BolgeXeber.Com » BÖLGƏ TV » “Azəravtoyol”un yol əhvalatı - VİDEO

“Azəravtoyol”un yol əhvalatı - VİDEO

8-06-2016, 10:20
Oxunub: 3 520  “Azəravtoyol”un yol əhvalatı - VİDEO Ramana-Maştağa avtomobil yolunda aprel ayının əvvəlindən təmir-tikinti işləri aparılır

3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisindən sonra 85,6 min əhalinin gediş-gəlişinin asanlaşması və avtonəqliyyat vasitələrinin Heydər Əliyev prospekti, Zabrat - Maştağa avtomobil yoluna rahat çıxışı təmin olunması nəzərdə tutulub.
6 metrlik yol 11 metrə qədər genələcəkmiş...
Təmir işlərilə bağlı aprelin 5-də “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti mətbuata məlumat da açqılamışdı. Məlumatda bildirilirdi ki, uzun müddətdir asfalt-beton örtüyü yararsız vəziyyətdə olan yolun ümumi uzunluğu 9,1 kilometrdir: “Yolun hərəkət hissəsinin eni 6 m-dir. Tikinti işləri çərçivəsində yolun eni 9 metrə qədər genişləndiriləcək. Bundan başqa, yolboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılaracaq və kənara daşınacaq. Əvəzində 11 metr enində yeni yol tikiləcək.
“Azəravtoyol” keyfiyyət vəd edir
Tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşılaraq ərazidən daşınacaq. Bunun əvəzinə isə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə sözügedən avtomobil yolunun 85 min m2 sahəsinə 2 qat olmaqla müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü döşənəcək.
Ramana-Maştağa avtomobil yolunun kənarlarına 20 min p/m yeni səki daşlarının düzülməsi, həmçinin zəruri olan yerlərdə piyada səkilərinin tikintisi işləri də aparılacaq. Bu işlərə paralel olaraq yol boyu kommunikasiya xətlərinin köçürülməsi, həmçinin köhnə xətlərin yenilərilə əvəzlənməsi işləri də görüləcək. Yolda işıqlandırma sisteminin də qurulması nəzərdə tutulub.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq”, - deyə məlumatda qeyd edilib.
Sakinlər isə keyfiyyətsizlikdən və yol təhlküəsindən gileylidir
Redaksiyaya daxil olan məlumata görə, yolun təmir-tikinti işləri heç də bu informasiyada göstərildiyi kimi aparılmır. Yolun elə hissələri var ki, eni genişləndirilmədən saxlanıb, sadəcə, üzəri asfaltlanıb, özü də informasiyada qeyd edildiyi kimi 2 qat və keyfiyyətli asfaltla yox.
Bundan başqa yolun bir hissəsinin Ramana qəsəbəsində salınan Şuşa şəhərciyinin içindən keçməsi nəzərdə tutulub. Şəhəricikdə 3 məktəb yerləşir və valideynlər ciddi narahatlıq keçirirlər.
Həmçinin yerli əhalini qane etməyəcək dərəcədə aparılan yol təmir-tikintsi işlərinə külli miqdarda vəsait ayrıldığı bildirilir.
Qeyd edək ki, yol inşası Prezident sərəncami ilə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində reallaşır.
Ramana-Maştağa avtomobil yolunun təmir-tikinti işlərinə nə qədər vəsait ayrılıb və bu vəsait hansı təyinatlar üzrə xərclənib? Sualla “Azəravtoyol” ASC-yə müraciət etdik. Eyni zamanda yuxarıda sadalanan, əhalini narahat edən bu kimi məsələlərə aydınlıq gətirilməsini istədik.
ASC-nin cavabı: Narahatlığa əsas yoxdur...
Dövlət Proqramı çərçivəsində salınan Ramana-Maştağa yolunun yol xəritəsinin surətini və layihəyə ayrılan smeta-dəyəri haqda redaksiyamıza məlumat verilməsini istədik.
“Azəravtoyol” ASC-dən verilən cavabda bildirilir ki, hazırda Ramana-Maştağa yolunun tikintisi davam edir və müəyyən hissələrdə genişləndirmə işləri aparılıb və aparılacaq: “Bununla yerində tanış ola bilərsiniz”.
Yolun Şuşa şəhərciyindən keçməsilə bağlı isə belə yazılıb: “Bəli, yol Şuşa şəhərciyindən keçir. Burda insanları qane etməyən nədir? Yəqin ki sürətə görə narahat olurlar. Narahatlığa əsas yoxdur. Çünki həmin yol da digər küçələr kimi qəsəbənin içindən keçdiyi üçün orda sürət həddi 60 km/s olacaq və lazımi yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi, yol göstərici və piyada zolaqları çəkiləcək”.
Prezidentin ayırdığı 2,5 milyon manat…
“Yola nə qədər vəsait ayrılıb” sorğumuza isə bildirildi ki, bunu Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamdan bilmək mümkündür. Sərəncamda qeyd edilir ki, Ramana-Maştağa avtomobil yolunun tikintisi məqsədilə 2016-cı il dövlət büdcəsindən “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılsın.
Maliyyələşmə və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə həvalə olunub.
... hara və necə xərclənib, bilinmir. Bu necə obyektivlikdir?
ASC-dən yol xəritəsinin surətinin verilməsi və ayrılan vəsaitin hansı təyinat üzrə xərclənməsilə bağlı məsələlərə isə heç bir mövqe bildirliməyib. Amma hər halda, mətbuat orqanı olaraq bizim ictimaiyyətlə rəsmi qurumlar arasında ötürücülük və tərəfləri məlumatlandırma səlahiyyətimiz var. Bu baxımdan ictimaiyyət rəsmi qurumların fəaliyyətinin şəffaf, yaxud qeyri-şəffaf olması ilə maraqlanmağa haqlıdır. Məlumatların məhdud verilməsi isə ASC-nin fəaliyyəti barədə subyektiv amillərin rol oynaması barədə şübhələrə əsas verir.
Yolun video-görüntüsü çox şey deyir...
“Azəravtoyol” ASC-nin tövsiyəsinə uyğun Ramana-Maştağa avtomobil yolunda görülən işlərlə yerindəcə tanış olmaq imkanımız olmadı. Amma dünən redaksiyaya həmin yolda aparılan işlərlə bağlı təqdim edilən video-material çox şeylər deyir.
Videomaterialdan da görünür ki, yol heç də 11 metrə qədər genişləndirilməyib. Bəzi yerlərdə yollar dardır, hətta ikiyollu hesab edilən dar hissələrdə qəza təhlükəsi ehtimalı da var. Bəzi hissələrdə yol müəyyən qədər genişləndirlib, amma elektrik dirəkləri hələ də avtomobillərin hərəkət hissəsində qalıb ki, bu da qəza təhlükəsindən xəbər verir.
Sakinlər bildirir ki, dövlətin balansında olan yol sahəsinin 6 metrdən 9, 11 metrə qədər genişləndirilməsi mümkün deyil. Çünki elə şəxslər var ki, vaxtilə yolun eni hesabına öz həyətyanı sahəsini genişləndirib, iaşə obyektləri salıb. Sakinlərin sözlərinə görə, yolun enini zəbt edən həmin şəxslərdən alınan rüşvət hesabına çəkilən hasarlar sökülüb dövlətin balansına qaytarılmayıb.
Təqdim edilən videogörüntülər də deyilənləri bilavasitə təsdiqləyir.