyə imkan verən, avtovağzal döngəsinə 200-300 metr qalmış isə sağa yerdəyişməyə imkan verən kəsik yaradılmalıdır. Özü də bu kəsiklər elə yaradılmalıdır ki, sola yerdəyişmə etmək üçün olan yerdən sağa, sağa yerdəyişmə etmək üçün olan yerdən isə sola yerdəyişmə etmək mümkün olmasın. Bunun üçün ən yaxşı variant yerdəyişmə olan yerdən sonra cəmi bir zolaq enində və təxminən 150-200 metrlik məsafədə sürətlənmə zolağı yaradılmalıdır. Bundan sonra avtovağzal döngəsindəki süni təpəcik oradan yığışdırılmalı, "Şamaxinka" istiqamətində tam üç zolaqlı hərəkət hissəsi bərpa olunmalıdır.
Hesab edirəm ki, belə edilsə, göstərdiyimiz yol sahəsində tıxac problemi əhəmiyyətli dərəcədə həll olunar, həm də sürücülərin kütləvi şəkildə qayda pozuntusu törətməsinin qarşısı alınar".

Ərşad Hüseynov sürücülərin diqqətinə çatdırır ki, göstərdiyimiz yol sahəsində mövcud olan 1.1 nişanlanama xəttinin tələbini pozmağa görə İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə 40 manat cərimə nəzərdə tutulur.

Nəzərə alın ki, həmin yol sahəsinə başdan axıra qədər kameralarla nəzarət edilir. Yəni o xətti gün ərzində 50 min sürücü də tapdalasa, hamısı barəsində elektron protokolun təbiqi mümkündür. Ona görə də diqqətli olmaq lazımdır. Vaxtında gedəcəyiniz hərəkət marşrutuna uyğun mövqe seçmək lazımdır ki, hərəkət qaydalarını, o cümlədən 1.1 xəttinin tələbini pozası olmayasınız.

Sumqayıt yolunda sürücülərə elə tələ qurublar ki … - VİDEO - FOTO
Sumqayıt yolunda sürücülərə elə tələ qurublar ki … - VİDEO - FOTO
Sumqayıt yolunda sürücülərə elə tələ qurublar ki … - VİDEO - FOTO
Sumqayıt yolunda sürücülərə elə tələ qurublar ki … - VİDEO - FOTO