BolgeXeber.Com » BÖLGƏ TV » Şairin qurduğu yaşıllığı başçı məhv etdirir? - VİDEO

Şairin qurduğu yaşıllığı başçı məhv etdirir? - VİDEO

6-10-2016, 15:45
Oxunub: 3 737 Şairin qurduğu yaşıllığı başçı məhv etdirir? - VİDEOAzərbaycan Yazıçılar Birliyi “Cənubi Azərbaycan” şöbəsinin rəhbəri, tanınmış şair Sayman Aruzun yaşadığı ünvanda saldığı yaşıllıq yerli icra nümayəndəsinin hədəfinə tuş gəlib

Bu barədə Axar.az-a məlumat verən tanınmış ziyalı Bilgəh qəsəbəsi 20-ci Qurultay küçəsində yerləşən evi qarşısında öz hesabına saldığı torpaq bəndin söküləcəyi barədə xəbərdarlıq aldığını deyib:

“Yağış yağanda bizim küçədə gölməçə yaranır. Bütün küçənin, xüsusilə də yaxınlıqda yerləşən qocalar evinin kanalizasiya suları axaraq bizim həyət darvazasının qabağına yığılır. Mən də bunun qarşısını almaq üçün öz hesabıma həmin əraziyə torpaq tökdüm. Sonra ağac əkdim, yaşıllıq saldım. Həm ərazi yaxşı görünür, həm də sadaladığım problemlər aradan qalxdı.

Lakin Sabunçu İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbə üzrə nümayəndəsi Sadiq İbrahimov əraziyə gələrək salınan torpaq bəndin söküləcəyini dedi. Səbəbini soruşduqda isə guya icra başçısı Adil Vəliyevin bununla bağlı göstəriş verdiyini dedi.

O, gördüyüm işi qeyri-qanuni adlandırır. Halbuki küçələrin, yolların ətrafında olan evlərin hasarları önündə yaşıllıq salmaq artıq Azərbaycanda ənənəyə çevrilib və bu işi dövlətimizin özü görür. İcra nümayəndəsi, bələdiyyə küçəyə bir zibil qabı belə qoymayıb, kanalizasiya sistemi isə ümumiyyətlə yoxdur. Ancaq adi bir vətəndaş yaşıllıq salanda bunu qeyri-qanuni adlandırır”.

Tanınmış şairin sözlərinə görə, əraziyə canlı qüvvə və texnika yeridilib, məhəllədə olan-qalan yaşıllığın məhv ediləcəyi deyilib:

“Məhəllədə bircə ev var, o da mənim evimdir. Öz hesabıma küçəni yaşıllaşdırıram, buna da imkan vermirlər.

Hazırda Qocalar Evinin bütün kanalizasiyası bizim küçəyə axır, küçəni iy bürüyüb, antisanitariya hökm sürür. Bilmirəm hansı məqsədlə bunu edirlər”.

Məsələ ilə bağlı başçının qəsəbənin üzrə nümayəndəsi Sadiq İbrahimovla əlaqə saxladıq. S.İbrahimov tapşırığın icra hakimiyyəti tərəfindən verildiyini və torpaq bəndin söküləcəyini dedi:

“Vətəndaşın ərazidə abadlıq işləri aparması qeyri-qanunidir. Həmin ərazidə aparılan işlər yolun daralmasına, gediş-gəlişə mane olur. Bundan başqa, ərazidə Qocalar Evi yerləşir. Mənə verilən tapşırıq odur ki, həmin torpaq bənd sökülsün”.

Şairin qurduğu yaşıllığı başçı məhv etdirir? - VİDEO
Şairin qurduğu yaşıllığı başçı məhv etdirir? - VİDEO
Şairin qurduğu yaşıllığı başçı məhv etdirir? - VİDEO