BolgeXeber.Com » BÖLGƏ TV » Aslan İsmayılov: “Xəzərin bütün sahilləri məmurlar tərəfindən tutulub” - Video

Aslan İsmayılov: “Xəzərin bütün sahilləri məmurlar tərəfindən tutulub” - Video

7-08-2015, 09:45
Oxunub: 2 823 Aslan İsmayılov: “Xəzərin bütün sahilləri məmurlar tərəfindən tutulub” - VideoBakı çimərliklərini bizə kim haram edir?Bakı çimərliklərini bizə kim haram edir?

Tanınmış hüquqşünas Aslan İsmayılov müsahibə verib. O, müsahibəsində Xəzər dənizinin sahilinin oliqarxlar və məmurlar tərəfindən qanunsuz çəpərlənməsi, cavabdeh qurumların qanunvericiliyin tələblərini bərpa etməməsinin səbəbləri və vəziyyətdən çıxış yolları barədə danışıb.

Bu gün əhalinin kasıb təbəqəsinin gedə biləcək pulsuz çimərlik yeri qalmadığını bildirən A.İsmayılov deyib: “Hələ keçən il bu vaxtları hamımızın hörmət etdiyimiz Zeynəb Xanlarova Milli Məclisdə çıxış etdi. Amma çox təəssüf edirəm ki, Qalib Salamzadə, Elmira Axundova kimi millət vəkilləri xalqın, millətin mənafeyini yox, məmurların mənafeyini qorudu və Zeynəb xanıma dəstək vermədilər...”.

“Mənim yanıma Pirşağı qəsəbəsindən bu məsələ ilə bağlı bir nəfər gəlmişdi. Onun dediklərindən və mənim də müşahidə etdiklərimdən bir şey gördüm. Bu dəqiqə dəniz kənarını o qədər bağlayıblar ki, haradasa 20-30 metrlik bir cığır qoyublar. İnsanlar oraya dənizdə çimmək üçün yox, sadəcə sahildə ayaq üstə durmaq üçün gedirlər”-deyən A. İsmayılov xatırladıb ki, rəhmətlik Heydər Əliyev bu məsələnin ciddiliyini bildiyindən, hələ 2003-cü ildə 13 yanvar tarixli sərəncam imzalayıb: “Sərəncamın preambulasında yazılıb: “Əhalinin çoxsaylı şikayətlərini nəzərə alaraq, Xəzər dənizinin xalqa məxsus olduğunu əsas götürərək qərara alıram: Xəzər dənizinin 130 metrlik sahil sahəsində tikilmiş fiziki, ya hüquqi şəxslərə qanunsuz olaraq verilmiş sahələr ya inzibati, ya məhkəmə qaydasında alınsın və insanların dəniz çimərliklərinə sərbəst giriş-çıxışı təmin edilsin”. Amma...

2008-ci ildə yeni bir sərəncam oldu, həmin sərəncama düzəliş etdilər. 130 metrlik sahəni endirdilər 20-50 metrə. Amma bununla belə həmin sərəncamda yenə qeyd olundu ki, əhalinin dənizə girmə hüququnu məhdudlaşdırmaq olmaz. Bundan başqa, bu gün qüvvədə olan İnzibati Xətalar Məcəlləsində də dəniz kənarının hasarlanması qadağandır. Bunun qarşısını niyə almırlar? “.

A.İsmayılovun fikrincə, bunun günahkarı 7-8 məmurdan ibarət qruplaşmadır. Hüquqşünas vurğulayıb ki, Şıxovdan o tərəfə olan sahədə yerli sakinlər çoxlu müvəqqəti yerlər tutmuşdular: “Balıq üçün, başqa məqsədlər üçün istifadə edirdilər, bəzi sahələri hətta icarəyə götürmüşdülər. Sonra həmin qrup- oliqarxlar o əraziləri onların əlindən aldı, hər birinin. Tək ora deyil... Bütün bunlar sosial şəbəkədə yaydığım videoda var...”.

Həmin videoya yüz mindən çox adamın baxdığını bildirən A.İsmayılov deyib ki,oliqarxların, məmurların bu hərəkətlərinin kökündə dayanan bir şeydir: “Acgözlük, acgözlük və yenə acgözlük”.

Hüquqşünas qeyd edib ki, onun yaydığı videoda hələ fiziki şəxslərin bağları da var: “Orada deputatlar var, nazirlər var, Prezident Aparatının işçiləri var, konsern rəhbərləri var. Hansı ki, 10 hektar sahəni hasarlayıblar... Niyə belə olmalıdır, niyə? Axı xalqa məxsus olan Xəzər, qanunvericilikdə də təsbit olunub...

Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi insanlara azadlıq hüququ verir. Yəni, mən ölkə ərazisində azad hərəkət edə bilərəm. Amma, dəniz sahəsində bu yoxdur. Burada məhdudlaşır. İkinci, yenə konstitusiyanın 37-ci maddəsi – insanların istirahət etmək hüququ var. Bütün dünyada insanlar harada istirahət edir? Gölün, çayın, dənizin qırağında. Bizim bu hüquqmuzu da əlimizdən alıblar”. “Amerikanın Səsi”

Bolgexeber.com